Borçalı XX-XXI əsrlərin qovşağında
İngiltərənin bilavasitə iştirakı ilə Cənub-Qərbi Qafqaz Türk
Cümhuriyyətinin ərazisi qonşu dövlətlər arasında bölüşdürüldükdən sonra Borçalı
ərazisi faktiki olaraq hər 3 Cənubi Qafqaz respublikaları arasında mübahisəli
zonaya çevrildi. Əslində isə Loru, Pəmbək, Allahverdi və Dağ Borçalısının xeyli
hissəsi XIX əsrdə bura yerləşdirilmiş «qaxdağanlar» (ermənicə «köçkün» deməkdir.
XIX əsrin əvvəllərində Cənubi Qafqaza köçürülmüş ermənilər özlərini belə
adlandırırdılar) indi QƏDİM TÜRK YURDU olan Borçalının bir hissəsinə yiyələnə
bildilər. Borçalının qalan hissəsi isə Paris sülh konfransında Azərbaycan
Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında mübahisəli zona elan edildi.
Vətəndaş müharibəsində qalib gələn Sovet Rusiyası indi də
gözünü müstəqil Cənubi Qafqaz Respublikalarının ərazilərinə dikmişdi. Öz işğalçı
niyyətini pərdələmək üçün Moskva bu dövlətlərin ərazisində «sovet həkimiyyəti
qurulması» ideyasından istifadə edirdi. Bu işdə Cənubi Qafqazda onların yeganə
müttəfiqləri ermənilər oldu.
Azərbaycanda «sovet hakimiyyəti qurulduqdan sonra» Borçalıya
girən XI Qırmızı Ordu Tiflis istiqamətində irəlilədi. Kəskin müqavimətlə
rastlaşan bolşeviklər hücumləarını dayandırmağa məcbur oldular. 7 may 1920-ci
ildə Sovet Rusiyası ilə Gürcüstan Demokratik Respublikası arasında bağlanan
müqaviləyə əsasən Gürcüstanın müstəqilliyi Rusiya tərəfindən tanındı.
1920-ci ilin noyabrında «Ermənistanda sovet hakimiyyətinin
qurulmasıyla» XI Qırmızı Ordu vaxtilə «Ermənistanla» Gürcüstan arasında
«neytral» elan edilən Cənubi Borçalı ərazilərini işğal etdi. Fevralın 11 -də
guya üsyan etmiş «Borçalı zəhməteşləri onları menşevik rejimindən xilas etmələri
üçün Moskvadan yardım istədilər». Fevralın 12-də Lorudan şimalda XI Qırmızı Ordu
hissələri gürcü hərbçilərilə toqquşmada onları geri oturtdu. Gürcüstan hökuməti
Loruya əlavə hərbi qüvvələr göndərdi. Fevralın 16-da Şulaverdə Serqo
Orconikidzenin təşəbbüsü ilə yaradılan «Gürcüstan Hərbi Komitəsi» kömək üçün
Rusiyaya müraciət etdi. İlk vaxtlarda Tiflis istiqamətində elə bir ciddi
müqavimətlə rastlaşmayan XI Qırmızı Ordu hissələri fevralın 20-nə keçən gecə
ağır məğlubiyyətə uğrayaraq top və pulemyotlarını döyüş meydanında qoyub
qaçdılar. 1000 nəfərə qədər bolşevik əskəri əsir düşdü. Vəziyyətin pisləşdiyini
görən Sovet Rusiyası Daryal keçidi vasitəsilə şimal-qərbdən 8-ci ordunu
Gürcüstan ərazisinə yeritdi. Şimali Qafqazdan - Mamison keçidi vasitəsilə
Gürcüstana soxulan Qırmızı Ordunun iki briqadası Kutaisi işğal etdi. Rusiya kimi
bir dövlətlə bacara bilməyəcəklərin başa düşən Gürcüstan Demokratik
Respublikasının rəhbərliyi, o cümlədən müdafiə naziri Georgi Kvinitadze Msxet
ətrafında möhkəmlənməyə qərar verdilər. Fevralın 25-də Tiflis Qırmızı Ordu
tərəfindən işğal olundu. Martın 17-nə qədər Batumda qalan Gürcüstan Demokratik
Respublikasının hökumət və Müəssislər Məclisinin üzvləri mühacirət etdilər.
Sovet hakimiyyəti illərində də çar Rusiya işğalından başlanan
siyasət Borçalıda davam etdirildi. Borçalının cənub hissəsinin ermənilərə
verilməsi rəsmiləşdirildi. Bu ərazi 2,5 min kvadrat kilometr idi. Hər yeni
inzibati bölgü aparlıdıqca Borçalının həm şimalında, həm də cənubunda qondarma
adlar meydana gəlməyə başladı. Bu siyasət Cənubi Borçalıda daha eybəcər şəkildə
aparılırdı. Nəticədə Gümrü Leninakana, Calaloğlu Stepanavana, Hamamlı Spitaka,
Daşır Kalininoya , Baranlı Noyemberyana «çevrildi». Eyni proses şimalda daha
«incə» şəkildə aparılırdı. 1929-cu ildə rayonlara bölgü zamanı Borçalı adı kiçik
bir kəndə Sarvana verildi. 1947-ci ildə isə onun da adı dəyişdirilərək Marneuli
«oldu».1932-ci ildə Barmaqsız Zalqaya, Şulaver Şaumyana «çevrildi». Vaxtilə çar
Rusiyası tərəfindən Borçalıya yerləşdirilmiş almanlar II Dünya müharibəsi zamanı
sürgün olunduqdan sonra onların məskunlaşdıqları Lüksemburq Bolnisi, Valdheym
Kirovisi, Traubenberq isə Tamarisi adlandırıldı. Daha sonra isə Başkeçid
Dmanisə, Qaratəpə Qardabaniyə «çevrildi».
Borçalını növbəti ağır sınaq XX əsrin 80-ci illərində
haqladı. Cənubi Borçalıda bir nəfər də olsun bölgənin qədim yerli əhalisi olan
Türk qalmamışdır. Gürcüstan tərkibindəki Şimali Borçalı torpaqlarında isə
Svanetiya köçkünlərinin yerləşdirilməsi və Qamsaxurdiya rejiminin anti-türk
siyasəti nəticəsində bölgənin etnik tərkibi dəyişdirildi. Başkeçid və
Bolus-Kəpənəkçi rayon mərkəzlərindəki türklər təhdidlə öz yurd-yuvalarından
qovuldu.
Hazırda Borçalının şimalında yenə narahat anlar yaşanır...
Əsrlərboyu olduğu kimi tarix yenə də Borçalı Türkünü sınağa çəkir. ULU TANRI BU
SINAQDAN DA BORÇALI TÜRKÜNÜN ŞƏRƏFLƏ ÇIXMASINA KÖMƏK OLSUN! İNDİ BORÇALINI
TONQAL KİMİ QALAYIB ƏLLƏRİNİ İSİTMƏK İSTƏYƏNLƏRİN QOLLARI QOYNUNDA, BORÇALIDA
TONQAL QALAYIB BORÇALI TÜRKÜNÜ «ERGENOKONDAN» ÇIXARAN QOLLARA İSƏ VAR OL
DEYİRƏM.
|