Rusiya - Qacar müharibələri və Borçalı
Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra Baba şah
(əmisi Ağa Məhəmməd şah Qacar onu həmişə bu cür əzizlədiyindən bu ləqəbi
almışdı) adı ilə tanınan Fətəli şah Qacar hakimiyyətə gəldi. O, 1798- ci ildə
İraklinin ölümündən sonra gürcü hakimliyinə gəlmiş XII Georgini Qacarlara biət
etməyə dəvət etdi. Eyni zamanda gürcülərin yeni hakiminə rus çarı I Pavel
1783-cü ildə Rusiya ilə bağlanmış Georgiyevsk traktatına əməl etməyi tövsiyə
edən fərman və onun hakimiyyətini tanıdığını bildirən sənəd göndərdi. XII
Georginin ölümündən sonra I Pavel Sankt Peterburqda sığınacaq tapmış gürcü
knyazları Avalov və Pəhləvandovdan şahzadə Davidin gürcü hakimi kimi tanınmasını
təsdiq edən sənəd göndərdi. Bu sənədə bəzi dəyişikliklər etmək müqabilində
Rusiya ağalağını qəbul edən David, həmin sənədi yenidən Peterburqa göndərdi.
Lakin Avalov və Pəhləvandov Peterburqa qayıdana kimi rus çarı I Pavelin oğlu
Aleksandr tərəfindən təşkil olunmuş sui - qəsd nəticəsində qətlə yetirildi.
Nominal da olsa Gürcüstana hər hansı bir müstəqiliyi qəbul
belə etmək istəməyən I Aleksandr 12 sentyabr manifestində gürcülərdən Rusiyaya
tabe olmağı tələb etdi. Lakin sözün əsl mənasında həyasızcasına gürcülərin
mənəviyyatına toxuna biləcək bu tələbnaməni yalnız 1802 - ci ildə səsləndirə
bildilər. Tiflisə göndərilən general Knorrinq gürcülərin Rusiya çarlığının
qanunları əsasında idarə olunmasını tənzimlədikdən sonra Peterburqa
qayıtdı.Knorrinqi erməni mənşəli general - mayor Lazarev əvəz etdi.
Beləliklə, həm Azərbaycan Türk hökmdarları,istərsə də
Osmanlılar tərəfindən nominal şəkildə də olsa daxili idarəçilik hüququna malik
olan gürcü hakimləri Rusiya hakim dairələri tərəfindən hakimiyyətdən tamamilə
uzaqlaşdırıldılar. Rusiya burada öz hakimiyyətini möhkəmləndirmək məqsədilə
aşağıdakı tədbirləri gördü :
1. Yüz illər boyu Azərbaycan Türk hökmdarları və eləcə də
Osmanlı tərəfindən daxili idarəçilik hüquqları tanınmış Baqrationilər
sülaləsinin üzvlərinin amansız təqibinə başlanıldı. XII Georginin oğulları -
Aleksandr və Teymuraz ruslara tabe olmaqdan imtina edərək Fətəli şah Qacarın
himayəsini qəbul etdilər. Bu məqsədlə onlar Borçalı türklərinin yanında
sığınacaq tapdılar. Bu barədə general - mayor Lazarev yazırdı : « … borçalılar
bizə (Rusiya nəzərdə tutulur) inanmırlar… İndi şahzadə Aleksandr və bəzi Qaxet
knyazları Borçalı əsilzadələri ilə birlikdə Gəncə xanının yanındadırlar… ».
19 aprel 1802 ci ildə XII Georginin dul arvadı Məryəmin
yataq otağına soxulan Lazarev onu Peterburqa göndərmək istədi. Məryəmdən rədd
cavabı alan Lazarev onu qandallatmaq istədikdə qarnından aldığı xəncər
zərbəsindən öldü. Buna baxmayaraq XII Georginin o biri oğulları və qızı
Darecan Rusiyaya sürgün olundu. 1804 - cü ildə isə Baqrationilər sülaləsindən
olan bütün şəxslər, o cümlədən XII Georginin dul arvadı Məryəm Rusiya
ərazisinə köçürüldü.
2. Azərbaycan Türk hökmdarları və eləcə də Osmanlı dövründə
vergilərdən azad olunmuş və xeyli imtiyazlar verilmiş gürcü kilsəsi
avtokefallıqdan məhrum edildi, ibadətin rusca aparılması haqqında göstəriş
verildi.Bununla da rus dilini bilməyən gürcü keşişlərinə həm maddi, həm də
mənəvi cəhətdən ağır zərbə vuruldu.
3. Rusiya hakim dairələrinin həyata keçirdikləri demoqrafik
təcavüz nəticəsində Borçalıya və Tiflisə 1803 - cü ildə 11 min, 1811 - ci ildə
isə 2 min erməni yerləşdirildi. 1818 - ci ildə 500 alman ailəsi Borçalıya -
indiki Bolnisi prefektliyi ərazisinə köçürüldü. Gəlmələr Bolus - Kəpənəkçi
adını dəyişərək buranı Lüksemburq adlandırdılar.1829 - cu ildə 30 min erməni
ailəsi, 1830 - 31 - ci illər ərzində isə 14 min yunan - erməni ailəsi
imtiyazlı şərtlərlə Cavaxetiyaya yerləşdirildi. Köçürülən yunanlar Barmaqsız
(indiki Zalqa prefektliyi), Başkeçidin (indiki Dmanisi prefektliyinin)
Sarkineti (buntürklərin ən qədim yurd yerlərindən olan Sarkine) və Opret
ərazilərində məskunlaşdırıldı. Ermənilər, yunanlar, almanlarla yanaşı Borçalı
ərazinə həm də Rusiyanın daxili quberniyalarından minlərlə bidətçi ruslar -
molokanlar və duxoborlar köçürüldü. Gəlmələr tərəfindən sıxışdırılan, Rusiya
ağalığını qəbul etmək istəməyən Borçalının yerli əhalisinin bir qismi, əsasən
də qarapapaqlar Qacarlar və Osmanlı ərazilərinə köçmək məcburiyyətində
qaldılar.
Gürcü hakimliyinə son qoyaraq onun tərkibində olan Borçalını
işğal etdikdən sonra bölgəyə hakim təyin olunan general Sisyanovun indi hücum
hədəfi Car - Balakən idi. Çünki Car - Balakən strateji cəhətdən rus qoşunlarının
Azərbaycanın içərisinə döğru irəliləməsi üçün bir maneə idi. 1803-cü cü ilin
martında general Qulyakovun başçılığı ilə rus ordusu Car - Balakənə soxuldu.
1803-cü il aprelin 12-də Tiflisdə Car - Balakən camaatlığı ilə Rusiya
arasında «Andlı öhdəlik haqqında saziş» imzalandı.
Camaatlığın daxili idarəsinin dəyişməz qaldığını və şərtlərin
yerinə yetirilmədiyini görən Qulyakov 1804-cü ildə yenidən Cara soxuldu və onu
yandırdı. Rusiya zülmündən buraya köçüb gələn Borçalı elatlarını da iştirak
etdiyi Zaqatala döyüşündə məğlub edilən rus ordusu Muxax kəndinə çəkildi,
general Qulyakov isə öldürüldü. Carlılara divan tutan Sisyanov Ilisu
sultanlığını işğal etdi.
Kür çayının bu birisi sahilində isə rusların əsas işğal
hədəfi Gəncə seçilmişdi. Sisyanov hədələyici məktublar göndərərək onun təslim
olmasını tələb etdikdə, Cavad xan Qacar ona «mənimlə müharibə etmək fikrinə
düşmüsənsə, mən hazır. Uğur isə allahın əlindədir» deyə soyuqqanlıqla cavab
verdi. Cavad xan Qacarın qoşunları ilə çoxsaylı rus ordusu arasında ilk döyüş
Quru qobu adlı yerdə oldu. Qeyri - bərabər döyüşdən sonra geri çəkilməyə məcbur
olan Cavad xan Qacar Gəncəyə döndü və şəhərin istehkamlarını möhkəmlətdi. Cavad
xan Qacarı Gəncədən kənara çıxararaq, sayı Gəncə xanının qoşunlarından bir neçə
dəfə çox olan ordusu ilə məğlub etməyə çalışan, onu meydan müharibəsinə təhrik
etmək istəyən Sisyanov ən rəzil hərəkətlərə əl atırdı. O, nəinki gəncəlilər,həm
də bütün Azərbaycan Türkləri üçün müqəddəs olan Şeyx Nizaminin türbəsini də
təhqir etməkdən çəkinmədi (Sonradan Sisyanov Bakı xanı tərəfindən İçərişəhərin
qala divarlarv yaxınlığında layiqli cəzasını almış,onun kəsilmiş başı Fətəli şah
Qacara göndərilmiş, leşi isə qala divarlarından kənarda basdırılmışdı. Bakı
işğal olunandan sonra ruslar onun basdırıldığı yerin üzərində Sisyanovun
heykəlini düzəltdilər. Bu heykəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə
götürüldü. 1947 - ci ildə həmin yerdə Nizami Gəncəvinin heykəli ucaldıldı.
Vaxtilə Ulu Şeyx Nizaminin türbəsini təhqir etmiş yaramaz çar generalının
sümükləri, hazırda Şeyx Nizaminin heykəlinin ayaqları altındadır). Yalnız qala
daxilindəki ermənilərin xəyanəti nəticəsində rus qoşunları 1804-cü il yanvarın
3-də, Ramazan bayramı günü Gəncəni işğal etdilər. Cavad xan və oğlu Hüseynqulu
xan döyüşdə qəhrəmancasına həlak oldular. Gəncənin adı dəyişdirilib Yelizavetpol
qoyuldu. «Gəncə» sözünü işlədənlər bir gümüş manat pulla cəzalandırılırdı.
Gəncənin Rusiya tərəfindən işğalı nəticəsində Azərbaycanın cənub bölgələrinə də
yol açıldı və rus qoşunlarının Xəzər sahillərinə çıxıb Həştərxanla əlaqə
yaratmasına imkan yarandı.
Gəncənin işğalından hiddətlənən Fətəli şah Qacar 1804-cü ilin
mayında rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Rədd cavabı
alan Qacarlar iyunun 16-da müharibəyə başlandı. Tərəflər arasında ilk döyüş
1804-cü il iyulun 27-də Üçmüəzzin monastırı yaxınlığında, ikinci döyüş isə
İrəvan yaxınlığındakı Qəmərli kəndində oldu. Hər iki döyüşdə rus qoşunları
qızılbaşlar tərəfindən məğlub edilərək geri çəkildi. Rusların Cənubi Qafqazdan
tamailə çıxarılmasına şərait yarandığı bir məqamda Qarabağ xanı İbrahim Xəlil
1805-ci il may ayının 14-də Rusiya ilə seperat Kürəkçay müqaviləsini imzaladı.
Müqaviləyə görə xan, onun varisi və bütün xanlıq əhalisi Rusiya təbəəliyinə
qəbul olunur, hər il Rusiya xəzinəsinə 8 min çervon bac verməyə boyun olurdu.
İbrahim Xəlil öz qaynı, Şəki xanı Səlimi də Rusiya ilə belə bir müqavilə
imzalamağa təhrik etdi. 1805-ci il may ayının 21-də isə Rusiya ilə Şəki xanlığı
arasında Kürəkçay müqaviləsinin şərtlərini təkrar edən müqavilə imzalandı.Şamaxı
xanı Mustafa xan isə yalnız Azərbaycanın şimal xanlıqlarının ona tabe ediləcəyi
və ona aylıq maaş veriləcəyi halda Rusiya hakimiyyətini qəbul edəcəyini
bildirdi. Xanlar arasında ziddiyətlərdən istifadə edən Sisianov riyakarcasına
Mustafa xandan vaxtilə Qarabağdan Şirvana köçmüş əhalini geri qaytarmağı və
Cavad ərazisini Qarabağa verməyi tələb etdi. Şəki və Qarabağ xanlarının atlı
dəstələrinin köməyilə rus ordusu 1805-ci il dekabrın 27-də Şamaxı xanına Rusiya
hakimiyyətini qəbul etdirdi.
Şamaxı xanlığının rus qoşunları tərəfindən işğalından sonra Bakıya yol açıldı.
1805-ci il avqustun 12-də Xəzər dənizi vasitəsilə Zavalişinin başçılığı ilə
Həştərxandan göndərilmiş rusların desant dəstəsi xanlığın bütün strateji
məntəqələrini ələ keçirdi. 1806-cı ildə Sisyanov güclü artilleriya ilə Bakıya
yaxınlaşaraq Zavalişinin desant dəstəsi ilə birləşdi. 1806-cı il fevralın 8-də
Sisianov Bakı xanlığının Rusiya tabeliyinə keçməsi haqqında müqavilə layihəsini
Hüseynqulu xana təqdim edərkən göstərdiyi dikbaşlığa görə öldürüldü.
1806-cı il iyunun 22-də Dərbənd istiqamətindən marşal Qlazenapın başçılığı ilə
Azərbaycana soxulan rus ordusu oktyabrın 3-də Bakını işğal etdi.
1806-cı ilin iyununda qızılbaş qoşunu Şuşaya hücum etdi. Şuşadakı rus
qarnizonunun rəisi mayor Lisaneviç bu dəfə də ruslara xəyanət edəcəyindən
şübhələnərək, Xankəndində yaşayan Ibrahimxəlil xanı öldürdü. Buna cavab olaraq
Şəki xanı Səlim xan rus qarnizonunu Şəkidən qovdu. 1806-cı il oktyabrın 22-də
Şəki xanlığı rus qoşunları tərəfinən tutuldu. Səlim xanı Rusiyaya sədaqət
göstərən xoylu Cəfərqulu əvəz etdi. Şəki xanlığını idarə etmək üçün rusiyapərəst
bəylərdən ibarət müvəqqəti idarə yaradıldı.
Ruslara qarşı üsyan qaldırmış Car - Balakən camaatı Avar xanından və Dağıstan
feodallarından kömək alsalar da məğlub edildilər.
Naxçıvan və İrəvan xanlıqlarını da tutmaq istəyən Rusiya 1806-cı ilin
sentyabrında Fətəli şah Qacarın sülh təklifini rədd etdi.
İrəvanı tuta bilməyən ruslar Qarababa kəndi yaxınlığındakı döyüşdə şahzadə Abbas
Mirzə Qacarın başçılıq etdiyi qızılbaş ordusu tərəfindən ağır məğlubiyyətə
uğradıldı. Pənbək yaxınlığındakı döyüşdə də Pirqulu xan Qacarın başçılıq etdiyi
hərbi dəstə mayor Montrezorun başçılıq etdiyi rus qoşununu məğlub etdi. Bu
döyüşdə 200 Borçalı qarapapağı da iştirak edirdi.Mənbələrin verdikləri məlumata
görə «mayor Montrezor öldürüldü və qızılbaşlar qənimət kimi iki top və
Montrezorun arvadını ələ keçirdilər ». Abbas Mirzə Qacar Məhəmməd bəyi
Ağcaqalaya qalabəyi təyin elədi.
Gürcüstanın Araqvi vilayətində də ruslara qarşı üsyan baş
verdi.Üsyanı yatırtmağa göndərilən general Talızinin uğursuzluğa düçar olduğunu
eşidən Rusiyanın Gürcüstandakı hakimi Tiflis sakini erməni əsilli Mkurtumdan
araqvililərin mühasirəsinə düşmüş rus ordusuna bələdçilik etməyi
tapşırdı.Mkurtum isə rus qoşununu Tiflisə deyil, osetinlər yaşayan bölgələrə
apardı. Bu dəfə rus ordusundakı kazakların xeyli hissəsini osetinlər qırdılar.
Rus qoşunlarının 1808-ci ilin payızı - 1809-cu ilin əvvəllərinin hərbi
kampaniyası məğlubiyyətlə başa çatdı. Şahzadə Məhəmmədəli xan Qacar Ağcaqaladan
Başkeçidə və Godaya qədər ərazini ruslardan təmizlədi.
Tezliklə ruslar Cənubi Qafqaza əlavə qüvvələr yeritdilər. 1812-ci il dekabrın
21-də Lənkəran xanlığı əraziçinə soxulan rus qoşunları Sadıq xanın başçılığı ilə
əhalinin ciddi müqavimətinə rast gəlir. Dekabrın 31-dən yanvarın 1-dək olan
döyüşdə Sadıq xan həlak oldu. 1813-cü il yanvarın 1-də rus ordusu Lənkəran
qalasını ələ keçirdi və yerli - dibli yandırdı.
Aslandüz və Lənkəran döyüşlərində rus qoşunlarının qələbəsi birinci Rusiya -
Qacar müharibəsinin taleyini həll etdi. Rusların ölkənin içərilərinə doğru
irəliləməsindən ehtiyatlanan Fətəli şah Qacar sülh bağlamağa razı oldu. 1813-cü
il oktyabrın 12-də Rusiya ilə Qacarlar arasında Gülüstan kəndində sülh
müqaviləsi bağlandı. Müqaviləyə görə Qacarlar İrəvan və Naxçıvan xanlıqlarından
başqa qalan Şimali Azərbaycan torpaqları - Dərbənd, Borçalı, Şəmşəddil, Pəmbək,
Qazax, Car - Balakən, İlisu, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Bakı, Quba, Lənkəran,
həmçinin Şərqi Gürcüstan və Dağıstan Rusiya tərəfindən işğalını rəsmən
tanıyırdı.
Qazax, Borçalı, Şəmşəddil və Pəmbək torpaqlarının ələ keçirilib Şərqi Gürcüstan
idarə sisteminə daxil edilməsi ilə Şimali Azərbacan torpaqlarının
parçalanmasının əsası qoyuldu.
|