Borçalı XX yüzilliyin əvvəllərində
Rusiya işğalı dövründə tarixi Borçalı mahalının ərazisi
«kiçilsə» də çox vaxt o Tiflis quberniyası daxilində gah «tatar distansiyası»,
gah da qəza kimi saxlanırdı. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi bu qədim
Türk yurduna nə qədər gəlmələr yerləşdirilsə də, Tiflis quberniyası əhalisinin
təxminən yarısını (107623 nəfərdən 63445 nəfərini) Borçalı türkləri təşkil
edirdi. Tiflis şəhərinin özündə isə 7 min Türk (azərbaycanlı) yaşayırdı. Borçalı
qəzasının Trialet nahiyəsində (Başkeçid və Barmaqsız)10560, Yekaterinenfeld
nahiyəsində (Bolus Kəpənəkçi) 13762, Loru nahiyəsində (Loru,Pəmbək, Taşır,
Calaloğlu, Hamamlı) 3058, Borçalı nahiyəsində isə (Dəmirçihəsənlə, Baydar,
Sarvan,Şulaver və s.) 36065 Borçalı Türkü yaşayırdı. Bu nahiyələrin idarəçiliyi
ilə rus millətindən olan pristavlar və bölgənin «yerli» xristian əhalisindən
«seçilən» nümayəndələr «məşğul olurdular».Bu isə yerli müsəlman - türk
əhalisinin haqlı narazılığına səbəb olurdu. Qəza mərkəzi Şulaver seçilmişdi.

1905-1907-ci illər inqilabı zamanı Borçalıda da ermənilərlə
türklər arasında milli münaqişə baş verdi. Tiflisin Meydan və Hallovar
məhəllələrindəki savaşlar daha gərgin idi.1905 - ci ilin fevralında Borçalı
qəzasının kəndlərində yaşayan türklər Tiflisdəki soydaşlarına köməyə gələrək,
erməni millətçilərini geri oturtdular. Çar hökuməti Qafqazda yenidən canişinlik
sistemi yradaraq, gənc qadını cavan erməni keşişi ilə əylənən qoca İ.Voronsov
Daşkovu sərdar təyin etdi. İ.Voronsov Daşkov Borçalıda hərbi vəziyyət elən etdi.
Borçalıların başbilənləri olan K.E. Ünsüzada, A.M.Bədəlov, İ.S. Həsənzadə,
M.A.Abbaszadə, «Borçalı Müsəlman təşkilatı»nın üzvləri S.Əliyev və M.Mirzəyev
göz altına alındı. Bununla da Borçalı türklərini sakitləşdirmək mümkün olmadı.
1909 - cu ilin oktyabrından Borçalıda yerli türklərin də idarəçililkdə
iştirakını nəzərdə tutan islahat keçirildi. Qəza yzrə 6 zemstvo idarəsi təşkil
edildi. Burada 46 nümayəndə təmsil olunmuşdu. 5 iyun 1912-ci ildə Qafqaz
canişinin əmrilə Borçalıda hərbi vəziyyət ləğv olundu.
1914 cü ilin yayında I Dünya müharibəsi başladı. Müharibə
üçün bəhanə 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi
Frans-Ferdinandın Bosniyanın mərkəzi şəhəri olan Sarayovada serb millətçisi
Qavrila Prinsip tərəfindən qətlə yetrilməsi oldu.
1914-cü il iyulun 28-də Avstriya-Macarıstan Serbiyaya
müharibə elan etdi. Rusiya Serbiyanı müdafiə üçün səfərbərliyə başladıqda
avqustun 1 - də Almaniya ona müharibə elan etdi . Avqustun 3-də Almaniya
Fransaya müharibə elan etdi və avqustun 4-də Belçikaya hücum etdi. Bununla da
Belçikanın bitərəfliyi haqqında əvvəllər imzaladığı müqaviləni “adi kağız
parçası” adlandırdı. Avqustun 4-də Belçikanı müdafiə etmək bəhanəsilə İngiltərə
Almaniyaya müharibə elan etdi.
Oktyabrda Osmanlı dövləti Almaniya tərəfindən müharibəyə
qoşuldu. Hərbi bloklara daxil olan dövlətlərdən hər birinin işğalçılıq planında
Azərbaycan və onun nefti mühüm yer tuturdu. Azərbaycan neft sənayesində hakim
mövqe tutmaq uğrunda mübarizədə alman və ingilis inhisarları xüsusilə
fərqlənirdilər.Almaniya öz məqsədinə çatmaq üçün Osmanlının Azərbaycan Türkləri
ilə bağlılığından istifadə etmək niyyətində idi.
Almaniya Osmanlının iştirakı ilə Qafqazı və Ön Asiyanı nüfuz
dairəsinə salmaq, Hindistana və Əfqanıstana yol açmaqla Rusiyanın və
İngiltərənin mövqelərinə zərbə vurmaq niyyətində idi. Almaniyanın Qafqaza dair
işğalçılıq planına görə, Rusiyanın müharibədə məğlubiyyətindən sonra Qafqazda
Rusiya ilə Osmanlı arasında bitərəf xristian və Qafqaz müsəlman dövləti
yaradılmalı idi.
Osmanlının Almaniya tərəfində müharibəyə qoşulmasına cavab
olaraq oktyabrın 2-də Rusiya, 5-də İngiltərə, 6-da isə Fransa Osmanlıya qarşı
müharibəyə qoşuldu.
Müharibənin əvvəllərində Avropada üç cəbhə yaranmışdı: Qərb,
Şərq və Balkan. Az sonra yaranmış dördüncü Qafqaz cəbhəsində Rusiya və Osmanlı
vuruşurdu.
Qafqaz cəbhəsində Osmanlı ordusunun Sarıqamış və Alaşkert
istiqamətlərində hücumları uğursuz oldu. Bundan istifadə etmək istəyən
ingilislərin İraqı tutmaq təşəbbüsü iflasa uğradı. Onlar Bağdad yaxınlığındakı
Qüttül Ümarə adlı yerdə Osmanlı tərəfindən ağır məğlubiyyətə uğradıldılar.
Ruslar 1916-cı ilin fevralında Ərzurumu, yazında isə Trabzonu işğal etdilər.
Lakin bu işğal o qədər də uzun sürmədi.

1917-ci ci ilin fevralında Rusiyada baş vermiş inqilab
nəticəsində çarizm devrildi. Bu hadisədən sonra Cənubi Qafqazda da bütün keçmiş
çar Rusiyası ərazisində olduğu kimi ikihakimiyyətlilik yarandı. Peterburqda
yaradılan Müvəqqəti hökumət yerlərdə əvvəlki hakimiyyət orqanlarını ləğv edərək
öz hakimiyyət orqanlarını yaratmağa başladı.
Çarizmin devrilməsindən sonra Cənubi Qafqazda gizli fəaliyyət
göstərən siyasi partiyalar açıq fəaliyyət göstərməyə başladılar.
Martın 9-da IV Dövlət Dumasının 5 nəfər üzvündən ibarət
xüsusi Cənubi Qafqaz Komitəsi təsis edildi. Komitə martın 18-də rəsmi işə
başladı.Bu komitədə A.Çxenkelinin xüsusi rolu var idi.
Cənubi Qafqazda «Müsəlman Milli Şuraları»nın böyük nüfuzu var
idi. yaradıldı. Borçalının «Müsəlman Milli Şura»sına S.Əliyev və M.Mirzəyev
başçılıq edirdilər.
12 sentyabr 1917 - ci ildə Borçalıda nizam-intizamı təmin
etmək adı ilə Şulaverə, Başkeçidə, Bolus Kəpənəkçiyə və Calalogluna hər birində
100 əsgər olmaqla 4 rota yerləşdirildi.
1917-ci ilin oktyabrında Peterburqda dövlət çevrilişi edən
bolşeviklər Müvəqətti hökuməti devirdilər. Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz)
komitəsi bolşevik rejimini tanımadığına görə devrildi.
Cənubi Qafqazı idarə etmək üçün noyabrın 15-də Tiflisdə,
Cənubi Qafqazın hər üç millətinin iştirakı ilə Y.P.Gegeçkorinin sədrlik etdiyi
Mavəraye Qafqaz hökuməti təşkil olundu.
1917-ci il 5 dekabrda Mavəraye Qafqaz hökuməti ilə Osmanlı
arasında imzalanmış Ərzincan müqaviləsi əsasında rus qoşunları Qafqaz
cəbhəsindən geri çəkilməyə başladı. Cəbhədən qayıdan rus ordusu silah və
sursatlarını xristianlara (erməni, gürcülərə), bolşeviklərə verdiyinə görə
Azərbaycan fraksiyası hökumətdən tələb etdi ki, cəbhədən qayıdan əsgərlərin
silahının bir qismi azərbaycanlılara verilsin. Bu məqsədlə Borçalı Türkləri
Candar stansiyasında cəbhədən qayıdan rus alayını tərkisilah etmək istədilər.
Lakin, rus əsgərləri müqavimət göstərdiyindən tərəflər arasında qarşıdurma baş
verdi, hər iki tərəfdən ölən və yaralılanlar oldu.
1917-ci il 17 dekabrda Borçalıya yiyələnmək uğrunda
ermənilərlə gürcülər arasında toqquşmalar başladı. Bu toqquşmalardan əhalisi
türklər olan Sadaxlı, Ləmbəli, Dəmyə Görarxı, Saral, Ağammədli, Kolgir, Qızıl
Hacılı,Ləmbəli, Körpülü, Voronsovka (Taşır) daha çox əziyyət çəkdilər.
Başkeçiddə yerli əhalinin təşkil etdikləri 200 nəfərlik hərbi dəstə erməniləri
ağır itki verərək geri çəkilməyə məcbur etdilər. Bu toqquşma 31 dekabr 1917 - ci
ildə Borçalının bir hissəsi olan Lorunun neytral zona elan edilməsilə aradan
qaldırıldı.Əslində bu addım əzəli Türk torpağı olan Lorunun ermənilərə güzəştə
gedilməsi demək idi.XX yüzilliyin əvvəllərində sahəsi 6057 kv.km olan Borçalının
ərazisi 4360 kv.km oldu.
1918-ci ilin yanvarında əvvəlcə Ərdahanda,daha sonra isə öz
işini Qarsda davam etdirən Türk - İslam konfransı paytaxtı Qars olmaqla Cənub -
Qərbi Türk Cümhuriyyətinin qurulduğunu elan etdi. Bu qurumun tərkibinə Borçalı
torpaqları Borçalı - Qarapapaq Cümhuriyyəti şəklində daxil edildi. Bu dövlət
milli-etnik zəminə əsaslanırdı.Belə ki, 1917-ci ildə Borçalı qəzası əhalisnin 93
% - ni (36516 nəfər) Türklər təşkil edirdi.
Mart ayının 3-də müharibədən çıxdığını bildirən Sovet
Rusiyası Brest-Litovsk sülh müqaviləsi imzaladı. Müqavilənin şərtlərinə görə
1877-1878-ci illər rus-Osmanlı müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli,
Qars, Ərdəhan və Batum viayətləri Osmanlıya verilməli,rus əsgərləri türk
ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərkisilah
etməli idilər.
1918-ci il mart ayının 11-də fəaliyyətə başlayan və bir ay
davam edən Trabzon konfransında Mavəraye Qafqaz hökumətinin nümayəndə heyəti
Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi. Osmanlı
hökuməti isə Mavəraye Qafqaz hökumətinin nümayəndə heyətinin Brest-Litovsk
müaviləsinin Qafqaza aid maddələrinə etirazına münasibətini bildirərək qeyd etdi
ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi tanınmaq istəyirsə, ilk
növbədə Rusiyadan ayrıldığını rəsmən bildirməli və öz istiqlaliyyətini elan
etməlidir.Azərbaycan fraksiyasının etirazına baxmayaraq erməni və gürcü
fraksiyasının tələbi ilə aprelin 13-də Mavəraye Qafqaz hökuməti Osmanlı ilə
müharibə haqqında qərar qəbul etdi. Bununla da, Trabzon konfransı öz
fəaliyyətini dayandırdı.Cəmi 7 gün çəkən «müharibə»də erməni - gürcü hərbi
birləşmələri geri oturduldu. Aprelin 22-də Cənubi Qafqaz müstəqil federativ
respublika elan edildi. Lakin bu respublika cəmi 34 gün yaşadı. Cənubi Qafqazın
xeyli hissəsini işğal etmiş Almaniyanın təhrikilə Gürcüstan 26 may 1918 - ci
ildə öz müstəqilliyini elən edərək bu qurumdan çıxdı. Borçalıya yerləşdirilən
alman hərbi hissələri sözün əsl mənasında quldurluqla məşğul idilər. Qasımlı
kəndindən 65 pud taxıl müsadirə edən almanlar, Saravn kəndi əhalisinin
hədələyərək onlardan 150 min qızıl rubl ödəməyi tələb etmişdilər. Belə gərgin
bir şəraitdə Borçalı türkləri «Qarapapaq xanlığı» yaratmaq qərarına gəlmiş və bu
niyyətlərin həm Azərbaycan, həm də Osmanlı dövlətlərinə bildirdilər : «… İndi
hətta bütün xırda xalqlar da özləri üçün müstəqillik tələb edirlər. Bu torpağın
ilk sakinləri olan bizlərin sayca çox olması və digər amillər öz torpağımızın
sahibi olmamıza haqq verir.Bununla bağlı biz Sultandan xahiş edirik ki, paytaxtı
Tiflis olmaqla «Qarapapaq» xanlığını ya öz himayəsinə qəbul etsin, ya da Tiflis
də daxil olmaqla bizim Azərbaycan tərkibinə qatsın». Bu müraciət Borçalının həm
sünnü (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları, həm də
Borçalı Xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə tərəfindən
imzalanmışdı.Lakin təəssüf ki nə Azərbaycan,nə də Osmanlı hökumətləri Borçalı
Türklərinə elə bir ciddi dəstək vermədilər.
1918-ci
il 30 oktyabrda imzalanmış Mudros barışığına görə I Dünya müharibəsində məğlub
olan Osmanlı orduları bir ay ərzində bütün Qafqazdan çıxarılmalı idi. Osmanlı
qoşunları Azərbaycanı tərk etdikdən sonra noyabr ayının 17-də Antanta qoşunları
Qafqaza daxil oldu. Belə bir şəraitdə həmin ayda Ahıska Müvəqətti hökuməti,
Borçalı - Qarapapaq Cümhuriyyəti və Araz Respublikası «Qars İslam Respublikası»
tərkibində birləşmək qərarına gəldilər. 30 noyabr 1918 - ci ildə Qarsda toplanan
konqresə Ordubad, Naxçıvan, Ağbaba, Kəmərli, Sürməli, Sərdarabad, Borçalı və digər
yerlərdən 60 nümayəndə gəldi. Borçalılıl Emin ağa Acalov bu konqresdə Qars İslam
Respublikasının Milli Məclisinin sədri seçildi.1919 - cu ilin yanvarından Qars
İslam Respublikası Cənub-Qərb Qafqaz Türk Respublikası adlandırılmağa başladı.
40 min kv.km sahəsi, 1800000 əhalisi (onun 1 milyon yarımını türklər təşkil
edirdi) olan bu dövlətin tərkibinə
Batumdan (Kiçik İstambul) Ordubad da daxil olmaqla böyük bir
ərazini əhatə edirdi.
|