Borçalı XVIII yüzilliyin II yarısında
Nadir şahın ölümündən sonra Adil şah adı ilə taxta onun
qardaşı oğlu Əliqulu xan Əfşar çıxdı. Əvvəlcədən qeyd etdiyimiz kimi Əliqulu xan
hələ əmisinin sağlığında Teymurazın qızı, İraklinin bacısı Katevanla evlənmişdi.
Ona görə də hakimiyyətə gələn kimi gürcülərin vergilərini ləğv elətdirdi. Lakin
gürcülərin sevinci uzun sürmədi. Azərbaycan bəylərbəyi Əmiraslan xanla birləşən
İsfahan hakimi İbrahim xan Əfşar Miyanə yaxınlığındakı döyüşdə qardaşı Adil şahı
məğlub edərək gözlərini çıxartdırtdı. Teymuraz 1749 - cu ildə tez-tələsik
Azərbaycandan Kartliyə döndü. Əvvəllər Gürcüstan hakimi hakimi olmuş Gəncə
qarnizonunun hakimi Qılınclı Əli xan İrakliyə qarşı uğursuz yürüş təşkil etdi.
İraklinin güclənəcəyindən ehtiyat edən Tiflis qalabəyi Dürr xan Azərbaycan
bəylərbəyi Əmiraslan xandan kömək istədi. Bu zaman ölkədə hakimiyyət uğrunda
çəkişmələr getməsi buna imkan vermədi. İbrahimi taxtdan salan Nadir şahın nəvəsi
Şahruh hakimiyyətə gəldi. Lakin o real hakimiyyətə malik deyildi. Azərbaycanda
faktiki hakimiyyət Qacarlar tayfasından olan Məhəmməd Həsən xanın əlində idi.
İrəvanı mühasirəyə alan Məhəmməd Həsən xan Qacar onu tuta bilmədi. Azərbaycanın
şimalında isə bu dövrdə ən güclü xanlıq Şəki idi. Məhəmməd Həsən xan Qacarın
Azərbaycanın şimalına uğursuz yürüşündən sonra Qarabağ xanı Pənahəli, Naxçıvan
xanı Heydərqulu, Qaradağ xanı Kərim, Gəncə xanı Şahverdi, habelə Borçalı və
Qazax sultanları Şəki xanı Hacı Çələbiyə qarşı koalisiya qurdular. Onlar gürcü
hakimi İrakliyə də bu ittifaqa qoşulmağı təklif etdilər. 1752 - ci ildə «Qızıl
qaya» adlı yerdə onları qarşılayan İrakli ilə atası Teymuraz xanları əsir
tutaraq Qarabağ və Gəncə xanlıqlarını tutmaq iştahasına düşdülər.
Bəzi mənbələrə
görə Şahverdi xanın nökəri,bəzi mənbələrə görə Pənahəli xanın oğlu İbrahim Xəlil
ağa bu xəyanət haqqında Hacı Çələbiyə məlumat çatdırmışdır. Xanları xilas
etməklə bağlı Həcı Çələbi müşavirə çağırır. Əyanlarının gürcülərlə toqquşmadan
çəkindiklərini görən Hacı Çələbi xan zərb - məsələ çevrilmiş belə bir ifadə
işlədir : «Nə qərar çıxardırsınız çıxardın kürü keçmək içində olsun!». Kürü
keçən Şəki xanının ordusu Nizaminin məqbərəsi yaxınlığında gürcülərlə döyüşə
girdi. Mənbənin yazdığına görə «İnsanların qəlblərini və ağıllarını işıqlandıran
ilahi nurun çıxdığı Allah rəhmətinə qovuşmuş Şeyx Nizaminin müqəddəs türbəsi
yanında iki ordu üz-üzə gəldi. Gürcülər qorxunc məğlubiyyətə uğradılar. İrakli
qaçmaqla canını qurtardı.Tiflisə qədər onu təqib edən Hacı Çələbi xan oğlu
Ağakişi bəyi azad etdiyi ərazilərin,o cümlədən Borçalının hakimi təyin etdi».
Ağakişi bəy İraklini əzərək onu Baydardan da qovdu və Tiflisin 50 verstliyinə
gəlib çıxdı.Şimali Qafqazdan muzdlu ordu toplayan Teymuraz Ağakişi bəyi məğlub
edə bildi. Bundan sonra gürcülərin törətdikləri qətl-qarətlərdən yaxa qurtarmaq
üçün Borçalı ellərinin xeyli hissəsi İrəvan xanlığının ərazisinə köç etdilər.
Atası Teymuraz tərəfindən Borçalı elatlarına minnətçi göndərilən İrakli
Borçalıların öz yurdlarına dönməsinə nail ola bildi.
1759-cu ildə Teymuraz Rusiyadan kömək almaq məqsədilə
Peterburqa getdi və istəyinə nail olmayaraq burda öldü. Atasının ölümündən sonra
İrakli Kartlini də Qaxetə qatdı.
Bu zaman Azərbaycanın cənubunda möhkəmlənən Urmiya xanı
Fətəli xan Əfşar Arazı keçərək Şuşanı mühasirəyə aldı. Fətəli xan Əfşar
İraklidən ona kömək etməsini tələb etdi. İrakli Fətəli xan Əfşara boyun əyməli
oldu. Lakin fürsət tapan kimi İrakli ruslara qoşulmağa can atırdı. 1769-cu ildə o
İmeret çarı Solomonun dəvətilə Gürcüstana gəlmiş rus sərkərdəsi Totlebenə
qoşularaq Ahıska paşalığının ərazisinə soxuldu. Lakin Aspinza yaxınlığında
Totlebenlə aralarında mübahisə düşən İrakli geri qayıtdı. Osmanlı sultanı
Qızılbaş hökmdarından öz təbəəsinə «ağıl verməyi» xahiş etdi. Şahın əmrilə
İrakli Osmanlı sultanından üzr istədi. Üzrxahlığının əvəzində Osmanlı sultanı
İraklini bahalı kürk, əsləhəli at və qiymətli qılıncla mükafatlandırdı.
1783-cü ildə Osmanlıda və Azərbaycanda olan hakimiyyət
boşluğundan istifadə edən İrakli alman mənşəli, «məşhur» rus imperatriçası II
Yekaterinanın himayəsini qəbul edən Georgiyevsk traktatını imzaladı. Qraf
Potyomkinin başçılığı altında iki batalyon Kartliyə göndərildi. Sonra öz yerinə
general-mayor Samoylovu qoyan Potyomkin II Yekaterinın yanına qayıtdı. İrakli
rusların köməyilə Car camaatlığı üzərinə uğursuz hücum etdi. Döyüşdə rus
podpolkovniki Qessen Reynfelski öldürüldü. İraklinin ruslarla yaxınlaşmasından
qəzəblənən Osmanlı sultanı Ahıska paşasına və avar xanı Omar gürcüləri
cəzalandırmağı tapşırdı. 1785-ci ilin payızında Avar xanının ordusu Qaraçöp
yaxınlığında rus-gürcü qoşunlarını əzərək Sığnağı tutdu və buradan Tiflis
üzərinə deyil, cənub - qərb istiqamətində Baydara doğru hərəkət etdi. Nə
Baydarı, nə də Ağcaqalanı tuta bilməyən avarlar Allahverdi üzərinə yeriyərək
buradakı gümüş mədənlərini çapıb-taladılar. Borçalı sultanı Musa xan İrakliyə
qoşuldu. Avar-ləzgi birlikləri Lorunu da qarət etdikdən sonra xeyli qənimət ələ
keçirərək Ahıska paşası ilə birləşdilər. Onlar Allahverdi mədənlərində əsir
tutduqları yunan fəhlələri İrakliyə satdılar. Daha sonra İmeret üzərinə yürüyən
Avar xanı Abaşidzelərə məxsus vahan kəndini tutdular, bütün Abaşidzeləri əsir
tutaraq öz yurdlarına qayıtdılar.
Bütün bu hərc-mərclikdən bezən Borçalı elatlarının bir
qismi Qarabağ xanlığı ərazisinə köçdülər. 1787-ci ildə onları geri qaytarmaq
məqsədilə rus qoşunlarına arxalanaraq Qarabağ üzərinə yürüşə başlayan İrakli
Qaraçöpə, oradan da Gəncə xanlığı ərazisinə soxuldu. Lakin qəfildən ruslara
başçılıq edən Burnaşovun Peterburqa çağrılması İraklinin niyyətini gözündə
qoydu. İrakliyə qarşı birləşən Gəncə xanı Cavad xan, Qubalı Fətəli xan və
İbrahim Xəlil xan onu geri oturdaraq Borçalı əhalisi ilə hesablaşmağə məcbur
etdilər. İrakli Borçalı sultanı İbrahimin hakimiyyətini tanımalı oldu. Şulaverə
qədərki əraziləri İraklidən geri alan Cavad xan Şəmşəddili yenidən Gəncə xanlığı
ərazisinə qatdı.
Bu zaman Azərbaycanın cənubunda Qacar tayfasından olan Ağa
Məhəmməd xanın nüfuzu artmağa başlamışdı. Azərbaycan, eləcə də Yaxın və Orta
Şərqin tarixində mühüm rol oynamış bu tayfaların hələ Oğuz Xaqan zamanında
Azərbaycanın qərbində - Diyarbəkirdə, habelə Gəncədə,İrəvanda və Qarabağda
məskunlaşdıqları bildirilir. Ağqoyunlu Həsən Padşahın hakimiyyəti illərində
(1453-1478) Qacarlar Azərbaycanın içərilərinə köçürüldülər. Sultan Yaqubun və
Əlvənd Mirzənin hakimiyyəti illərində Ağqoyunlu sarayındakı əyanların çoxu
Qacarlar tayfasından idilər. Qacarların şəcərə kitablarına görə Qacarların
əcdadı Çingiz xanın nəslindən olan Xaqan Lunun qızı ilə evlənmişdi. Bundan sonra
Qacarların bir qolu Kovalı (Kaan Lu) , digər qolu isə Dovanlı adlandırılmağı
başladı. Səfəvilər dövlətinin qurulmasında yaxından iştirak edən Qacarlar Şah
İsmayıl tərəfindən ən çox sevilən qızılbaş tayfası idi. 1551 - ci ildə Şəki
Səfəvilərin tərkibinə qatıldıqdan sonra oraya təyin edilən hakim Qacarlar
nəslindən olan Toyğun bəy idi. Hələ 1547 - ci ildə Qacarların nümayəndələri
Ziyadoğlu Şahverdi xan Gəncə - Qarabağa, Qulu xan İrəvana, Əliqulu xan və Peykər
xan Şirvana bəylərbəyi təyin olunmuşdular. Şah Abbasın hakimiyyəti dövründə
Qacarların bir qismi qədim dövrlərdən yaşadıqları Cənubi Qafqazdan ölkənin şərq
sərhədlərini özbəklərdən qorumaq üçün Xorasana, türkmənlərdən qorumaq üçün
Gürgan çayı boyunca Astrabada köçürüldü. Gürgan çayının mənbəyində yaşayan
Qacarlar Yuxarı baş (dovalı), mənsəbində yaşayan Qacarlar isə Aşağı baş (kovalı)
adlandırılmağa başladı. Səfəvilər dövlətinin əfqanlardan qorunmasında Fətəli xan
Qacarın misilsiz xidmətləri olmuşdu. Nadir şahın qətlə yetirilməsindən sonra
Astrabadda hakimiyyət tamamilə Fətəli xan Qacarın oğlu Məhəmməd Həsən xanın
əlinə keçdi. Məhəmməd xan Qacar, Qacarların dovalı boyundan olan Məhəmməd xan
Dovalının bacısı Ceyran xanımla evlənmişdi. Ceyran xanım qənirsiz gözəl olması
ilə yanaşı həm də ağıllı və cəsarətli bir qadın idi. Yaxşı təhsil görmüş bu
qadın 26 oktyabr 1741 - ci ildə dünyaya gətirdiyi oğlu Ağa Məhəmməd xan Qacara
da elmə və biliklərə böyük məhəbbət təlqin edə bilmişdi.
Nadir şahdan sonra hakimiyyətə gələn Əliqulu şah Əfşar (Adil
şah) qüdrətli Qacarların rəğbətini qazanmaq məqsədilə Məhəmməd Həsən xan Qacarı
Məşhəddə özünün eşikağasıbaşı təyin etmişdi.
Adil şahın öldürülməsindən sonra Məhəmməd Həsən xan Qacar
Səfəvilər dövlətini bərpa olunması uğrunda mübarizəyə başladı. Bu işdə onun ən
ciddi rəqibi Kərim xan Zənd idi. Tezliklə Azərbaycan və İraq-Əcəmə sahib olan
Məhəmməd Həsən xan Qacar öz adına pul zərb etdirməyə başladı. 1759-cu ildə
Məhəmməd Həsən xan Qacar Şiraz uğrunda döyüşlərdə həlak oldu və onun işini böyük
oğlu Ağa Məhəmməd Qacar davam etdirməyə başladı. 1761 - ci ildə Ağa Məhəmməd
Qacarın 500 nəfərlik dəstəsi Kərim xan Zəndin 4 minlik ordusu tərəfindən
mühasirəyə alındı. Bütün gün davam edən döyüşdə mühasirəni yarıb çıxan Ağa
Məhəmməd Qacar qasığından aşağı nahiyəsindən ağır yaralanır. Nəcəfdən azacıq
aralı bir yerdə düşərgə salan Ağa Məhəmməd xan Qacar xəyanət yolu ilə mazandaran
hakimi tərəfindən tutularaq Kərim xan Zəndə təhvil verildi. Təəssüf ki, bütün
ömrünü Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə sərf etmiş bu böyük şəxsiyyət,
bəzən elə «özümüzünkülər» tərəfindən həqarətlə «axta şah» adlandırılır.
Mənbələrdə Ağa Məhəmməd xan Qacarın bu vəziyyətə düşməsi ilə bağlı 3 fikir
vardır:
1. Yuxarıda qeyd etdiyimiz kimi Nəcəf yaxınlığında Kərim xan
Zəndin 4 minlik ordusuna qarşı cəmi 500 nəfər gənclə döyüşərkən qasıq
nahiyəsindən aldığı ağır yaradan;
2. 1759-cu ildə Məhəmməd Həsən xan Qacar Şiraz uğrunda
döyüşlərdə həlak olduqdan sonra onun həyat yoldaşı Ceyran xanım və oğlu Ağa
Məhəmməd xan Qacar əsir düşür. Mənbələrə görə hələ yeniyetməlik yaşında Ağa
Məhəmməd Qacar Kərim xan Zəndin qardaşı Zəki xanın qızı ilə gizli əlaqədə olmuş
və qızın atası bunu özü üçün təhqir hesab etdiyindən Ceyran xanımın bütün
yalvarışlarına baxmayaraq onun sevimli oğlunu axtalatdırmışdı.
3. Ağa Məhəmməd xan Qacar Kərim xan Zəndin özünün əmrilə
axtalatdırılmışdı.
Ağa Məhəmməd xan Qacarı ələ keçirdikdən sonra Kərim xan Zənd
onu Tehranda ev dustağı etdirdi. Ağa Məhəmməd xan Qacar burada məşhur filosof
Şeyx Əli Təcriminin dərs etdiyi mədrəsədə təhsil alır. O, buradakı elmi
mübahisələrdə iştirak etməklə yanaşı həm də soydaşları ilə yazışmalar aparır və
elmi biliklər toplamaqla yanaşı fiziki təmrinlər də edirdi. Kərim xan Zəndi
Şirazı özünə paytaxt etdikdən sonra Ağa Məhəmməd xan Qacarı də özü ilə bu şəhərə
gətirdi. Şirazda Ağa Məhəmməd xan Qacar riyaziyyat, fəlsəfə,astronomiya elmləri
ilə yanaşı, həm də poeziya ilə məşğul olur, şer məclislərində iştirak edirdi.
Mənbələrin yazdığına görə o ən çox XII əsrdə Əndəlusda (İspaniyada) yaşamış
filosof İbn Tufeylin əsərlərini oxumuş, sonralar da hətta hərbi yürüşlərdə onun
əsərlərini mütaliə edirmiş. Həyatının təhlükədə olduğunu duyan Ağa Məhəmməd xan
Qacar ov etmək bəhənəsilə 1782 - ci ildə Mazandarana, oradan da Qacarların əsas
mərkəzlərindən olan Astrabada gəlir. Burada qardaşları və qohumları ilə birlikdə
atası Məhəmməd Həsən xan Qacarın türbəsini ziyarət edən Ağa Məhəmməd xan Qacar
qızılbaşların keçmiş qüdrətini bərpa etməyə and içir. 1785-ci ildə cəmi 600
nəfər atlı ilə İsfahanı tutan Ağa Məhəmməd xan Qacar zəndləri bütün İraqi
Əcəmdən vurub çıxardır. 1786-cı ildə Azərbaycan yaxın yerdə olan Tehranı özünə
paytaxt seçən Ağa Məhəmməd xan Qacar özünü şah elan etmiş Cəfər xan Zəndi
darmadağın edərək Şiraza qovur və Gilanı tutur. Ağa Məhəmməd xan Qacar qardaşı
Murtuzaqulu xanı Astrabada hakim təyin edir. Lakin qardaşı ona xəyanət edərək
Zəndlərin tərəfinə keçir. Daha sonra Talışa qaçan xain Murtuzaqulu xan II
Yekaterinının təbəəliyini qəbul edir və rus flotunun köməyilə Gilana yiyələnir.
Murtuzaqulu xan qardaşı Ağa Məhəmməd xan Qacarın böyük ordu ilə Gilən üzərinə
yeridiyini eşidərək Rusiyaya qaçdı və 1798-ci ilodə Peterburqda öldü. Ağa
Məhəmməd xan Qacar xain qardaşına göstərdiyi köməyə görə talışları
cəzalandırdıqdan sonra qiyamçı türkmən - yomud tayfalarını əzdi. Bütün
Azərbaycan əsilzadələri Ağa Məhəmməd xan Qacarın tərəfinə keçdilər. Onların
dəstəyi ilə 1794 - cü ildə Kirman döyüşündə zəndləri tamamilə məhv edən Ağa
Məhəmməd xan Qacar hədsiz nifrət bəslədiyi Kərim xan Zəndin sümüklərini qəbirdən
çıxartdırıb, Tehrandakı iqamətgahı - Gülüstan sarayının pilləkənları altına
gömütdürdü.
II İraklinin rusların himayəsi altında Şimali Azərbaycan
torpaqlarında azğınlıq etməsi, Qacarların dədə-baba mülkləri olan İrəvan, Gəncə
və Qarabağa göz dikməsi xəbərini duyan Ağa Məhəmməd xan Qacar 1795 - ci ilin
aprelində 60 minlik orduyla Arazı keçdi. Ordunun kiçik bir hissəsini Muğan
istiqamətindən Dağıstan, qardaşlarını İrəvan üzərinə göndərən Ağa Məhəmməd xan
Qacar özü yolüstü şuşunı tuta bilməyəciyini başa düşüb Borçalı istiqamətində
hərəkətə keçdi. İrakliyə məktub göndərərək onu «çaşmış qoca» adlandıran Ağa
Məhəmməd xan Qacar qızılbaşların həkimiyyətini tanımağa çağırdı.
Rədd cavabı alan
qızılbaş ordusu asanlıqla Tiflisi tutdu. Hallovar körpüsünü keçən İrakli
qorxusundan Qaraqalxan dağlarına qaçdı. 1796 - cı ilin yayında İrəvan da 35
günlük mühasirədən sonra Qacarlar tərəfindən tutuldu. Ağa Məhəmməd xan Qacar
Borçalı və Pəmbək sultanlarına İrəvan xanlığına tabe olmağı buyurdu. Mustafa xan
Borçalı sultanı elan olundu.
1796 - cı ildə Muğanda toplanan qurultayda Ağa Məhəmməd xan
Qacar özünü şah elan etdi. Ağa Məhəmməd xan Qacar özündən 160 il əvvəl yenə
Muğanda özünü şah elan etmiş Nadirin dörd lələkli tacını qoymaqdan imtina etdi (4 lələk İran, Hindistan, Əfqanıstan və Orta Asiyanı təmsil edirdi). Başına sadə
tac qoyan Ağa Məhəmməd şah Qacar Şeyx Səfi türbəsindən gətirtdiyi qılıncı
qurşamaqla özünü Səfəvilərin varisi elan etmiş oldu. Səfəvilər dövründə olduğu
kimi yenidən hakimiyyət Qacar, Əfşar, Hələc, Bayat və Qaragözlü kimi Azərbaycan
- Türk tayfalarının əlinə keçdi. Öz Türk kökünə sayğı ilə yanaşan Ağa Məhəmməd
şah Qacar Osmanlı sultanına yazdığı məktubda «onların Oğuz Xaqanın oğlu Gün
Xandan törədiklərini (Qayı boyu Gün Xandan törəmişdir) » , Qacarların isə «Oğuz
Xaqanın oğlu Ay xanın (Qacarlar Ay xanın törəmələri hesab olunur) övladları
olduğunu» qürurla bildirirdi. Ağa Məhəmməd şah Qacar öz xələflərinə ancaq Qacar
- Türk qızlarından doğulan övladlarını vəliəhd seçməyi tapşırmışdı. Məhz buna
görə də Fətəli şah Qacar əmisinin nəsihətini nəzərə alaraq gürcü qızından
doğulan böyük oğlunu deyil, Türk -
Qacar qızından doğulan kiçik oğlu Abbas
Mirzəni özünə vəliəhd təyin etmişdi.
Qafqazda itirdiyi nüfuzunu bərpa etmək istəyən Rusiya Ağa
Məhəmməd şah Qacarın Xorasanda olmasından istifadə edərək, şimaldan Azərbaycan
torpaqlarına soxulsa da burada möhkəmlənə bilmədi. 1797 - ci ildə yenidən
Azərbaycanın şimalına qayıdan Ağa Məhəmməd şah Qacar öz nökərləri - Sadıq Gürcü,
isfahanlı Xudad və mazandaranlı Abbas tərəfindən təşkil edilən sui - qəsd
nəticəsində öldürüldü.
|