Borçalı türklərinin soykökündə yaxından iştirak
etmiş xalqlar
Protobulqarların Qafqazda yaşamaları haqqında
qrabar dilində yazmış Moisey Xorenli iki dəfə xatırlayır.«Basen adlı yer (indiki
Qars ətrafında) Vnandur Bulqarları tərəfindən məskunlaşdırılmışdı... Bu yerlər
indi onların adı ilə Vənənd adlanır». Bulqarların Cənubi Qafqaza ikinci
gəlişlərini Moisey Xorenli belə təsvir edir: «Ulu Qafqaz dağlarında, Bulqar
torpağında böyük çaxnaşmalar oldu və onların çoxu Koxadan (Kolxidadan)
cənubdakı torpaqlara yerləşdilər».Görünür salnaməçi «böyük çaxnaşmalar» dedikdə
orta əsrlərin başlanğıcında hunların Şərqi Avropaya yürüşlərini nəzərdə tutur.
Hun axınlarının başlanması ilə protobulqarlar haqqında məlumatlar azalır.
Yenidən protobulqarlar haqqında məlumata yalnız VIII əsr lanqobard xronisti
Pavel Diakonun salnaməsində rast gəlinir:«V əsrdə Karpat ətrafına gələn
bulqarlar lanqobard kralı Algemundu öldürdülər və onun qızını ələ keçirdilər... Sonralar onlar qot başçısı Tiriarinin oğlu Teodoriyə qarşı mübarizədə Bizans
imperatoru Zenona kömək göstərdilər». Cəsur və yenilməz döyüşçülər kimi ad
çıxaran protobulqarlar 486-488-ci illərdə gepidlərə qarşı mübarizədə Bizansın
müttəfiqi kimi çıxış edirdilər.
IV əsrin 50-60-cı illərində hunlarla Qərbə
köçməyərək Qafqazda qalan bulqarlara burcalılar deyilirdi. Onlar da öz
növbəsində barsillərə, savirlərə və barıncalara bölünürdülər. Bəzi müəlliflər
bars sözünün qədim türk dillərində qaplan mənasını verdiyini qeyd edirlər.
Onların masqutlar (massagetlər) tərəfindən Qafqaza köçürülmüş şumer
döyüşçülərinin törəmələri olduqları güman olunur. Yaşadıqları ərazilər isə
Bersiliya adlanırdı. Cənubi Qafqazdan başqa, həm də Şimali Qafqazda məskunlaşan
barsillər Sulak çayı ilə Terek çayının mənsəbindən İdil (Volqa) çayına qədər
uzanan ərazilərdə yaşayırdılar. Şimali Qafqazda yaşayan barsillərin ən böyük
şəhərləri Bulker şəhəri idi. Barsil başbuğu Mixtar titulunu daşıyırdı. 706-cı
ildən başlayan və 30 il davam edən ərəb-barsil müharibələrindən sonra onların 20
mini islamı qəbul etdi, qalanları isə İdil (Volqa) çayının mənsəbindəki adaya
çəkildilər.
V əsrin sonlarına qədər başqa türk xalqları kimi
suvarlar da Böyük Hun imperatorluğunun tərkibinə daxil idilər. Böyük Hun
imperatorluğunun parçalanmasından sonra təşəbbüsü ələ alan avarlar suvarların
xeyli hissəsini qərbə doğru sıxışdırdılar. VI əsrin əvvəllərində
bulqarlarla birləşən suvarlar Volqa–Don çayları arasındakı ərazilərdə
hakim oldular. Qərbi Sibir ərazisində qalan suvarlar isə VII əsrdə Sibir xanlığı
adlı dövlət qurmağa nail oldular.
516-cı ildə Sasanilərlə ittifaq bağlayan Suvar
hökmdarı Bələk xan Bizans ordusunu darmadağın edərək, Cənubi Qafqazı ələ
keçirdi. Bizans ordularını təqib edən suvarlar Şərqi Anadolunu tutdular.
Bizans tarixçisinin yazdığına görə, «suvarlar ən yaxşı müdafiə olunan şəhərləri
də, nə iranlılara, nə də bizanslılara məlum olmayan bir üsulla asanlıqla ələ
keçirirdilər. Hələ indiyə qədər suvarların istifadə etdikləri döyüş alətləri
icad olunmamışdır». Bələk xandan sonra hakimiyyətə gələn arvadı Boğarık
xatun 528- ci ildə Bizans imperatoru Yustinianla (527-565) müqavilə bağlayaraq,
Sasanilərə qarşı mübarizəni davam etdirməyə başladı. Suvarların rəğbətini
qazanmaq istəyən Sasani hökmdarı Xosrov Ənuşirvan (531-579) suvarların
Azərbaycanda yurd salmalarına razılıq verdi. Azərbaycanlıların soykökündə
suvarlar yaxından iştirak etmişlər. Erkən orta əsr Bizans mənbələri Qəbələ
şəhərini suvarların iqamətgahı kimi təsvir edirlər. Suvar tayfalarının adı
indiki Biləsuvar şəhərinin adında da qorunub saxlanılmışdır.
Musa Qalankatlının «Ağvan tarixi» əsərində
suvarların «oda, suya, Aya, gözlərinə təəccüblü görünən şeylərə, xüsusilə də,
iri bədənli təsəvvür etdikləri Tanrı xana» inandıqları qeyd olunur. Möhkəm
gövdəli palıd ağacları ətrafında Tanrı xana ibadətgahlar düzəldən suvarlar ona
atları qurban verir, qurbanlığın qanı ilə bu ağacları sulayır, dərisini və
başını isə budaqlardan asırdılar. Səkkizguşəli ulduz şəklində təsvir olnunan
Günəş Tanrı xanın simvolu hesab edildiyindən suvarların əksəriyyəti səkkizguşəli
boyunbağı taxırdılar. Suvar xanı Alp İlitverin ölkə əhalisinin hamısını
xristianlaşdırmaq təşəbbüsü uğursuzluqla nəticələndi. Yalnız Qərbi Azərbaycan
ərazisində məskunlaşmış savirlərin bir hissəsi xristianlığı qəbul edərək
get-gedə öz türklüklərini itirməyə başladılar. Erkən orta əsr mənbələri
savirlərin bu hissəsini «sevordik», yəni «qara savirlər» adlandırırlar. İndi də
Tiflis şəhərinin ən böyük məhəllələrindən biri – «Sabur tala» bəzi alimlərin
iddia etdikləri kimi «top oynanılan meydan» deyil, «Sabir talası» mənasını
verir. İndiki gürcü dilində bəzi sözlər – «simes» (yemək), «sive» (soyuq),
erməni dilindəki «toxmaq», «varel» (qaynamaq), «təsək» (çeşid, növ) savir
dilindən alınmadır.
Suvarların kütləvi şəkildə Azərbaycan
ərazisinə gəlmələri onların Volqa və Don ərazisində saylarının azalmasına
gətirib çıxartdı. Bu bölgədə qalan suvarlar Şərqi Avropanın ən qüdrətli türk
dövlətlərindən olan Xəzər xaqanlığının qurulmasında xəzərlərlə,
barsillərlə və digər qohum tayfalarla birlikdə yaxından iştirak etdilər.
Suvarlar VII əsrin 80-ci illərində Xəzər xaqanlığının qərb ucunu təşkil
edirdilər.
Borçalı türklərinin soykökündə yaxından iştirak
etmiş xalqlardan biri də xəzərlərdir.
VII-X əsrlərdə mövcud olmuş Xəzər xaqanlığının qurulmasında suvarların varisləri
olan xəzərlərlə yanaşı barsillər və sarı oğuzlar da yaxından iştirak etmişlər.
Göytürk xaqanlığının qərb hissəsini idarə edən
İstəmi Yabqunun oğlu Türksənfın 576-cı ildə Cənubi Qafqaz uğrunda Bizansla
apardığı uğursuz müharibə türk xalqları arasında çəkişmələrin artmasına və 15 il
sürən daxili müharibələrə səbəb oldu. VII əsrin əvvəllərində daxili çəkişmələrə
son qoyan türklər yenidən Cənubi Qafqaz uğrunda mübarizəyə
qoşuldular. Musa Qalankatlının yazdığına görə, türk ordusunun əsas zərbə
qüvvəsini xəzərlər təşkil edirdilər. Bizans tarixçisi 626-cı ildə imperator
İraklinin Sasanilərə qarşı «Xəzər adlanan şərq türkləri ilə ittifaqa
girməsini» xüsusi qeyd edir. Musa Qalankatlının yazdığına görə, Sasanilərə
qarşı müharibəyə hazırlaşan «Türk xaqanı hakimiyyəti altında olan dağlılara,
aranlılara, şəhərlilərə, köçərilərə, başlarını qırxdıranlara və
kəkillilərə, bütün xalqlara, tayfalara silahlanaraq hazır olmağı tapşırdı».
627-ci ildə Sasani ordularını geri oturdan türklər Tiflisi mühasirəyə aldılar.
Qışın sərt keçməsi və ərzaq ehtiyatının azlığı Türk ordusunu bu mühasirədən əl
çəkməyə və qışlamaq üçün geri dönməyə vadar etdi. 628-ci ilin yazında Tiflisi
tutan Türk ordusu, 630-cu ildə Göyçə gölü sahilində Sasaniləri daha ağır
məğlubiyyətə uğratdılar. Lakin Türk xaqanlığı daxilində onun dağılması ilə
nəticələnən çəkişmələr Sasanilərin tam məhv edilməsinin qarşısını aldı.
Türk xaqanlığının dağılmasından sonra Göytürk
xaqanlarının mənsub olduqları Aşina (Qurd) nəslindən olan Xəzər hökmdarı 634-cü
ildə özünü xaqan elan etdi. Ərazisi Qara dənizdən Xəzər dənizinə, Kama çayından
Azərbaycanın cənubuna qədər uzanan Xəzər xaqanlığının paytaxtı əvvəlcə indiki
Mahaçqala şəhəri yaxınlığında yerləşən Səməndər, sonralar isə Xəzər
dənizinin şimalında salınmış İdil şəhəri olmuşdur.
|