Borçalı XVIII yüzilliyin I yarısında
Mənbələr Məhəmmədqulu xanın məğrur və çox mömin
müsəlman olduğunu qeyd edirlər. Osmanlı tərəfindən əsir tutulan Məhəmmədqulu xan
Tiflisdən qaçaraq Qaxetə gəldi. Onun Telavda möhkəmlənmək cəhdi uğursuzluqla
nəticələndi və Borçalı valisi Gəncəyə gəldi. Gəncəlilər Məhəmmədqulu xanı ərzaq
və silahla təmin etdilər. Kürün sahilləri ilə geri qayıdan vali yenidən Telavda
möhkəmləndi. Vaxtanqın Rusiyaya qaçmasından sonra kartalinlər Məhəmmədqulu
xandan onlara himayədarlıq göstərmələrini xahiş etdilər. Onun xeyli ordu ilə
Muxrana gəldiyini eşidən Osmanlılar, Məhəmmədqulu xanı guya danışıqlar aparmaq
üçün Qoriyə dəvət etdilər. Yusif Paşa hətta Məhəmmədqulu xana Osmanlı sultanı
tərəfindən vali təsdiq ediləcəyi haqqında vəd verdi. 1732 – ci ildə Bejan bağa –
Yusif Paşanın yanına gələn sədəlövh Məhəmmədqulu xan İshaq Paşanın xəznədarı
Mehmet bəy tərəfindən xaincəsinə qətlə yetirildi. Məhəmmədqulu xanın və digər
qızılbaş döyüşçülərinin kəsilmiş başları Osmanlı sultanına göndərildi. VI
Vaxtanqın islamı qəbul etmiş qardaşı Əliqulu xan (İesse) Osmanlı tərəfindən
canişin təyin edildi. Onun ölümündən sonra Borçalının idarəçiliyi Ahıska
paşasına həvalə olundu. Fürsətdən istifadə edən Teymuraz Qaxetdə möhkəmlənməyə
başladı.
Bu dövrdə Azərbaycanda siyasi vəziyyət olduqca ağır
idi. Qızılbaşların Qırxlar boyundan olan, Azərbaycanın görkəmli dövlət xadimi,
Avropa müəlliflərinin «Azərbaycanın Napoleonu» adlandırdığı Nadir xan Əfşar
əfqan tayfalarını Səfəvilərin ərazisindən qovmuş və Heratı tutmuşdu. 1730 – cu
ildən Osmanlılara qarşı hərbi əməliyyata başlayan Nadir xan Marağa, Ərdəbil və
Təbrizi azad etdi. Osmanlı orduları Borçalıdan da çıxarıldı.1730-cu ildə Nadir
xanın Osmanlılar üzərində qələbəsindən sonra qorxuya düşən Rusiya qızılbaşlarla
münasibətləri gərginləşdirməmək üçün 1732-ci il yanvarın 21-də Rəşt şəhərində
Səfəvilərlə müqavilə imzaladı. Müqaviləyə görə Rusiya Kürdən cənubdakı Xəzəryanı
bölgələri Səfəvilər dövlətinə qaytardı.
Nadir xan 1723-cü ildən sonra Osmanlıların tutduğu
əraziləri boşaltmağı tələb etdi. Osmanlıların rədd cavabı müharibəyə səbəb oldu.
1733-cü ilin yanvarında Nadir xan Bağdad yaxınlığında Osmanlıları ağır
məğlubiyyətə uğratdıqda Osmanlı qoşun komandanı Əhməd paşa sülh müqaviləsi
imzaladı. Bağdad müqaviləsinə görə Osmanlı son on ildə (1723-1732) tutduğu
əraziləri tərk etməli idi.
1734-cü ildə Şirvan da Osmanlılardan azad edildi.
Osmanlıların Şirvandakı vassalı Surxay xan Qazıqumuğa qaçdı. Oradan Gəncəyə
gedən Nadir xan 4 aydan sonra onu da Osmanlılardın aldı.
Nadir xan rus ordusunun Xəzəryanı bölgələrdən
çıxarılmasını tələb etdi. Rusiya olnun tələbləri ilə razılaşdı. Bu zaman Gəncəyə
gələn rus çarının nümayəndəsi X.Qolitsin qızılbaşlar üçün əziz bir gündə –
martın 21-i 1735 – ci ildə Nadir xanla müqavilə imzalandı. Gəncə müqaviləsinə
görə ruslar Xəzəryanı vilayətləri tamamilə tərk etməli idi. Bu hadisədən sonra
Teymuraz Qaxet varlıları və din xadimlrindən ibarət bir məiyyətlə Nadir xanın
hüzuruna getdi. Nadir xan ona xeyli qızılbaş döyüşçüsü qoşaraq Car qiyamçılarına
qarşı göndərdi. Bunu eşidən Osmanlı qoşunu Qara ağacdan çəkilərək Tiflisə
çəkildi. Carlıların qiyamı yatırıldıqdan sonra Nadir xan Teymurazı İrəvanə – öz
yanına çağırdı.Sonra isə Nadir xan onu özü ilə birlikdə Osmanlıdan azad etdiyi
Tiflisə apardı.
1735-ci ilin iyununda Üçməzzinin şimal-şərqində
Osmanlıları tam məğlub edən Nadir, Osmanlıları ilin sonuna kimi bütün Cənubi
Qafqazdan qovdu. Kartlinin və Qaxetin bütün xristian feodalları Nadir xana xərac
tabe olduqlarını bildirdilər. .
1736-cı ilin martında Suqovuşan qurultay
(mənbələrdə Böyük Gənəşmə) toplandı. Mənbələrin verdiyi məlumata görə qurultay
üzvlərinə öz doğma Azərbaycan türkcəsində müraciət edən Nadir xan gündəlikdə iki
məsələnin – yeni şah seçkisinin və Azərbaycan türklərinin Cəfəri məzhəbinə
keçməsinin durduğunu bildirdi. Nadir şah elan edildi. Nadir şahın xan elan
edilməsi ilə Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Anadolu və
Azərbaycan türkləri arasında məzhəb ayrılığı məsələsini aradan qaldırmaq
məqsədilə Nadir şah 1517- ci ildən İslam xəlifəsi hesab edilən Osmanlı
sultanının yanına elçilər göndərərək Cəfəriliyi sünnülüyün 4-cü qolu kimi təsdiq
etməyi xahiş etdi.Lakin xudpəsənd Osmanlı sultanı Azərbaycan hökmdarının bu xoş
məramını rədd etdi. Muğan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxan
Ziyadoğlular adı ilə məşhur olan Gəncə xanları Qarabağın 32-lər, Kəbirli və
Cavanşir tayfaları Xorasana sürgün edildilər. Qarabağ məliklikləri Gəncə
bəylərbəyliyinə tabe edildi. Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz
bəylərbəyliklərini birləşdirərək, Azərbaycan adı altında vahid inzibati bölgü
yaratdı.
Bu bölgünün mərkəzi Təbriz, hakimi isə Nadir şahın
qardaşı İbrahim xan oldu. Vəzifələri seçilənlər arasında əfşar-türk
tayfalarından olanlar üstünlük təşkil edirdi. Nadir şah hakimiyyətinin ilk
dövründə vergi toplanması işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü apardı.
Nəticədə dövlətin gəliri xeyli artdı. Şahın əmri ilə rəiyyətin də hərbi qulluğa
çağrılmasına başlanıldı.
Nadir Əfşarın Muğanda tacqoyma mərasimində iştirak
etmiş bütün vassalları kimi Teymuraz da valilik etdiyi Qaxetə döndü. Tiflis xanı
Əlimirzə Teymurazın özünü həddindən artıq iddialı aparmasından narahat olaraq,
1737 – ci ilin yayında onu Qoridə həbs etdirdi və yenidən Nadir şahın yanına
göndərtdirdi. Nadir şah Qəndəhara yürüşü zamanı Teymurazı da özü ilə götürdü.
Qəndəharı tutandan sonra Nadir şah Teymurazdan qızını və oğlunu onun yanına
göndərməsini tələb etdi. Teymuraz qızı Qatevanı və oğlu İraklini Qəndəhara –
Nadir şahın yanına çağırdı. Qatevanı qardaşı oğlu Əliqulu xanla evləndirən Nadir
şah, İraklini isə özü ilə Hindistana yürüşə apardı.
Nadir şahın ölkədə olmamasından istifadə edən
narazı qüvvələr Azərbaycanın şimal-qərb bölgəsində qiyam qaldırdılar.
Dağıstandan kömək alan üsyançılara Xəlil və Divanə İbrahim başçılıq edirdi.
Üsyanı yatırmağa gələn Nadir şahın qardaşı İbrahim xan öldürüldü. Mənbələrin
yazdığına görə İbrahim xan dincələrkən ləzgi casusları onu tanımış və ehtiyatsız
davranan Azərbaycan bəylərbəyini uzaqdan tüfəng gülləsi ilə qətlə yetirmişdilər.
Şahın oğlu Rızaqulu Mirzə ləzgilərin qiyamını yatırmaq üçün əvvəl Əmiraslan
xanı, sonra Mirzə Şəfi xanı göndərdi. Qiyamlar yatırılırdı. Lakin XVIII əsrin
40-cı illərində Azərbaycanın şimal-şərqində qiyamlar o qədər gücləndi ki,
Hindistan səfərindən zəfərlə qayıdan Nadir şah qiyamçılara qarşı yürüşə özü
başçılıq etdi. 1741-ci ildə Ərdəbilə gələn Nadir şah Teymurazı yanına çağırdı və
ona ordu verərək XVII yüzilliyin sonlarında Cara yerləşmiş ləzgilərin qiyamını
yatırtmağı tapşırdı. Ləzgilərin qiyamını yatırdan Nadir şah onların əsir tutulan
qadınlarını əylənmələri üçün qızılbaş döyüşçülərinə payladı. Bundan sonra
dərbənd keçidini daha da möhkəmləndirən Nadir şah burada qulluq edən Borçalı
atlılarını və Kartli döyüşçülərini evlərinə buraxdı. Gürcülərə başçılıq edən
Givi Amilaxvara isə vəkil rütbəsi verildi. Lakin Givi Qaxetə gəldikdən sonra
Teymuraza Nadir şaha qarşı çıxmağı tövsiyə etdi.Teymurazdan rədd cavabı alan
Givi bu dəfə Tiflis xanı Əlimrzəyə guya Teymurazın şaha qarşı çıxmaq istədiyini
bildirdi. Dağıstana – ləzgilər üzərinə yürüşə hazırlaşan Tiflis xanı Qaxet
valisindən Tiflisə gələrək onunla birlikdə yürüşə getməsini əmr etdi. Lakin
Teymuraz, xana Qaxetə gəldikdən sonra onunla birlikdə hərəkət edəcəyini
bildirdi. Bundan qəzəblənən Əlimirzə xan ordu göndərərək Saqareconu tutdu və
Nadir şaha Teymurazın xəyanət etdiyini bildirdi. Teymuraz Nadir şahın mərdliyinə
sığınaraq özü onun yanına – Dərbəndə getdi. Teymurazın bu hərəkətini bəyənən
Nadir şah Teymurazdan arvadı Tamarı da Dərbəndə gətirməyi əmr etdi. Onları bir
neçə gün yanında saxlayan Nadir şah Teymurazla arvadı Tamara bahalı hədiyyələrlə
yenidən Qaxetə yola saldı. Dağıstandan keçən Teymuraz Telaviyə gəldi. Nadir
şahın Mosul və Bağdad ətrafında Osmanlı ilə yenidən toqquşduğunu eşidən
Astrabad, Şiraz və ləzgilər tərəfindən qızışdırılan şamaxılılar mərkəzi
hakimiyyətə qarşı qiyam qaldırdılar.
Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu kimi qələmə
verən yalançı şahzadə I Sam Mirzə Qazıqumuxlu Surxay xanın köməyi ilə Yeni
Şamaxını tutdu. Nadir şahın oğlu Nəsrullah Mirzə başda olmaqla qızılbaş qoşunu
Kür çayı sahilində ləzgiləri haqladı və son nəfərinə qədər qırdı. Nəsrullah
Mirzə yalançı şahzadənin burnunu və qulaqlarını kəsdirmişdi.
1743-cü ilin son rübündən etibarən mərkəzi
hakimiyyətə qarşı qiyama Ərdəbildən Şirvana gəlmiş növbti yalançı şahzadə - II
Sam Mirzə başçılıq etməyə başladı. Ona Qazıqumuxlu Surxay xanın oğlu Məhəmməd
xan kömək edirdi. Bu zaman Osmanlılarla vuruşan Nadir şah Osmanlılarla sülh
bağlayıb diqqəti Azərbaycandakı üsyanları yatırmağa yönəltdi. Nəhayət onun oğlu
Nəsrullah Mirzənin qoşunu 1743-cü ilin noyabrında Ağsu yaxınlığında Şahbağı adlı
yerdəki döyüşdə II Sam Mirzəni məğlub etdi. Məhəmməd xan Dağıstana, II Sam Mirzə
isə Qaxetə qaçdı. II Sam Mirzəni həbs edən Qaxet valisi Teymuraz onu Bərdəyə –
Nəsrullah Mirzənin düşərgəsinə göndərdi. 1743-cü ilin dekabrında II Sam Mirzənin
bir gözünü çıxartdıran Nəsrullah Mirzə onu eşşəyə mindirərək, Qarsa göndərdi ki,
«orada meydana çıxan yalançı «qardaşı» Səfi Mirzə ilə görüşsün». Lakin II Sam
Mirzə yolda öldü.
Nadir şah göstərdiyi xidmətə görə Ararvi vilayətini
də Teymurazın idəarəçiliyinə verdi və onu «dövlət - şərik» titulu ilə
təltifləndirdi. 1744-cü ildə Borçalıya soxulmaq istəyən Ahıska paşası Usubun
darmadağın edilməsində Teymurazın oğlu,Nadir şahın yetirməsi olən İrakli
qızılbaşlara misilsiz xidmətlər göstərdi. Yuxarıda adını çəkdiyimiz Givi
Amilaxvar Osmanlının köməyinə arxalanaraq Nadir şahın vassalı olan Teymuraza və
onun oğlu İrakliyə qarşı çıxdı. 1744-cü ildə qızılbaş ordusu tərəfindən Suram
qalasında mühasirəyə alınan Givi təslim oldu. Göstərdikləri xidmətlərinə görə
Nadir şah Teymurazı Kartliyə, onun oğlu İraklini isə Qaxetə hakim təyin etdi.
Osmanlı dövləti ilə müqavilə bağladıqdan sonra
Ahıskaya sonra isə Bərdəyə gedən şah qışı orada keçirməyi qərara aldı.
1747-ci ilin iyununda sui-qəst nəticəsində Nadir
şah Əfşar öldürüldü. Nadir şah öldürüldükdən sonra onun qurduğu nəhəng Əfşar
imperatorluğu xırda dövlətlərə parçalandı.Təkcə Azərbaycan ərazisində 20- ə
qədər irili-xırdalı «dövlət» yarandı. Belə dövlətlərdən biri də Borçalı
sultanlığı idi.
|