Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasndan danrlar EKSKLUZV
Grcstan Azərbaycanllar Konqresinin sədri Əli Babayev ilə msahibə EKSKLUZV
Yeniyetmə istedadlarn milli musiqi sevgisi EKSKLUZV
Bizdə əhali ancaq sekilərdə yada dr EKSKLUZV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə Hesabat

GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLILARIN MÖVCUD VƏZİYYƏTİ

Bu hesabat Azərbaycanda fəaliyyət göstərən Miqrantlara Hüquqi Yardım Mərkəzi və Gürcüstanın "Qafqaz" Qeyri-Hökumət Təşkilatı tərəfindən hazırlanıb
GİRİŞ
MÖVCUD VƏZİYYƏT
1. GÜRCÜSTANDA AZƏRBAYCANLILARIN YAŞADIQLARI ƏRAZİLƏR
2. TƏHSİL İLƏ BAĞLI VƏZİYYƏT
3. TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ
4. DİL İLƏ BAĞLI VƏZİYYƏT
5. TORPAQ PROBLEMİ
6. ZORAKILIĞA MƏRUZ QALMA HALLARI
7. SƏHİYYƏ SAHƏSİNDƏ VƏZİYYƏT
8. GÜRCÜSTAN HÖKUMƏTİ ÜÇÜN TÖVSİYƏLƏR
9. AZƏRBAYCAN HÖKUMƏTİ ÜÇÜN TÖVSİYƏLƏR
10. QHT-LƏR ÜÇÜN TÖVSİYƏLƏR
 

GİRİŞ

İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin məqsədi hüquq bərabərliyi şəraitində insan şəxsiyyətinin tam və azad inkişaf etdirilməsindən ibarətdir. Müstəqilliyini yenicə əldə etmiş dövlətlər, milli azlıqlara mənsub olan şəxslərin hüquqları da daxil olmaqla, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində beynəlxalq konvensiyalara qoşulmaqla bir sıra öhdəliklər götürmüşlər.

Vətəndaş cəmiyyəti dinamik və milli azlıqları birləşdirmək iqtidarında olmalıdır. Çünki milli azlıqların hüquqi vəziyyəti ilə bağlı olan hüquq normaları insan və vətəndaş hüquq və azadlıqlarının ayrılmaz hissəsidir.

Araşdırmanının aparılmasına səbəb Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın 1988-ci ildən başlayaraq öz tarixi vətənlərini kütləvi sürətdə məcburi tərk etmələridir.

iqrantlara Hüquqi Yardım Mərkəzi və "Qafqaz" QHT ilə birlikdə hazırladığı bu hesabatın məqsədi Gürcüstan Respublikasında yaşayan və milli azlıqlara mənsub olan azərbaycanlıların hüquqlarının dövlət səviyyəsində müdafiəsinin həyata keçirilməsinə kömək məqsədi ilə bir daha real vəziyyəti öyrənmək, Gürcüstan və Azərbaycan hökumətlərinə və QHT-lərə tövsiyələr hazırlamaqdan ibarətdir.

Layihənin hazırlanmasında Gürcüstanda yaşayan milli azlıqların vəziyyətinin araşdırılmasına həsr olunmuş hesabatlardan, ayrı-ayrı dövlət orqanlarının yaydıqları rəsmi statistik göstəricilərdən, Gürcüstanda fəaliyyət göstərən QHT-lərdən əldə olunmuş məlumatlardan, müstəqil ekspertlərlə keçirilmiş görüşlərdən, KİV-də yayılmış məlumatlardan və Gürcüstanda apardığımız monitorinqlərin nəticələrindən istifadə olunmuşdur. Vəziyyətin reallığını öyrənmək məqsədilə ekspertlərin, politoloqların, hüquqşünasların və milli azlıqların iştirakı ilə iki dəfə dəyirmi masa təşkil edilmiş, Gürcüstan Respublikasının vətəndaşı olan 150 nəfər azərbaycanlı və bəzi zərərçəkmişlər ilə görüş keçirilmişdir.

yuxarı qayıt

 

MÖVCUD VƏZİYYƏT

Təhqiqat zamanı müəyyən olunmuşdur ki, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin qurulması, onların hüquqi müdafiəsinə təminat verilməsi və həmin şəxslərə hamilik edilməsi məqsədilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasına və bu sahədə bir sıra qanunların qəbul olunmasına baxmayaraq, soydaşlarımız rastlaşdıqları bir sıra problemlərlə əlaqədar qədim yaşayış məskənlərini, o cümlədən Gürcüstandakı doğma dədə-baba yurdlarını tərk etməkdə davam edirlər.

Gürcüstan Respublikasında 17 fevral 1989-cu ildə aparılmış siyahıya alınmanın nəticələrinə görə, azərbaycanlıların sayı 600.000 nəfərdən çox olmuşdur. Gürcüstan Dövlət Statistika Komitəsinin 2002-ci ildə keçirdiyi siyahıya alınmaya görə isə Gürcüstanda 284,761 azərbaycanlı yaşayır ki, bu da Gürcüstanın ümumi əhalisinin 6.5 faizini təşkil edir. Sorğuya cəlb olunmuş şəxslərin məlumatına görə bu rəqəm həqiqəti əks etdirmir, azərbaycanlıların sayı qəsdən az göstərilir.

Milli Azlıqların Məsələləri ilə bağlı Avropa Mərkəzi (European Center for Minoritiy İssues) və Beynəlxalq "Amnesti İnternational" təşkilatı 1998 və 2005-ci illərdə "Gürcüstanda milli azlıqlar"la bağlı araşdırma apararaq hesabat hazırlamışdır. Hesabatın Gürcüstana aid bölümündə bildirilir ki, bu ölkənin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən vətəndaşların hüquq və azadlıqları çox kobud surətdə pozulmaqdadır. Gürcüstanda polis idarələrində tutulan və həbs edilən şəxslərə işgəncələr vermək və onlarla qəddar davranma halları mövcuddur və belə hallara son qoyulması üçün addımlar atılmır. "Gürcüstanda məhkəmə sistemi hakimiyyətdən asılı olmaqla onun təsiri altındadır və müstəqil şəkildə fəaliyyət göstərmir. Həmin hesabatda göstərilib ki, 1998-ci ildə Gürcüstanda 308.000 (üç yüz səkkiz min) azərbaycanlı yaşayırdısa, 2005-ci ildə onların sayı 284.000 olmuşdur. Hesabatdan göründüyü kimi, 1989-2005-ci illərdə Gürcüstanı 300.000-dən çox azərbaycanlı (təx. 50%-dən çox) tərk etmişdir. Əksər qeyri-rəsmi mənbələrin məlumatlarına görə, Gürcüstanda yaşayan azərbaycanlıların sayı rəsmi mənbələrdə göstərildiyindən qat-qat çox olduğu kimi, Gürcüstanı tərk edən soydaşlarımızın sayı da rəsmi statistika ilə müqayisədə olduqca çoxdur.

Gürcüstandan azərbaycanlıların çıxarılması üçün müxtəlif vaxtlarda rəsmi hakimiyyət orqanları tərəfindən müxtəlif təzyiq və təsir formalarından istifadə olunmuşdur. Belə ki, Gürcüstandan azərbaycanlıların çıxarılması üçün Bolnisi rayonunun mərkəzində onların yaşadıqları 100-dən çox ev partladılmış, yandırılmış və ya talan edilmişdir. Məhz bunun nəticəsidir ki, əvvəllər şəhərin 90%-ini azərbaycanlılar təşkil etdiyi halda, indi burada ümumiyyətlə, azərbaycanlı ailəsi yaşamır.

Təhqiqat zamanı istinad etdiyimiz bütün mənbələrdə və keçirilən bütün görüşlərdə Gürcüstanda yaşayan soydaşlarımızın sayının azalması təbii artımla bağlı deyil, əhalinin Gürcüstanı kütləvi surətdə tərk etməsi ilə əlaqələndirilmişdir.

1989-1993-cü illərdə "Gürcüstan gürcülərindir" şovinist şüarı altında Gürcüstandan azərbaycanlıların kütləvi deportasiyası başlanmışdır. Bu planın həyata keçirilməsi üçün azərbaycanlıların kütləvi surətdə işdən qovulması, rəsmi hakimiyyət strukturlarının birbaşa iştirakı ilə adam oğurluğu, xəstəxanadan xəstələrin məcburi çıxarılması, onlara məxsus şəhər telefonlarının şəbəkədən ayrılması və s. kimi təzyiq və təqiblər başlanmış, azərbaycanlılara həyat üçün zəruri olan ərzaq mallarının satışı qadağan edilmişdir. 1989-cu ildən 1993-cü ilə qədər Gürcüstandan 10.000-dən çox azərbaycanlı ailəsi qovulmuşdur. Millətçilər tərəfindən qeyri-konstitusion və cinayətkar etnik təmizləmələr nəticəsində azərbaycanlılar öz doğma yurdlarını tərk etməyə məcbur olmuşlar. 1989-1994-cü illərdə Bolnisi şəhərindən 1800 ailə, Kazreti qəsəbəsindən 300 ailə, Dmanisi şəhərindən 1000-ə yaxın ailə, Tbilisi və Rustavidən isə 1650-dən çox azərbaycanlı ailəsi qovulub, 60 kənd qısa müddət ərzində tamamilə boşaldılmış, 155 kəndin isə azərbaycanlılardan təmizlənməsi prosesi tədricən həyata keçirilmişdir. Azərbaycan dilində qəzetlərin buraxılışı və dövlət radiosunun yayımı dayandırılmış, onlarla orta məktəb bağlanmışdır.

Gürcüstanda yaşayan azərbaycanlıların rastlaşdıqları problemlər onların kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün torpaq sahələrinin əldə olunmasından başlamış, yetişdirilən məhsulun satışı, təhsil, sosial təminat, səhiyyə, məişətə qədər müxtəlif sahələri əhatə edir. Son 2 il ərzində əsasən azərbaycanlılar yaşayan Gürcüstanın Marneuli rayonunda istehsalla məşğul olan 10-a yaxın fabrik və zavod bağlanmış və uçurularaq talan edilmişdir. İş yerlərinin kütləvi ixtisara salınması yalnız azərbaycanlıların yaşadıqları ərazilərdə baş verir.

1998-ci ildən sonra da Gürcüstandan Azərbaycana, Rusiyaya və başqa dövlətlərə azərbaycanlıların axını yenə də davam etməkdədir. 1998-ci ilin oktyabr ayına kimi gələn azərbaycanlılar Azərbaycan Respublikasının vətəndaşı kimi tanınsalar da, həmin vaxtdan sonra gələnlərin hansı statusla qeydiyyata düşmələri bilinmir. Gürcüstandan gələn azərbaycanlılar qaçqın statusu almaq üçün dəfələrlə müraciət etsələr də, onların sənədləri belə qəbul olunmayıb. Azərbaycan rəsmiləri Gürcüstandan gələnlərə qaçqın statusunun verilməməsini bu 2 dövlət arasında strateci müttəfiqliklə izah edirlər. Belə nəticəyə gəlmək olar ki, dövlətlər strareci müttəfiqliyi insan hüquq və azadlıqlarından üstün tuturlar.

Gürcüstanda yaşayan azərbaycanlıların, əsasən kəndlərdə yaşayanların tibbi yardım almaq imkanları olduqca məhduddur. Bu, hər şeydən əvvəl kənd yerlərində tibb müəssisələrinin olmaması, olanların isə çox yarıtmaz vəziyyətdə fəaliyyət göstərməsi və xəstəxanaların ancaq rayon mərkəzlərində yerləşməsi ilə bağlıdır. Ora getmək və tibbi müayinədən keçmək üçün xeyli məsafə qət etmək və çoxlu maddi vəsait sərf etmək lazımdır. (Sorğuya cəlb olunanların və QHT-lərin bəziləri qadınların xəstəxanalara müraciət etməməsini xəstəxanaya təhlükə mənbəyi kimi baxmaqla əlaqələndirirlər). Bu səbəbdəndir ki, qadınlar evdə doğmaq məcburiyyətində qalırlar. Evlərdə doğulmuş uşaqlara doğum haqqında şəhadətnamə almaq isə problemdir.

2001-ci il sentyabr ayının 11-də ABŞ-da baş verən hadisələrə əsaslanan Gürcüstan hakimiyyəti azərbaycanlıların vicdan azadlığının təmin olunması sahəsində ciddi problemlər yaratmış, onların yaşadıqları kəndlərdə tikilən 11 məscidin tikintisini heç bir əsaslı səbəb olmadan dayandırmışdır.

Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə baş verən hadisələr hələ azərbaycanlıların yaddaşında qalmaqla bərabər, o dövrlərdən qalan və öz həllini indiyə kimi tapmayan problemlər də davam etməkdədir. Azərbaycanlıların birbaşa zorakılığa məruz qalaraq Gürcüstanı kütləvi surətdə tərk etmələri daha çox onun hakimiyyəti dövründə baş vermişdir. Köçən əhali öz şəxsi mülklərini yerli dövlət orqanlarına ucuz qiymətə satırdı. Həmin vaxt əmanət banklarında soydaşlarımzın adlarına hesab açılır və satışdan əldə olunan pullar guya ki, həmin hesaba yatırılırdı. Lakin açılan hesablar və bu hesablara köçürülən pulların sonrakı taleyi barədə əhaliyə heç bir məlumat verilmir.

Gürcüstan ordusunda xidmət edən azərbaycanlıların vəziyyəti də qənaətbəxş deyil. Orduda qulluq edən azərbaycanlı əsgərlər gürcü hərbçiləri tərəfindən təhqir və zorakılıqlara məruz qalırlar. Azərbaycanlı əsgərlərin əksəriyyəti gürcü dilini bilmədiyindən onlara orduda olan silah və texnika ilə davranma və istifadə qaydaları öyrədilmir, əvəzində ancaq onlardan təsərrüfat işlərində istifadə edilir. Məlumata görə, hərbçilər tərəfindən törədilmiş cinayətlərin əksəriyyəti azərbaycanlıların əleyhinə törədilən cinayətlərdir.

Azərbaycanda yaşayan təxminən 15.200 gürcüdən fərqli olaraq, Gürcüstanda yaşayan azərbaycanlıların ictimai-siyasi, sosial-iqtisadi və məişət şəraitləri acınacaqlıdır və onlara göstərilən dövlət qayğısı həddindən artıq aşağı səviyyədədir. Soydaşlarımıza qarşı həyata keçirilən təqiblər, hüquq pozuntuları və Gürcüstan hökumətinin bu vəziyyətə göz yumması, əksər hallarda bunun iştirakçısı olması azərbaycanlılar tərəfindən dəfələrlə narazılıqla qarşılanmışdır.

Gürcüstanda yaşayan azərbaycanlılara qarşı törədilən hüquq pozuntuları həmçinin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan mətbuatına qarşı da törədilir. Tbilisi şəhərində yerləşən azərbaycanlılara məxsus "Yeni düşüncə" qəzetinin əməkdaşlarına qarşı bu cür hüquq pozuntuları dəfələrlə baş vermişdir. Belə ki, 2004-cü il aprel ayının 3-də həmin qəzetin foto müxbiri Qacar Hüseynov qanunsuz olaraq Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş, qəzetin redaktoru Niyazi Hüseynov haqqında isə qanunsuz cinayət işi açılmışdır.

yuxarı qayıt

 

1. GÜRCÜSTANDA AZƏRBAYCANLILARIN YAŞADIQLARI ƏRAZİLƏR

Hazırda Gürcüstan Respublikasının Marneuli rayonunun 95 kəndində, Bolnisi rayonunun 40 kəndində, Qardabani rayonunun 12 kəndində, Dmanisi rayonunun 38 kəndində, Laqodexi rayonunun 4 kəndində, Saqaredco rayonunun 7 kəndində, habelə Kaspi, Msxeta, Telavi, Calqa, Tetricğaro rayonlarında, Tbilisi, Rustavi, Batumi şəhərlərində azərbaycanlılar kompakt halda yaşayırlar. Azərbaycanlıların əsrlərlə yaşadıqları rayonların, kəndlərin və digər coğrafi yerlərin adları zaman-zaman Gürcüstanın hakimiyyət orqanları tərəfindən soydaşlarımızın iradəsinin ziddinə olaraq dəyişdirilərək gürcü adları ilə əvəz edilmişdir. Toponimlərin kütləvi dəyişmə prosesi E.Şevarnadzenin vaxtında Bakı-Tbilisi-Ceyhan neft kəmərini çəkilişi zamanı baş vermişdir. Bu proses indinin özündə də bu və ya digər üsullarla davam etdirilir.

Maddi mədəniyyət abidələri dekorasiya olunaraq mənimsənilir, bu mümkün olmayanda isə məhv edilir. Azərbaycanlılar yaşayan ərazilərdə arxeoloci qazıntılar aparılanda azərbaycanlıları yaxına buraxmır və tapılan əşyaların azərbaycanlılara aid olmasına baxmayaraq mənimsəyir və öz adlarına çıxırlar. Məsələn, Baş Keçiddə aparılan qazıntılarda nəinki Gürcüstanın, hətta Qafqazın qədim abidələri aşkar edilib.

Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasının 11-ci maddəsinin 3-cü hissəsinə görə, milli azlıqların yaşadıqları rayonlarda konkret şərait nəzərə alınmaqla ənənəvi yer adları, küçə adları və digər topoqrafik məlumatlar, əgər belə məlumatlara kifayət qədər ehtiyac varsa, milli azlıqların öz dilində göstərilməsi təmin olunmalıdır. Əfsuslar olsun ki, Çərçivə Konvensiyasının bu göstərişi Gürcüstanın hakimiyyət orqanları tərəfindən ciddi şəkildə pozulur. Belə ki, Gürcüstanda soydaşlarımızın yaşadıqları bütün coğrafi adlar yalnız gürcü dilində yazılmışdır. Eyni zamanda, son illərdə azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrinin adları gürcü dilinə dəyişdirilməkdə davam edir. Yer adlarının dəyişdirilməsinə etiraz edən yerli əhalinin etirazlarına qətiyyən əhəmiyyət verilmir.

 

ADLARI DƏYİŞDİIRİLƏN RAYON VƏ KƏNDLƏR

I. Şəhər və rayonlar:
1. Tiflis şəhəri Tbilisi
2. Sarvan Marneuli
3. Başkeçid Dmanisi
4. Bolus Bolnisi
5. Qarayazı Qardabani
6. Səfiabad Qori
7. Ağbulaq Tetricğaro
8. Barmaqsız Dzalqa
9. Axırkələk Axalkalaki
10. Abbasduman Abastumani

II. Adları dəyişdirilən kəndlər:
1. Bala Muğanlı Farizi,
2. İncəoğlu Zemo Bolnisi
3. İmirhəsən Savaneti
4. Yuxarı Qulaver Qeti
5. Kaqananti Kvemo Bolnisi
6. Kolagir Surtavi
7. Qaradaşlı İsriya-itriya
8. Qoçulu Çapala
9. Qoşaisa Arkevani
10. Mıqırlı Vanati
11. Musaprian Posxveriani
12. Saraçlo Mamxmuti
13. Sarallar Zvareti
14. Şəmşioylu Samsverisi
15. Faxralı Talover,
16. Aranel Dzedzivari,
17. Molla Əhmədli Xataveti
18. Abdallı Dcavşniani
19. Araxlı Naxiduri
20. Aşağı Qulaver Sipori
21. Bektakar Bertakar
22. Safarlo Samtredo
23. Daşdı Qullaq Muxrana
24. Dallar Muşevan
25. Dəmirli Xaxala-dcavari
26. Asmalar Msxneti
27. Həsən Xocalı Xidiskuri
28. Sakanlıq Poniçala
29. Təzəkənd
30. Birlik Kalinino
31. Ulukişili Vaxtanqisi
32. Qaracalar
33. Qara fəhlə Qaçiani
34. Ağ fəhlə
35. Kumis Kumisi
36. Qacar Qodcari
37. Tabahməhlə Tabaxmelo
38. Soğanlıq Çökəyi Krçanisi və s.
Adları dəyişdirilən dağlar
1. Sənan
2. Babakər
3. Yağlıca Yaqluca

Adları dəyişdirilən göllər
1.Pərvanə
2.Gümüş-Kumisi
3.Candar-Dcandari

Çaylar
1. Kür Mtkvari
2. Azançay Alazani
3. Qabırrı İori

Düzənlik
Qarayazı Udabno

Dərə
Soğanlıq Krçanisi

yuxarı qayıt

 

2. TƏHSİL İLƏ BAĞLI VƏZİYYƏT

1989-cu ilin məlumatına görə, Gürcüstanda 164 Azərbaycan dili təmayüllü ümumtəhsil məktəbi fəaliyət göstərmişdir. Onlardan 72-i orta, 55-i doqquz illik, 37-i ibtidai məktəblər olmuşdur. Hazırda fəaliyyət göstərən məktəb binalarının çoxu təmirsiz və istifadə üçün yararsızdır. Həmçinin məktəblərdə təhsil ləvazimatının çatışmaması, təhsil proqramının düzgün aparılmaması, müəllimlərin əmək haqlarının aşağı olması mühüm problem kimi qalmaqda davam edir. Azərbaycanlılar yaşayan rayonlarda məktəblərdə təhsilin vəziyyəti gürcü dilli orta məktəblərlə müqayisədə olduqca aşağıdır. Məktəblərdə şagirdlərin sayı az olduğundan bəzi məktəblərdə tədris ili 11 il göstərilsə də, əslində 9 illikdir. Hətta bu səbəblərdən onlarla məktəb bağlanıb. Normal orta təhsil almaq mümkün olmadığından şagirdlər öz valideynləri ilə bərabər Azərbaycana köçüb öz təhsillərini məhz burada davam etdirirlər. Bu isə onların gürcü dilini, təbii ki, unutmalarına səbəb olur. Təhsili bitirdikdən sonra isə işə düzəlmə problemi ilə qarşılaşacaqlarını və bu problemin Azərbaycanda daha asan həll olacağını nəzərə alaraq həmişəlik Azərbaycanda məskunlaşırlar. Azərbaycan dövləti tərəfindən Gürcüstanda yerləşən Azərbaycan məktəblərinə göndərilən humanitar yardımların çatdırılmasına, məktəblərin vəziyyəti ilə bağlı monitorinqlərin keçirilməsinə Gürcüstan hökuməti tərəfindən ciddi maneələr yaradılır. Azərbaycanlılar yaşayan kəndlərin 95%-də idmanın inkişafı üçün heç bir şərait yoxdur.

08.03.1996-cı ildə Gürcüstan və Azərbaycan dövlətlərinin Təhsil Nazirlikləri arasında rəsmi müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə 1997-ci ildən başlayaraq, hər il 10 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı, 5-i Azərbaycanın 5-i isə Gürcüstanın Polis Akademiyasına qəbul edilməli, Azərbaycan və Gürcüstan dövlətləri hesabına təhsil almalı, Azərbaycanda təhsilini başa vuran məzun Gürcüstan Respublikasına qayıtmalı və işlə təmin olunmalıdır. Əfsuslar olsun ki, 1997-ci ildən başlayaraq 2004-cü ilə kimi bu akademiyanı 50 nəfər bitirmişdir. Lakin nə Gürcüstanda, nə də Azərbaycanda oxuyan tələbələr indiyə kimi işlə təmin edilməmişdir.

Gürcüstanda qəbul edilən yeni təhsil qanununa görə, bu ölkədə orta təhsil 2010-cu ildən gürcü dilində olmalıdır. Lakin o da vurğulanır ki, əgər kimsə başqa dildə təhsil almaq istəyirsə və bu hansısa dövlətin marağındadırsa, onda Gürcüstanda həmin dövlət öz dilində məktəb aça bilər; ancaq bu proqram Gürcüstan hakimiyyəti ilə razılaşdırılmalı və tədris olunacaq dərsliklər Gürcüstan Təhsil Nazirliyi tərəfindən təsdiqlənib lisenziyalaşdırılmalıdır. Problem isə ondadır ki, həmin məktəblərin öz məzunlarına verdikləri təhsil haqqında şəhadətnamənin Gürcüstan dövləti tərəfindən tanınması sual altındadır.

yuxarı qayıt

 

3. TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

Azərbaycanın Gürcüstanda olan tarix və mədəniyyət abidələri, ümumiyyətlə, qorunmur. Tbilisi şəhərində sovet hakimiyyəti illərində açılmış Azərbaycan mütəfəkkirlərinin üç ev muzeyindən ikisi bərbad vəziyyətdədir. Azərbaycanın tanınmış mütəfəkkiri Cəlil Məmmədquluzadənin ev muzeyi bağlanıb. C.Məmmədquluzadənin Tbilisi məktəblərindən birinin qarşısında qoyulan büstü Tbilisi şəhər sakini Askurov soyadlı bir nəfər tərəfindən oğurlanıb. Gürcüstanın müvafiq hökumət orqanları isə bu hadisəni araşdırmaq üçün heç bir tədbir görməyiblər. M.F.Axundovun ev muzeyi həm də azərbaycanlıların mədəniyyət mərkəzidir, rəhbəri isə milliyyətcə gürcüdür. Muzeyin yarısı ermənilər tərəfindən zəbt olunmuşdur. Tbilisi şəhərində Azərbaycan Milli Dram Teatrının binası yerləşir. SSRİ-nin dövründə bu teatr yüksək səviyyədə fəaliyyət göstərirdi. SSRİ dağılandan sonra digər mədəniyət abidələri kimi azərbaycanlılara məxsus bu teatr binası da Gürcüstanda azərbaycanlılara qarşı aparılan ayrı-seçkilik siyasəti ilə bağlı çox yararsız vəziyyətə düşmüşdür. Hazırda bu teatrın işçilərinin əksəriyyəti milliyyətcə gürcülərdir. Həmçinin, Tbilisi şəhərində yerləşən Azərbaycan məscidlərindən biri, Qafqazın ən qədim və möhtəşəm tarixi abidəsi Şah Abbas məscidi 1952-cı ildə tamamilə dağıdılmış və yerlə-yeksan edilmişdir. Yerində ermənilər üçün körpü salınmışdır. Tbilisi şəhərində Azərbaycan abidələrini məhv etməkdə əsas məqsəd onun qədim sakinlərinin azərbaycanlılar olduğunu danmaqdır. Habelə qədim Azərbaycan abidələri olan və Tbilisi şəhərində yerləşən yeraltı hamamlar (Mirzəoğlu və Şah Abbas hamamı və başqaları) qanunsuz özəlləşdirilərək mədəniyyət abidələri sırasından çıxarılmışdır. Tbilisi şəhərinin mərkəzində və ən görkəmli yerində yerləşən orta əsrlərə məxsus qədim Azərbaycan abidəsi Narın Qalanın adı dəyişdirilmiş, dekorasiya edilərək azərbaycanlılara məxsus memarlıq üslubu pozulmuşdur və hazırda içərisində təzə kilsə tikməklə abidənin xristianlara məxsus olduğunu göstərmək istəyirlər. Azərbaycanlılar Narın Qalanı həm Tbilisidə, həm də Dərbənddə eyni üslubda tikiblər. Dünyada analoqu olmayan qədim Tbilisinin səfalı guşələrindən olan Nəbatət bağının bərpasına da böyük ehtiyac var. Qafqazın qədim abidələrindən olan Quşçu Qalası məhv olma vəziyyətindədir. Qardabani rayonunda qədim türk abidəsi olan Koroğlu qalası da baxımsızlıq üzündən dağılmış və pis vəziyyətə düşmüşdür.

Hazırda Tbilisi şəhərində azərbaycanlıların yalnız 1 məscidi fəaliyyət göstərir.

Azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələrinə qarşı ögey münasibət azərbaycanlıların toplum halında yaşadıqları rayonlarda və kəndlərdə də həmişə olmuşdur. Bu siyasət bu gün də bu və ya digər formalarda həyata keçirilir.

yuxarı qayıt

 

4. DİL İLƏ BAĞLI VƏZİYYƏT

Gürcüstanda azərbaycanlıların qarşılaşdığı problemlərdən biri və ən ümdəsi onların əksəriyyətinin (80%-in) gürcü dilini bilməmələrilə bağlıdır. Azərbaycanlıların böyük hissəsinin ictimai və siyasi proseslərdən təcrid olunmasının əsas səbəbi çox vaxt məhz bu faktla əlaqələndirilir. Gürcüstanda yaşayan azərbaycanlıların mərkəzi və yerli icra strukturlarında minimum səviyyədə təmsil olunmaları da bu faktla bağlıdır. N.Nərimanov, Ü.Hacıbəyov, M.Ş.Vazeh və digər Azərbaycan mədəniyyət və incəsənət korifeylərinin Gürcüstanda formalaşdığını nəzərə alsaq, Gürcüstanda yaşayan azərbaycanlıların yüksək intellektual potensiala malik olmalarını görərik. Sadəcə olaraq Gürcüstan hakimiyyəti azərbaycanlıların gürcü dilini öyrənməsini istəmədiyindən və bunun tam əleyhinə olduğundan hər vasitə ilə çalışırlar ki, bunun qarşısını alsınlar. Əgər gürcü dilində yazan şair və yazıçılarımız və ya Gürcüstanın ali və orta ixtisas təhsil müəssisələrində gürcü dilində leksiya oxuyan azərbaycanlı professorlarımız varsa, deməli, adi vətəndaşlar da bu dili öyrənə bilərlər. Kəndlərdə yaşayan azərbaycanlı cavanların böyük əksəriyyəti nəinki gürcü, heç rus dilini də bilmirlər. Bütün bunlar isə gənc nəslin Gürcüstanın ictimai-siyasi həyatında və demokratik proseslərdə iştirakının və yaşayış yerlərindən kənarda iş tapmaq şanslarının azalmasına səbəb olur. Lakin onu da qeyd etmək lazımdır ki, Kvemo Kartlidə elə azərbaycanlılar da var ki, onlar gürcü dilində təhsil almaqlarına baxmayaraq dövlət orqanlarında işə düzələ bilmirlər.

Məlumat üçün bildirək ki, azərbaycanlıları parlamentdə təmsil edən 3 (E.Şevarnadzenin hakimiyyəti dövründə parlamentdə 6 azərbaycanlı deputat var idi) deputatın hamısının prezident fraksiyasında olmaqlarına baxmayaraq, onlar qanunverici oraqanın işlərində o qədər də aktiv iştirak etmirlər.

yuxarı qayıt

 

5. TORPAQ PROBLEMİ

1992-ci ildə E.Şevarnadze təkrar hakimiyyətə gələndən sonra Gürcüstanda torpaq islahatı ilə əlaqədar birinci qanun qəbul olunmuşdu. Bu qanuna görə dövlət sərhədindən 20-25 km məsafədə yerləşən torpaq sahələrinin özəlləşdirilməsi qadağan edilmişdir. Bu qanun qeyri-gürcülərin torpaq islahatından kənarda qalması üçün qəbul edilmişdir. Çünki azərbaycan, erməni, acar, abxaz, osetin və kistlər hamısı sərhəd boyunca məskunlaşmışdır. Qanunun bu cür göstərişi, demək olar ki, faktiki ancaq azərbaycanlılara aid edilmişdir. Digər milli azlıqlar isə qanunun qadağan etməsinə baxmayaraq yaşadıqları ərazilərdə və hətta sərhədboyu ərazilərdə torpaq sahələri əldə etmişdilər. Ermənilərə isə nəinki torpaq verilmişdi, hətta Gürcüstan hökuməti onlara 130.000.000 ABŞ dolları məbləğində pul ayırmaqla onlara öz regionlarını iqtisadi cəhətdən tam ayağa qaldırmağa da şərait yaratmışdı.

Gürcüstanda soydaşlarımızın yaşadıqları ən böyük problemlərdən biri, bəlkə də ən başlıcası torpaq islahatı ilə bağlıdır. Müstəqillik əldə etmiş Gürcüstanda aparılan torpaq islahatı uzun illər azərbaycanlılara şamil edilməmişdir. Gürcüstan qanunvericiliyinə görə, azərbaycanlılara pay torpaqlarının verilməsi qadağan olunmasa da, torpaq islahatı həyata keçirilən zaman onlara faktiki olaraq torpağı özəlləşdirmək qadağan edilmişdir. Azərbaycanlılar torpaqdan yalnız icarəyə götürmək yolu ilə istifadə edə bilirdilər. Tarixən azərbaycanlılara məxsus olmuş torpaqlar kənardan gəlmiş adamlara paylanır, ən yaxşı halda onlara yalnız istifadəyə yararsız torpaq sahələri ayrılırdı. Lakin bu torpaq sahələrini almaq da o qədər asan başa gəlmir. Onların qarşısında müxtəlif süni maneələr yaradılır, haqlı tələbləri hər cür uydurma bəhanələrlə rədd edilir. Yetirşdirilən məhsulun ixrac edilməsi üçün əlverişli olan münbit və məhsuldar torpaqlar, o cümlədən sərhədyanı ərazilər azərbaycanlılara, ümumiyyətlə, icarəyə verilmir. Belə bir vəziyyətdə öz ənənəvi məşğuliyyətini və peşəsini itirmiş, kənd təsərüfatı ilə məşğul ola bilməyən, öz təsərrüfatlarından məhrum edilmiş azərbaycanlı kəndlilər ucuz işçi qüvvəsinə çevrilir və istər- istəməz gürcü sahibkarlar üçün muzdlu fəhlə kimi işləməyə məcbur olurlar. Gürcüstan prezidenti M.Saakaşvili bu sahədə soydaşlarımızın qarşılaşdığı problemlərlə tanış olandan sonra bu neqativ halları aradan qaldıracağına söz versə və bu sahədə müəyyən addımlar atılsa da, yəni azərbaycanlılara torpaq paylamaq prosesinə start verilsə də, hələlik əsaslı və real nəticədən danışmaq mümkün deyil. Prezidentin müdaxiləsindən sonra da vəziyyətin ağır olaraq qalması soydaşlarımız arasında ümidsizlik ovqatını gücləndirməklə yanaşı, hakimiyyətdən narazılığı da artırmışdır. Bu gün Borçalı mahalında narazı qüvvələrin meydanlara çıxması da vəziyyətin kəskinliyindən və mövcud hakimiyyətə olan inamsızlıqdan xəbər verir. Yeri gəlmişkən, aparılmış araşdırmalar göstərir ki, Gürcüstanda hakimiyyət dəyişiklikləri, yəni "demokratiya" adı ilə həyata keçirilən dəyişikliklər bütün hallarda milli azlıqların, o cümlədən azərbaycanlıların vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdır. M.Saakaşvili də hakimiyyətə gələndən sonra azərbaycanlıların hansısa özəlləşdirmədə iştirak etməsini qeyri-rəsmi olaraq qadağan etmişdir. Özəlləşmə prosesində iştirak etməyi arzulayan azərbaycanlıların çox olmasına baxmayaraq, onlara belə imkan verilmir. Amma digər milli azlıqlardan özləri xahiş edir və şərait yaradırlar ki, özəlləşmə prosesində iştirak etsinlər və onlar çox ucuz qiymətlərlə əmlaka, hətta azərbaycanlıların işlədikləri obyektlərə sahib olsunlar.

yuxarı qayıt

 

6. ZORAKILIĞA MƏRUZ QALMA HALLARI

6.1. Ümumi zorakılıqla bağlı
Polis əməkdaşları milli azlıqlara, xüsusən də azərbaycanlılara qarşı özlərini çox amansız aparırlar. Bu vəziyyət çox vaxt hüquq mühafizə oraqanları ilə vətəndaşlar arasında olan münasibətlər kimi deyil, etnik ayrı-seçkilik dərəcəsinə yüksəlir. Gürcüstanda yaşayan azərbaycanlılar şəxsiyyəti təsdiq edən sənəd almaq üçün müraciət edərkən və yaşayış yeri üzrə qeydiyyata düşərkən də problemlərlə üzləşirlər. Bu hal xüsusilə Azərbaycan Respublikasının vətəndaşı ilə ailə qurub Gürcüstana qayıdan soydaşlarımıza qarşı edilir. Gürcüstan müstəqillik əldə edəndən sonra bu sahədə olan problemlər öz həllini tapmaq əvəzinə daha acınacaqlı səviyyəyə çatıb. Soydaşlarımız bu məsələ ilə əlaqədar bir çox etiraz aksiyaları da keçiriblər. Belə ki, aksiyalar zamanı yerli polis orqanları tərəfindən azərbaycanlılara qarşı zorakılıqlar edilmiş, bir çox soydaşlarımız qanunsuz olaraq tutulmuş və həbs edilmişdir. 2000-ci ildə sərxoş sərhədçi tərəfindən azərbaycanlıların heç bir səbəb olmadan atəşə tutulması və bir nəfər azərbaycanlının odlu silahla qətlə yetirilməsi, 2001-ci ildə baş verən oxşar hadisədə isə polis əməkdaşlarının heç bir səbəb olmadan dörd nəfər azərbaycanlını xüsusi qəddarlıqla döyməklə qətlə yetirmələri məhz onların azərbaycanlı olmaları ilə bağlı olmuşdur. Həmin sərhədçi və polislərin də milliyyətcə gürcü olmaları azərbaycanlılar arasında hadisələrin yalnız etnik səpkidə baş verməsi fikrini daha dərinləşdirir.

6.2. Qətlə yetirilənlər
M.Saakaşvilinin hakimiyyətə gəlişindən sonra təkcə 2003-cü ildə milli zəmində 30-a yaxın azərbaycanlı qətlə yetirilmiş (Saqaredco r. Tüllər k. Əliyev Nəriman, Qardabani r. Poniçala k. 50 yaşlı Məcid Mustafa oğlu, 20 yaşlı Vəliyev Anar Sevdimalı oğlu, 60 yaşlı Əliyeva Danəgül Talıb qızı, Telavi r. Qaraçalar k. Usubov Ramil, Marneuli r. Sadaxlı k. Sədrəddin Pələngov (Məşədi Qara) və s.).

6.3. Girov götürülənlər
100-ə yaxın azərbaycanlı oğurlanıb sonradan pul alınaraq qaytarılmış, həmçinin 5 uşağa odlu silahla xəsarət yetirilmiş, bir neçə uşaq girov götürülmüşdür. Girov götürülən uşaqlar Qardabani rayon sakinləri Əliyev Orxan, Əliyev Toğrul və Əliyev Nurməhəmməd Fazil oğlu qardaşları və Elvar Paşayev adlı şəxsin uşaqları olmuşdur. Polisin avtomat silahla yaraladığı uşaqlardan biri Əliyev Toğrul Fazil oğlu olmuşdur. Poniçala orta məktəbinə polislər maskada soxularaq adamları yaralamış və məktəbdən uşaqları oğurlamağa cəhd etmişdilər. Polislərin bu cür özbaşınalıqlarından ayrı-ayrı vaxtlarda qadınlarda qorxudan hamiləliyin pozulması faktları baş vermişdir. Bu faktların əksəriyyətini sübut edən video materiallar, sənədlər və şahidlər vardır. Adam oğurluğunda və s. hallarda hüquq-mühafizə orqanları birbaşa və dolayı yollarla iştirak etdiklərindən heç bir cinayətin üstü açılmayıb.

6.4. Siyasi məhbuslar
50-si siyasi məhbus olmaqla 500-ə yaxın soydaşımız məhkum edilmişdir. Hazırda Gürcüstan həbsxanalarında 70 yaşlı Qardabani rayon sakini Telman Həsənov, Vidadi Əliyev, Tbilisi şəhər sakini 25 yaşlı Qacar Hüseynov, Marneuli rayon sakinləri Sahəddin Abdullayev, Vüqar Əsgərov, Abbas Əsgərov, Sabir Atayev, Əhmədalı Bayramov, Bəhmən Musayev, Famil Rəmbəliyev siyasi məhbus kimi cəza çəkirlər.

Polis əməkdaşları azərbaycanlıların yaşadıqları ərazilərdə cinayətkarlığa qarşı mübarizə adı altında keçirtdikləri bütün əməliyyat tədbirlərində şəxsiyyəti müəyyən edən xüsusi döş nişanlarını taxmırlar və bir qayda olaraq maskalardan istifadə edirlər. Polislərin bu hərəkətləri beynəlxalq hüquq normalarına ziddir. Belə ki, beynəlxalq normalara görə, cinayətkarlığa qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız o zaman xüsusi maskalardan istifadə edə bilərlər ki, onların həyatları üçün təhlükə mövcud olsun (məsələn, terrorla mübarizə ilə bağlı keçirilən tədbirlər və s.)

Bəlkə elə bu səbəbdəndir ki, son illər ərzində Gürcüstan Respublikasında həbs olunan və hüquq-mühafizə orqanları tərəfindən qətlə yetirilən soydaşlarımızın sayı artmaqda davam edir. 1989-cu ildən 1993-cü ilə qədər 73 nəfər azərbaycanlı öldürülmüş, 98 nəfər yaralanmış və tamah məqsədi ilə 179 nəfər oğurlanmışdır.

yuxarı qayıt

 

7. SƏHİYYƏ SAHƏSİNDƏ VƏZİYYƏT

Tibbi yardım almaq hüququnun təmin olunmasında da azərbaycanlılara münasibətdə diskriminasiyaya yol verilir. Müstəqil mənbələrin məlumatlarına görə, Kvemo Kartli (Borçalı), Kaxeti, Şida Kartli və Tbilisi şəhərlərində olan doğum evlərinə tibbi yardım üçün müraciət etmiş qadınlara və dünyaya gətirdikləri uşaqlara məhz azərbaycanlı olduqlarına görə doğuş zamanı qəsdən xəsarət yetirilir. Nəticədə uşaqlar şikəst olur, qadınlarda isə sonsuzluq yaranır. Azərbaycanlıların bu məsələ ilə bağlı Gürcüstanın Baş prokuroru və Ombudsmanına arası kəsilmədən müraciət etmələrinə baxmayaraq, bu cür faktlara heç bir obyektiv hüquqi qiymət verilmir. Bu cür faktlarla bağlı bəzi hallarda sadəcə olaraq cinayət işi başlanır və sonradan heç bir hüquqi əsas olmadan cinayət işlərinə xitam verilir. Gürcü həkimlərinin cinayəti ucbatından uşaq ölümünə və qadınlar arasında sonsuzluğun artımına görə Gürcüstanda azərbaycanlılar birinci yerdədir.

Gürcüstanda yaşayan azərbaycanlılardan alınan məlumatlara görə, son 3 il ərzində 19-31 yaşlarında olan 2578 nəfər azərbaycanlı qadına bu cür xəsarətlər yetirilib. Həmin xəsarətlər qadınlara tərkibi bilinməyən dərman pereparatları vasitəsi ilə yetirilir. Bir daha qeyd edək ki, bu xəsarətlər daha çox sonsuzluqla nəticələnir. Bu halların baş verməsi təkcə sağlamlığın təhlükə altına düşməsi ilə deyil, çoxlu sayda ailələrin dağılması ilə də nəticələnir. Məhz sonsuzluq səbəbindən 434 azərbaycanlı ailəsi dağılıb, 609 ailədə isə valideynlik səadəti yaşanmayacaq. Bu ailələrin böyük əksəriyyətinin dağılma təhlükəsi ilə üzləşəcəyi də istisna deyil.

Eyni zamanda, yetkinlik yaşına çatmış qızlar hansısa xəstəlik səbəbindən xəstəxanalara müraciət edərkən, onlara uşaqlığın xəstə olmasıyla bağlı yalançı diaqnoz qoyulur və valideynlərə bildirilir ki, əgər cərrahiyyə əməliyyatı olunmazsa, övladlarını itirə bilərlər. Beləliklə, həm azərbaycanlılardan külli miqdarda cərrahiyyə əməliyyatı üçün rüşvət alınır, həm də yetkinlik yaşına çatmış qızlar uşaqlıqdan məhrum edilərək onları nəsil artırmaq qabiliyyətindən məhrum edirlər.

Miqrantlara Hüquqi Yardım Mərkəzi və "Qafqaz" QHT-ləri hesab edirlər ki, Gürcüstandan azərbaycanlıların miqrasiyasının qarşısının alınması üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

yuxarı qayıt

 

8. GÜRCÜSTAN HÖKUMƏTİ ÜÇÜN TÖVSİYƏLƏR

8.1. İqtisadi sahədə
8.1.1. Soydaşlarımızın istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı və emalı üçün onların yaşadıqları inzibati ərazilərdə müvafiq şərait yaratmaq, onların istehsal etdiyi kənd təsərrüfatı məhsullarının şəhər bazarları və yarmarkalarda satışına qoyulan maneələrin aradan götürülməsi üçün müvafiq tədbirlər görmək.
8.1.2. Kənd təsərrüfatı sahəsində çalışan azərbaycanlılara fermer təsərrüfatları yaratmaq və kənd təsərrüfatını daha da inkişaf etdirmək məqsədi ilə onlara faizsiz uzun və qısa müddətli kreditlərin verilməsi üçün müvafiq tədbirlər görmək.
8.1.3. Azərbaycanlıların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satış məqsədilə respublikadan sərbəst surətdə kənara aparılması, Azərbaycana gətirilməsi zamanı sərhəddən keçirilən kənd təsərrüfatı məhsullarının dövlət rüsumundan azad edilməsi ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlara başlamaq.
8.1.4. Azərbaycanlılar yaşayan ərazilərdə kənd təsərrüfatı sahəsində mövcud olan problemləri, onları yaradan səbəblərin araşdırılması və aradan qaldırılması üçün azərbaycanlıların da təmsil olunduğu dövlət komissiyası yaratmaq.
8.1.5. Azərbaycanlılar tərəfindən istehsal olunmuş kənd təsərrüfatı məhsullarının dövlət tərəfindən satın alınması işinin təşkili üçün tədbirlər görmək.
8.1.6. Həyata keçirilmiş torpaq islahatı ilə bağlı azərbaycanlılara hələ də mövcud olan ayrı-seçkiliyə son qoymaq, azərbaycanlılara yaşadıqları ərazilərdə pay torpaqlarının qısa vaxtda verilməsi, bu ərazilərdə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün təxirəsalınmaz tədbirlər görmək.

8.2. Siyasi sahədə
8.2.1. Mərkəzi və yerli dövlət strukturlarında, özünüidarəetmə orqanları sistemində azərbaycanlıların daha geniş tərkibdə təmsil olunmalarını təmin etmək.
8.2.2. Etnik və milli çəkiyə uyğun kadr siyasəti aparılmasını təmin etməklə seçkili və təyinatlı orqanlarda mövcud uyğunsuzluğu bərpa etmək.
8.2.3. Gürcüstanda azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoyulması, Gürcüstan Respublikasının Konstitusiyası ilə onların hüquq və azadlıqlarının tam təmin olunması, Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı edilən qanunsuzluqların, milli, dini və etnik zəmində azərbaycanlılara qarşı törədilən cinayətlərin qarşısının alınması üçün tədbirlər görmək.
8.2.4. Azərbaycanlıların Gürcüstanda kompakt şəkildə yaşadıqları əraziləri kütləvi şəkildə tərk etməsi, bunu törədən səbəblərin öyrənilməsi, bu sahədə olan problemlərin araşdırılması və həll edilməsi, azərbaycanlıların Gürcüstanı kütləvi şəkildə tərk etməsinə yönəlmiş məqsədyönlü siyasətə son qoyulması və qarşısının alınması üçün təxirəsalınmaz ciddi tədbirlər görmək.
8.2.5. 2001-ci il sentyabr ayının 11-də ABŞ-da baş verən hadisələrdən sonra Gürcüstanda azərbaycanlıların vicdan azadlığının təmin olunması sahəsində meydana gəlmiş ciddi problemlərə, Gürcüstan ordusunda xidmət edən azərbaycanlılara qarşı mövcud olan ayrı-seçkiliyə, törədilən cinayətlərə, təhqir və zorakılığa son qoyulması üçün müvafiq tədbirlər görmək, bu sahədə ciddi araşdırmalar aparıb mövcud problemləri nəzarətdə saxlamaq.
8.2.6. Gürcüstanda yaşayan azərbaycanlıların sosial və iqtisadi vəziyyətinin, mədəni-məişət şəraitinin yaxşılaşdırılması və bu sahələrdə mövcud problemlərin həll olunması, onlara dövlət qayğısının artırılması üçün tədbirlər görmək.
8.2.7. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan mətbuatının inkişaf etdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə olan mövcud problemlərin həll olunması, mətbuat orqanları və işçilərinə qarşı törədilən cinayətlərə son qoyulması üçün real tədbirlər görmək, Azərbaycan hakimiyyəti ilə müvafiq danışıqlar aparıb bu məsələləri həll etmək.
8.2.8. Gürcüstan parlamentində milli azlıqlar, o cümlədən azərbaycanlılarla bağlı qanunlar qəbul edilərkən həmin qanun layihələrinin hazırlanmasında azərbaycanlı ziyalılar və ekspertlərin geniş tərkibdə təmsil olunmaları və onlarla məsləhətləşmələrin aparılmasını təmin etmək.

8.3. Təhsil sahəsində
8.3.1. Gürcüstanda azərbaycanlıların oxuduqları orta məktəblərdə Gürcüstan tarixi ilə bərabər Azərbaycanın tarixinin və mədəniyyətinin də geniş şəkildə tədris olunması məsələsinə baxıb bu işi müsbət həll etmək.
8.3.2. Azərbaycan təmayüllü məktəblərdə gürcü dilinin yüksək səviyyədə tədris olunması, dərs saatlarının 3 saatdan 6 saata qədər artırılması, gürcü dilini tədris edən müəllimlərin yüksək hazırlığa malik olmasının təmin olunması üçün tədbirlər görmək.
8.3.3. Başqa dövlətlərdə, o cümlədən Azərbaycanda təhsil alıb Gürcüstana qayıdan azərbaycanlıların ixtisasına uyğun işlə təmin olunması, yaşayış yeri üzrə qeydiyyata düşmək, şəxsiyyət vəsiqəsi və vətəndaşlıq əldə olunması sahəsində mövcud olan problemləri ciddi nəzarətə götürmək və onların həlli üçün tədbirlər görmək.

8.4. Tarix və mədəniyyət sahəsində
8.4.1. Milli azlıqların, o cümlədən azərbaycanlıların adət-ənənəsi, mədəniyyəti, dili və tarixinin öyrənilməsi, inkişaf etdirilməsi istiqamətində Gürcüstan Elmlər Akademiyasında müvafiq elmi mərkəzlərin yaradılması, dövlət hesabına milli azlıqların dilində kütləvi informasiya vasitələrinin (radio, televiziya, curnal və qəzetlər) yayılmasını təmin etmək.
8.4.2. Azərbaycanlılar yaşayan inzibati ərazilərdə onların öz doğma dillərində teatr və digər mədəniyyət ocaqlarının təsis və inkişaf etdirilməsinə yardım etmək. Bu sahədə olan problemləri öyrənmək və həll etmək. Tbilisi şəhərində fəaliyyəti dayandırılmış Azərbaycan Milli Dram Teatrının bərpa olunması və fəaliyyətinin əvvəlki kimi davam etdirilməsi üçün tədbirlər görmək.
8.4.3. Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə coğrafi yer adlarının və toponimlərin azərbaycanlıların iradəsi ziddinə olaraq dəyişdirilməsi hallarına son qoyulması və onların qarşısının alınması, azərbaycanlılar yaşayan rayonlarda ənənəvi yer adları, kənd adları və digər topoqrafiq məlumatların azərbaycanlıların öz dillərində göstərilməsi üçün müvafiq tədbirlər görmək.
8.4.4. Azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələrinin qorunması, onlara dövlət qayğısının artırılması, onlara olan ögey münasibətə son qoyulması, onların ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən mənimsənilməsi, özəlləşdirilməsi və məhv edilməsinin qarşısının alınması üçün ciddi tədbirlər görmək, azərbaycanlılar yaşayan ərazilərdə arxeoloci qazıntılar aparılarkən həmin qrupların tərkibinə azərbaycanlıların da daxil edilməsini təmin etmək.
8.4.5. Gürcüstanda azərbaycanlılara məxsus olan tarix və mədəniyyət abidələrinin uçotunun aparılması, onlara tarix və mədəniyyət abidəsi statusunun verilməsi, tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və mühafizəsi ilə bağlı bütün məsələlərin həllinin Gürcüstanın Mədəniyyət Nazirliyinə verilməsini təmin etmək və Gürcüstan Respublikasının Mədəniyyət Nazirliyi nəzdində Azərbaycan şöbəsi yaratmaq.

8.5. Tibb sahəsində
8.5.1. Azərbaycanlılar yaşayan ərazilərdə tibb müəssisələrinin azlığı, mövcud tibb müəssisələrinin çox acınacaqlı vəziyyətdə olması, əhaliyə göstərilən tibbi xidmətin aşağı səviyyədə olması, bu sahədə mövcud kadr çatışmazlığını nəzərə alaraq bu problemlərin qısa vaxtda həlli üçün ciddi tədbirlər görmək.
8.5.2. Gürcüstanın tibb müəssisələrinə tibbi yardım üçün müraciət etmiş azərbaycanlılara qarşı qəsdən törədilmiş cinayət hallarının (doğuş zamanı qadınlara və onların dünyaya gətirdikləri körpələrə qəsdən xəsarətlərin yetirilməsi, azərbaycanlı qızların uşaqlıqdan məhrum edilməsi) onları doğuran səbəblərin araşdırılması, qarşısının alınması, bu işlərdə günahkar olan şəxslərin ciddi cəzalandırılması, gələcəkdə belə hallara yol verilməməsi və tibbi yardım sahəsində azərbaycanlılara qarşı mövcud olan diskriminasiya hallarına son qoyulması üçün ciddi tədbirlər görmək.
8.5.3. Azərbaycanlı olduqlarına görə qanunsuz olaraq işdən azad edilmiş həkimlərin, o cümlədən genekoloqların təcili işlə təmin olunmasını həll etmək, bu sahədə mövcud olan özbaşınalıqlara və qanunsuzluqlara, ayrı-seçkiliyə son qoyulması üçün ən ciddi tədbirlər görmək.

yuxarı qayıt

 

9. AZƏRBAYCAN HÖKUMƏTİ ÜÇÜN TÖVSİYƏLƏR

9.1. İqtisadi sahədə:
9.1.1. Azərbaycanla Gürcüstan arasında yerləşən sərhədyanı ərazilərdə dövlət rüsumu tətbiq olunmayan müştərək bazarların sayının artırılmasını təmin etmək.
9.1.2. Azərbaycanla həmsərhəd kəndlərin problemlərinin birgə həlli üçün müştərək ticarət layihələrinin həyata keçirilməsi məqsədilə iki dövlət arasında birgə İqtisadi Şura yaratmaq, güzəştli gömrük şərtləri müəyyən etmək.
9.1.3. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərdən birində Azərbaycan banklarından birinin filialının açılmasını təmin etmək və həmin bank tərəfindən güzəştli kredit sistemi müəyyənləşdirərək kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan soydaşlarımıza güzəştli şərtlərlə kreditlərin verilməsi üçün müvafiq tədbirlər görmək.
9.1.4. Azərbaycanlı iş adamlarına Gürcüstanda özlərinə partnyor seçdikləri zaman Gürcüstanda yaşayan azərbaycanlılara üstünlük verilməsi ilə bağlı tövsiyələr vermək.
9.1.5. Azərbaycanlıların torpaq paylarını əldə etməsi işini ciddi nəzarətdə saxlamaq, bunun təmin olunması üçün Gürcüstan hökuməti ilə mütəmadi danışıqlar aparmaq, soydaşlarımızın bu sahədə pozulan hüquqlarını bərpa etmək.

9.2. Siyasi sahədə
9.2.1. Gürcüstanın dövlət orqanlarında azərbaycanlıların sayına uyğun tərkibdə təmsil olunması üçün Gürcüstanda etnik və milli çəkiyə uyğun kadr siyasəti yürüdülməsini təmin etmək üçün ikitərəfli danışıqlara başlamaq.
9.2.2. Gürcüstanın mərkəzi və yerli dövlət strukturlarında, yerli özünüidarəetmə orqanları sistemində azərbaycanlıların daha geniş tərkibdə təmsil olunmalarını təmin etmək.
9.2.3. Azərbaycanlıların Gürcüstanda kompakt şəkildə yaşadıqları əraziləri kütləvi şəkildə tərk etməsi, bunu törədən səbəblərin öyrənilməsi, bu sahədə olan problemlərin araşdırılması, azərbaycanlıların Gürcüstanı kütləvi şəkildə tərk etməsinə yönəlmiş məqsədyönlü siyasətə son qoyulması və qarşısının alınması üçün təxirəsalınmaz ciddi tədbirlər görmək və Gürcüstan dövləti ilə bu sahədə müvafiq danışıqlar aparmaq.
9.2.4. Azərbaycanla Gürcüstan arasında ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər əlaqələrin daha da genişləndirilməsi, bu əlaqələrin daha sıx olması, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qadın Problemləri Üzrə Dövlət Komitəsi, Mədəniyyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyinin Gürcüstanda yaşayan azərbaycanlılarla əlaqələrinin daha da möhkəmləndirilməsi və genişləndirilməsi, bu nazirlik və komitələr tərəfindən soydaşlarımızın problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq işlərin aparılmasını təmin etmək.
9.2.5. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nəzdində Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin öyrənilməsi və araşdırılması ilə məşğul olan komissiyanın yaradılması, bu komissiya formalaşdırılarkən, onun tərkibinə əslən Gürcüstandan, ya da Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini daha yaxşı bilən şəxslərin daxil olmasını təmin etmək.
9.2.6. Gürcüstanda azərbaycanlılar yaşayan regionlarda azərbaycanlılar tərəfindən qeyri-hökumət təşkilatlarının, insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirən təşkilatların yaranmasına köməklik etmək və normal fəaliyət göstərməsinə yardımçı olmaq.
9.2.7. Son vaxtlar Gürcüstanda azərbaycanlıların hüquqlarının kobud surətdə pozulmasını nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıların iştirakı ilə dövlət komissiyası yaradıb, bu problemlərin araşdırılması, həll olunması və qanuni tədbirlər görülməsi üçün müvafiq tədbirlər görmək.

9.3. Təhsil sahəsində
9.3.1. Gürcüstanda azərbaycanlıların təhsil aldıqları orta məktəblərdə gürcü dilini tədris edən müəllimlərə Azərbaycan hökuməti tərəfindən kompensasiyaların ayrılmasını təmin etməklə onları bu işə həvəsləndirmək.
9.3.2. Azərbaycanda təhsilini başa vurduqdan sonra soydaşlarımızın Gürcüstanda müvafiq vəzifə tutmaları üçün tədbirlər görmək.
9.3.3. Azərbaycanın təhsil müəssisələrində təhsil alan Gürcüstandan olan azərbaycanlı tələbələrə Azərbaycanda oxuduqları müddətdə gürcü dilinin mükəmməl öyrədilməsini təmin etmək üçün Təhsil Nazirliyinə müvafiq tapşırıqlar vermək.
9.3.4. Azərbaycanlıların kompakt yaşadıqları yaşayış məntəqələrində müasir standartlara cavab verən kitabxanaların yaradılması və onların azərbaycan dilində olan kitablarla təmin olunması işini qısa vaxtda həll etmək.
9.3.5. Gürcüstanda azərbaycanlıların oxuduqları orta məktəblərdə Gürcüstan tarixi ilə bərabər Azərbaycan tarixi və mədəniyyətinin də geniş şəkildə tədris edilməsi məsələsini Gürcüstan hökuməti ilə müzakirə edib, bu işin müsbət həllinə nail olmaq.
9.3.6. Azərbaycanlılar yaşayan ərazilərdə təhsilin səviyyəsinin yüksəlməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan dili təmayüllü məktəblərin dərslik və dərs vəsaiti ilə təmin olunması, bu işlərin mütəmadi aparılmasını təmin etmək

9.4. Tarix və mədəniyyət sahəsində
9.4.1. Azərbaycan Gürcüstan mədəni əlaqələrinin inkişaf etdirilməsi, bu əlaqələrin daha sıx və möhkəm olması, onların müasir dövrün tələblərinə cavab verən səviyyədə qurulması, Gürcüstanın mərkəzi televiziyasında efir vaxtı almış "Azərbaycan saatı"nın daha da baxımlı olması, Tbilisi şəhərindəki Azərbaycan Milli Dram Teatrının bərpa olunub fəaliyyətinin davam etdirilməsi və bu teatra qayğı və diqqətin artırılması, Azərbaycanın dövlət və hökumət xətti ilə mədəniyyət kollektivlərinin mütəmadi olaraq Gürcüstanda yaşayan soydaşlarımızın qonağı olmasını təmin etmək və bu sahədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin daha da artırılması üçün müvafiq tədbirlər görmək.

9.5. Tibb sahəsində
9.5.1. Azərbaycanlılar yaşayan ərazilərdə tibb müəssisələrinin azlığı, mövcud tibb müəssisələrinin çox acınacaqlı vəziyyətdə olması, əhaliyə göstərilən tibbi xidmətin aşağı səviyyədə olması, bu sahədə mövcud kadr çatışmamazlığını nəzərə alaraq bu problemlərin qısa vaxtda həlli üçün ciddi tədbirlər görmək və Gürcüstan hakimiyyəti ilə ilə danışıqlar aparmaq.

yuxarı qayıt

 

10. QHT-LƏR ÜÇÜN TÖVSİYƏLƏR

10.1. Gürcüstanda milli azlıqların problemlərini daim nəzarətdə saxlamaq üçün bu sahədə fəaliyyət göstərən QHT-lərin Koolisiyasının yaradılmasını təmin etmək.
10.2. Gürcüstanda azərbaycanlılara olan münasibəti bir daha dəqiqləşdirmək və yerində araşdırmalar aparılması üçün beynəlxalq təşkilatlarla birgə Gürcüstanda müvafiq layihələr həyata keçirmək.
10.3. Milli azlıqların onlara aid olan qərarların qəbulu prosesində fəal şəkildə iştirak etmələrini təmin etmək.
10.4. Gürcüstanda yaşayan azərbaycanlılara qarşı baş verən diskriminasiya hallarının ictimailəşdirilməsini və beynəlxalq təşkilatların nəzərinə çatdırılmasını təmin etmək.
10.5. Soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə həvəsləndirilməsi üçün H.Əliyev fondunun maliyyə dəstəyi ilə bir sıra layihələr həyata keçirmək. Bunun üçün soydaşlarımızın adət-ənənəsinin, mədəniyyətinin, dilinin, tarixinin öyrənilməsi istiqamətində Gürcüstanın Milli Elmlər Akademiyasında müvafiq elmi mərkəzlərlərin yaradılması, dövlət hesabına milli azlıqların dilində kütləvi-informasiya vasitələrinin (radio,televiziya,curnal və qəzetlər) yayımlanmasını təmin etmək.

yuxarı qayıt