Borçalı XVI yüzilliyin sonu XVII yüzilliyin əvvəllərində
1587-ci
ildə Mürşüdqulu xan başda olmaqla qızılbaşların ustaclı və şamlı tayfalarından
ibarət Xorasan qrupu Məhəmməd Xudabəndənin 16 yaşlı oğlu Abbası Qəzvində şah
elan etdilər. Bu zaman Osmanlılar Azərbaycan vilayətlərində, özbəklər Xorasanın
şərqində, portuqaliyalılar Kəngər körfəzinin ən əlverişli limanı olan Hörmüzü
tutmuşdular.
Osmanlı
ilə çox ağır şərtlərlə İstambul sülh müqaviləsini imzalayan Şah Abbas ölkənin
keçmiş qüdrətini bərpa etmək üçün ciddi addımlar atmağa başladı. Əvvəlcə o,
Gilanda gizlənən qiyamçı feodalları – Məhəmməd Şərəf xanı, Sultan Mahmudu və
Əzəm bəy Kolğaçını cəzalandırmaq üçün 30 minlik orduyla Qəzvindən Gilana yürüş
etdi. Gilanın coğrafi şəraitini nəzərə alan şah özü ilə ancaq piyadaları
götürmüşdü. Ordunun önündə ayağına camış gönündən çarıq geymiş Şah Abbasın özü
gedirdi. Qoşunun özəyini Mehdiqulu xan Şamlının 12 minlik dəstəsi təşkil edirdi.
12 gündən sonra Gilana çatan şah, qiyamçıları cəzalandırdıqdan sonra, Luristanın
asi bəylərini itaətə gətirdi. Luristan qiyamının yatırılmasında Allahverdi xanın
başçılıq etdiyi Borçalıdan toplanmış 12 minlik ordu xüsusilə fərqləndi.
Qiyamçıların başçısı Şahverdi xan Xürrəmabadda edam olundu. Daha sonra Şah
Abbas Mazandaranda qiyam qaldırmış Bəngli Məliyi itaətə gətirmək üçün Qorçubaşı
Qacarı 50 minlik qoşunla Mazandarana göndərdi. Ölkə daxilində qiyamları
yatırtdıqdan sonra Şah Abbas bəzi islahatlar keçirdi. O, islamı qəbul etmiş
xristian gənclərdən ibarət 15 minlik qulamlar, 12 min nəfərlik tüfəngçilər və
topçular dəstəsi yaratdı. Ordunun əsasını, həmişə olduğu kimi sayı 200 min
olan qızılbaşlar təşkil edirdi. Şah Abbas dövlətin maliyyə vəziyyətini
yaxşılaşdırmaq üçün vəzifələrə təyin olunan şəxslərdən xəzinəyə
"peşkəş" adlı
xüsusi məbləğ ödədirdi. Baş vəzir Hətəm bəy Ordubadi dövlətin mədaxil-məxaric
siyahısını tərtib etdi.
Qəzvin
osmanlıların əlinə keçdiyindən I Şah Abbas 1598-ci ildə paytaxtı İsfahana
köçürdü. Bu şəhər Böyük Səlcuq İmperatorluğunun paytaxtlarından biri olduğundan
Şah Abbas bu şəhərə böyük önəm verirdi. İran etnik ünsürlərin
güclənməsinin qarşısını almaq məqsədilə Qarabağ və Qəzvindən çoxlu Azərbaycan
türkü yeni paytaxta köçürüldü və burada onlar üçün «Abbasabad"» məhəlləsi
salındı. Səfəvilərin tərkibində qalan Azərbaycan torpaqlarında 1593-cü
ildə Ərdəbil mərkəz olmaqla, Azərbaycan bəylərbəyliyi yaradıldı və Zülfüqar xan
Qaramanlı hakim təyin olundu. 1600-cü ildə Tiflisdə, Səfəvi dövlətinin
zəifləməsindən istifadə edən Georgi hakimiyyətə gəldi. O, bir neçə dəfə gah
Səfəvilər, gah da Osmanlı tərəfinə keçmiş Simonun oğlu idi.
I Şah Abbasın xarici siyasət
sahəsində üç əsas vəzifəsi var idi:
-
Xorasanı
Şeybanilərdən geri almaq;
-
Osmanlıların 1578-1590-cı illərdə işğal etdikləri Səfəvi torpaqlarını geri
almaq;
-
İran
körfəzində Portuqaliyanın hegemonluğuna son qoyub, Hind okeanına çıxış əldə
etmək.
Şah
Abbas ordunu təmin etmək üçün hətta özünün istifadə etdiyi qızıl-gümüş qabları
da əritdirib pul zərb etdirməyi əmr etdi. O, 1599-cu ildə birinci vəzifəni
yerinə yetirərək, Xorasanı geri qaytardı. O, bir neçə dəfə özbək xanı Abdullanı
qədim TÜRK adəti üzrə təkbətək döyüşə çağırdı. Lakin Özbək xanı hər dəfə bir
bəhanə ilə təkbətək döyüşdən imtina etdi.
Rus-sovet və qərb tarixçiləri daim Səfəvi-Osmanlı münasibətlərinin gərgin
olmasını gözə soxmaq istəsələr də mənbələr bunun tam əksini sübut edirlər. Şah
Abbasın Osmanlı sultanı III Murada yazdığı məktubda deyilirdi: «İslam qoşunu
(Osmanlı ordusu nəzərdə tutulur) kafirlərlə döyüşə getdiyi üçün bizim aramızda
olan məhəbbət və birlik elə möhkəmlənmişdir ki, heç bir ixtilafımız yoxdur... Əgər
siz əmr etsəniz, ölkələrimiz arasındakı sərhədlərdə dayanan qızılbaş əmirlərini
və qoşunlarını dinsiz kafirləri dəf etmək üçün göndərə bilərəm ki, biz də
kafirlərlə döyüşmək savabından bəhrəmənd olaq və düşmənlər bizim ittifaqımızı
eşidib ... məhv olsunlar». Daha sonra Şah Abbas Osmanlı sultanından xahiş edirdi
ki, hələ Şah İsmayıl dövründə çəkilməyə başlasa da Fərat çayından qızılbaşların
müqəddəs şəhəri olan, Həzrəti Əlinin qəbri yerləşən Nəcəfə çəkilən yarımçıq
qalmış kanalı başa çatdırsın. Şah sultana yazırdı: «Vaxtilə mənim mərhum babam
Şah İsmayıl Fərat çayından bir nəhr ayıraraq, onu Nəcəf şəhərinin yaxınlığına
qədər gətirmiş, lakin həmin nəhrin şəhərə çatdırılmasına fürsət tapmayaraq vəfat
etmişdir. İzn verin ki, mən o nəhri Nəcəfə çatdırım və bu işin xərci bizim,
savabı isə sizin olsun». Lakin təkəbbürlü Osmanlı sultanı belə humanist təklifə
belə cavab verdi: «Zillətə bais (!) heç bir təklif
... tərəfimizdən qəbul
edilməyəcəkdir». Osmanlı sultanının belə davranışına baxmayaraq, yenə Şah Abbas
1596-cı ildə Macarıstana uğurlu yürüşdən qayıdan IV Məhəmmədə Azərbaycan
bəylərbəyi Zülfüqar xan Qaramanlıdan göndərdiyi məktubda yazırdı: «Səfərinizdəki
qələbəniz o xeyirxah bəndəyə (Şah Abbasa), həmçinin o diyarın (Səfəvilərin)
bütün xalqına sevinc bəxş etdi». Şah Abbas bütün vasitələrlə Osmanlı ilə
münaqişədən qaçsa da, sultan öz hərəkətləri ilə onu savaşa təhrik edirdi.
Nəhayət, Osmanlı sultanının 300 nəfərlik bir rəiyyətlə baş çavuşunu İsfahana
göndərərək Şah Abbasdan onun gürcü şahzadəsindən doğulan oğlu,vəliəhd Səfi
Mirzəni İstanbula təlxəklik etməyə göndərməsi tələbi Şah Abbası özündən
çıxartdı. Tezliklə hərbi əməliyyatlara başlanıldı. 14 sentyabr 1603-cü ildə
Osmanlıların işğal etdikləri torpaqları geri qaytarmaq üçün yürüşə başlayan Şah
Abbas oktyabrın 21-də Təbrizi azad etdi. Osmanlıların əsas qüvvəsi darmadağın
edildi. 1603-cü ildə Cənubi Azərbaycanı azad edən şah sonra Ordubadı, Culfanı,
Naxçıvanı, İrəvanı Osmanlılardan təmizlədi.
Qızılbaşların zəiflədiklərini güman edən gürcü valisi Georgi 1601-ci ilin
yayında Lorunu tutmuşdu. İrəvanı mühasirəyə alarkən Şah Abbas Georgi ilə
qaxların hakimi Aleksandrdan öz hərbi dəstələri ilə İrəvanın mühasirəsinə
qoşulmağı əmr etdi. İrəvan qalasına hücum edən qızılbaşlar içərisində borçalılar
xüsusi fəallıq göstərdilər. İrəvanın alınmasından sonra Şah Abbas Lorunun
idarəçiliyini Luarsabdan alıb, islamı qəbul etmiş başqa bir gürcü knyazına
həvalə etdi.
Georgidən
sonra valiliyə onun oğlu Luarsab təyin olundu. Şah Abbasın başının Osmanlı ilə
savaşa qatışmasından istifadə edən Luarsab Borçalını ələ keçirdi. Lakin Şah
Abbasın ilk tələbiylə bacısı Tinatini şah hərəmxanasına yola saldı. Bu hadisə
luarsabın mövqeyini daha da gücləndirdi. Gürcü mənbələrinə görə «xain, namərd,
çuğul Georgi Saakadze» xeyli mülk ələ keçirdi. Onun xasiyyətinə bələd olan
Luarsab soruşmuşdu: «Axı nə zəhlə tökürsən, istəyin nədir?». Valinin qəzəbindən
qorxuya düşən Saakadze, yepiskop Domenti Mrovelidən onu valinin qəzəbindən
qurtarmağı xahiş etdi. Belə bir vaxtda Borçalı üzərinə Krım tatarları basqın
etdilər. 1609-cu ilin yayında Kür çayı sahilində baş verən döyüşdə Krım
tatarları qızılbaşlar və köməkçi gürcü dəstələri tərəfindən darmadağın edildi.
Sərkərdələrin başları kəsilərək, xeyli ənamla Şah Abbasa ərmağan kimi
göndərildi. Valinin etibarını qazanmaq istəyən mouravi-Gergi Saakadze öz
bacısını ona ərə verdi. Anası Məryəmin təkidinə qulaq asmayaraq Saakadzenin
bacısı ilə evlənən Luarsab, dayısı Şadman Barataşvilinin məsləhəti ilə bu nikahı
pozdu və Saakadzeni Qaraay (indiki Rustavi) çölündə ov etmək bəhanəsilə yanına
çağırdı. Bunun nə ilə nəticələnəcəyini duyan hiyləgər Saakadze Duşetə- qaynatası
Nuqzarın yanına qaçdı. O, Nuqzara Şah Abbasın yanına gedərək, ondan Luarsaba
qarşı mübarizə aparmaq üçün qüvvə istəyəcəyini bildirdi. Ailəsini qaynatasının
yanında qoyan Georgi Saakadze, Nuqzar, habelə Qaxet valisi Teymuraz Ağcaqalada
olan Şah Abbasın yanına gəldilər. Onları xoş qarşılayan Şah Abbas Nuqzarı və
Teymurazı bahalı hədiyyələrlə yola saldı. Şahın yanından qayıdan Teymuraz
Luarsabdan bacısı Xoroşanı ona ərə verməyi tələb etdi. Əvvəlcə buna razı olmayan
Luarsab Şah Abbasın əmrilə toya razılıq verdi. Tiflisə gələn Şah Abbas toyda
iştirak etdi.Qalada güclü qızılbaş qarnizonu yerləşdirən Şah Abbas, Qaraay (Rustavi)
düzündə Luarsabla birlikdə ov edib, sonra onu da özü ilə birlikdə Qarabağa
gətirdi. Daha sonra Luarsabı Mazandarana aparan Şah Abbas ondan islamı qəbul
etməyini istədi. Rədd cəvabı verən Luarsab yay kirişi ilə boğduruldu.
1603-1607-ci illərdə hərbi əməliyyatlar
nəticəsində Dərbənddən Həmədana, Borçalı da daxil olmaqla, Abşeron
yarımadasından Qarsa qədər bütün Azərbaycan torpaqları Osmanlılardan geri alındı.
1612-ci il oktyabrın 17-də Sərab sülhü bağlandı. Bununla bağlı tarixçi Xandəmir
yazırdı: «Şah Abbas Azərbaycanın vüqarlı adını qoruyub saxladı və onun
qızılbaşlara mənsub olması ideyasını sönməyə qoymadı».
|