Borçali II Rusiya - Qacar müharibəsi illərində
Güney
Qafqazda olan nüfuzlarının itirilməsi və Azərbaycanın şimal torpaqlarının
itirilməsi ilə heç cür barışmaq istəməyən Qacarlar 1814-cü il noyabrın 25-də
İngiltərə ilə Rusiyaya qarşı yönəlmiş saziş imzaladılar. Sazişə əsasən Qacarlar
ingilislərin Hindistanda möhkəmlənməsinə mane olmayacaqlarına, İngiltərə isə
bunun əvəzində 1809-cu il sazişində müəyyən edilmiş məbləğdə maliyyə yardımı və
hərbi yardım verməyi öhdəsinə götürürdü. Digər tərəfdən ingilislərin vasitəçiliy
ilə 1823-cü ildə Qacarlarla - Osmanlı arasında işbirliyi haqqında andlaşma
imzalandı. Mənbələrə görə bu dövrdə Qacarlar Borçalı türklərini İrəvan xanlığı
ərazisinə köçməyə təhrik edir və onları «kafirlərə boyun əyməməyə» çağırırdılar.
Borçalıların bir qismi Nağı xanın başçılığı ilə Göyçəyə və İrəvan ətrafına, bir
qismi isə hətta Xorasana köç etdilər. Öz soydaşlarını yaxşı qarşılayan Qacar
hakim dairələri onları hər cür vergilərdən azad etdilər.
Şimali Qafqazda dağlı xalqlara qarşı müharibə aparan Rusiya Qacarlarla labüd
müharibədən çəkinirdi. Rus çarı Tehrana göndərdiyi nümayəndə heyətinə şahı
müharibədən çəkindirməyin qarşılığında keçmiş Qarabağ və Lənkəran xanlılarının
bir hissəini güzəştə getməyi tapşırmışdı. 1825-ci ilin dekabrında Rusiyada baş
vermiş dekabristlər üsyanının Rusiyanın başını qatdığını düşünən Qacarlar bunu
Rusiya ilə müharibəyə başlamaq ən gözəl fürsət hesab edərək, müharibəyə
başladılar.
19
iyul 1826-cı ildə vəliəhd Abbas Mirzənin başçılıq etdiyi 60 minlik qızılbaş
qoşunu Xudafərin körpüsünü keçərək Qarabağ və Gəncə üzərinə yeridi. Bundan
ruhlanan Gəncə əhalisi iyulun 27-də Rusiya əleyhinə üsyana qalxdı. Bakı, Şamaxı
və Şəki xanlılarının əhalisi də Rusiya əleyhinə üsyanlara başladılar. Sarı
Aslanın başçılıq etdiyi İrəvan xanlığının ordusu Dağ Borçalısında və Şirəkdə
yerləşdirilmiş rusları geri oturtdu.Bolus - kəpənəkçi əhalisi ruslar tərəfindən
onların dədə-baba torpaqlarına yerləşdirilmiş alman kolonistlərini qovdular.
Rusiyanın Qafqazdakı baş hakimi Yermolovun Borçalının sünnü əhalisini
qızılbaşlara qarşı qaldırmaq cəhdi uğursuluqla nəticələndi.
Qızılbaşlar Qarabağın xeyli hissəsini ruslardan azad edərək, Şuşa qalasını
mühasirəyə aldılar. Artıq vaxt itkisinə səbəb olan Şuşa qalasının 48 günlük
mühasirəsi qızılbaşlar tərəfindən atılmış səhv addım idi. Belə ki, qızılbaşların
əsas qüvvələrinin mühasirəyə cəlb olunması pərən - pərən salınmış rus
qüvvələrinin birləşdirilməsi və əks hücuma keçməsi üçün şərait yaratdı. Rusiya
dekabristlər üsyanında iştirak etdiklərinə görə cərimə batalyonlarına qulluğa
göndərilən soldatlarını Azərbaycana yeritdi. Onlara qızılbaşlarla qarşı yaxşı
döyüşəcəkləri halda «əfv olunacaqları» haqqında vəd verildi.
Qızılbaşların Tiflis üzərinə gedən azsaylı,kiçik bir dəstəsi 1826-cı il
sentyabrın 3-də Şəmkir döyüşü döyüşündə ağır məğlubiyyətə uğradı. Qızılbaş
qoşunu Şuşanın mühasirəsindən əl çəkməli oldu. 1826-cı il sentyabrın 13-də Gəncə
döyüşündə də Qacarların ordusu məğlub oldu.
1827-ci
ilin yazında çar I Nikolay Qafqaz xalqlarına qarşı vəhşiliyi ilə ad çıxartmış
Yermolovu Paskeviçlə əvəz etdi. Yermolova nisbətən Azərbaycan türklərinə, o
cümlədən Borçalı türklərinə «daha məhəbbətlə» yanaşan Paskeviç, Borçalı
bəylərini şirin vədlərlə öz tərəfinə çəkməyə nail olmaq istəyirdi. Bu məqsədlə
Tiflisdə Borçalı ağa və bəylərinin övladları üçün məktəb də təsis edildi. Lakin
əslində bu uşaqlar rusların əlində girov idilər.
1827-ci ildə başlanan hərbi əməliyyatlarda rus qoşunlarının qarşısında duran ilk
vəzifə Naxçıvan və İrəvan xanlıqlarını işğal etmək idi.Apreldə general
Benkendorfun başçılıq etdiyi rus hərbi dəstələri Dağ Borçalısından - Calaloğlu (indi
Stepanavan adlanır) və Hamamlıdan (indi Spitak adlanır) keçərək Üçtərək yolu ilə
Üçmüəzzin üzərinə yeridilər. Nağı xanın başçılığı ilə İrəvan ətrafında yeni yurd
salmış Borçalı türkləri ruslara qarşı döyüşlərdə misilsiz qəhrəmanlıq
göstərdilər. Vedi ətrafında yaşayan bəzi bəylərin xəyanət edərək ruslar tərəfinə
keçməsindən narahat olan Nağı xanın döyüşə-döyüşə Gümrü - Calaloğlu - Başkeçid
yolu ilə Barmaqsıza (indiki Zalqa prefektliyi) keçmək təşəbbüsü heç bir nəticə
vermədi.
1827-ci il iyunun 16-da Naxçıvan rus qoşunları tərəfindən işğal olundu. 1827-ci
il iyulun 5-də Cavanbulaq döyüşündə qələbə çalan rus qoşunu Abbasabad qalasını
ələ keçirdi. Döyüşdən əvvəl Paskeviç ruslar tərəfinə keçmiş bəylərin vasitəsilə
başqa bir Borçalı bəyi olan məmməd ağanı neytrallaşdırmağa nail oldu. Bundan
sonra 20 sentyabr 1827-cü ildə mühüm strateji əhəmiyyətli Sərdarabad qalası
ruslar tərəfindən tutuldu.
1827-ci
il oktyabr ayının 1-də rus qoşunları qaladakı ermənilərin xəyanəti nəticəsində
İrəvanı işğal etdilər. Borçalı türkləri tərəfindən də qəhrəmanlıqla müdafiə
olunan bu Azərbaycan şəhərinin mühasirəsi zamanı ruslar ən ağır mərmilərdən
istifadə etmişdilər. İrəvan qalasının tutulması ilə rus qoşunlarının
Azərbaycanın cənubuna yolu açılmış oldu. Bu yürüşdə rusların tərəfinə keçmiş
bəzi xain Borsalı bəyləri də iştirak edirdilər. Rus qoşunları hərbi sursat
cəhətdən pis təmin olunmuş qızılbaşları məğlub edərək 1827-ci il oktyabrın 2-də
Mərənd və Xoyu, oktyabrın 13-də isə Təbrizi ələ keçirdi. Təbrizi idarə etmək
üçün rus zabitlərinin başçılıq etdiyi müvəqqəti idarə yaradıldı. 1828-ci il
yanvarın 28-də Urmiya, fevralın 8-də isə Ərdəbil rusların əlinə keçdi.
1828-ci il fevral ayının 10-da Türkmənçay kəndində Rusiya ilə Qacarlar arasında
barışıq imzalandı. Sülh danışıqlarında Abbasqulu ağa Bakıxanov Paskeviçin
tərcüməsi kimi iştirak edirdi. 16 maddədən ibarət olan sülh müqaviləsinə görə:
- Rusiya öz qoşununu 120 kurur (20 milyon manat gümüş rubl) ödənc müqabilində
Cənubi Azərbaycan torpaqlarından çıxardırdı;
- Qacarlar əvvəllər Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqları
ilə yanaşı İrəvan, Naxçıvan xanlıqlarının və Ordubad mahalının da Rusiyanın
tərkibinə keçməsinə razılıq verirdi;

Türkmənçay
barışığı ilə Şimali Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı rəsmən
başa çatdı. Müəllifləri Qriboyedov və Paskeviç olan bu barışığın ən zərərli,
15-ci maddəsinə əsasən Qacarların tabeçiliyində olan torpaqlardan Cənubi Qafqaz
ərazisinə kütləvi şəkildə ermənilər köçürülməli idi. Ən çox erməni Osmanlı ilə
sərhəddə - Şimali Azərbaycanın qərb torpaqlarına - İrəvan, Borçalı və Naxçıvana,
habelə Qarabağa köçürülürdü. Rusiya Tiflisdə köçürmə ilə bağlı xüsusi komitə
təşkil etmişdi. 1828-1829-cu illərdə Şimali Azərbaycana Qacarların tabeçiliyində
olan torpaqlardan 40-50 min, Osmanlıdan isə 90 minədək erməni köçürüldü.
Müharibədən sonrakı iki il ərzində Qacarların hakimiyyəti altında qalan
ərazilərdən və Osmanlıdan köçürülmüş 120 mindən çox erməniyə Azərbaycan
türklərinə məxsus torpaqların bir hissəsi və 200 min desyatindən çox xəzinə
torpağı ayrıldı. Ermənilərin kütləvi şəkildə Şimali Azərbaycan torpalarında
yerləşdirilməsi prosesi gücləndikcə onlar yerli əhalini sıxışdırmağa başladılar.
Hələ köçürmə prosesinin başlanğıcında A.Qriboyedov yazırdı ki, bir müddət
keçəndən sonra ermənilər məskunlaşdıqları Şimali Azərbaycan torpaqlarının onlara
məxsus olduğunu iddia edəcəklər. Ermənilərin torpaq iddiası onlarla yerli
Azərbaycan türkləri arasında ziddiyyətlər yaratdı. Bu ziddiyyət getdikcə silahlı
toqquşmalara gətirib çıxarırdı.
1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ləğv edildi və onların ərazisində
«Erməni vilayəti» yaradıldı.
İndi qarapapaq adı ilə tanınan Borçalı türklərinin bir qismi Qacarların
hakimiyyəti altında qalan Azərbaycan torpaqlarına - Urmiyə ətrafına və Sulduza,
bəziləri isə Osmanlı tərkibində olan Qars və Ərdahan vilayətlərinə köçməyə
məcbur oldular. Öz yurdlarında qalan Borçalı ağa və bəyləri isə çar Rusiyasının
hakim dairələri tərəfindən mülkiyyət hüqüqundan məhrum edildilər. 1841-ci il
aprelin 25-də imzalanan çar fərmanı ilə Şimali Azərbaycanın hakim zümrələri, o
cümlədən Borçalı ağaları və bəyləri özlərinin dədə - baba torpaqlarından məhrum
olundular. Borçalıda çar Rusiyasının ağır müstəmləkə rejimi quruldu.

|