Borçalı XVI yüzilliyin
30-50-ci illərində
Şah Abbasın vəfatından sonra taxta I Səfi çıxdı.
Səfəvilər sarayında yeni şahın taxta çıxmasıyla bağlı hakimiyyət boşluğunun
yaranmasından istifadə edən Teymuraz əvvəlcə Eristavi Zurabla birləşərək Şah
Abbasın təyin etdiyi valini – Simon xanı aradan götürdü. Teymuraz qızı Darecanı
Zurab Eristaviyə verdi. Bununla da o, Zurabın Georgi Saakadze ilə ittifaqa
girməsinin qarşısını aldı. Basileti döyüşündə Georgi Saakadzeni darmadağın edən
Teymuraz indiki Gürcüstanın cənub-şərqində xeyli ərazilərə nəzarəti ələ keçirsə
də Tiflis və Borçalını tuta bilməmişdi. Teymurazın yaxınları ona Zurabı aradan
götürməyi məsləhət gördülər. Onlar çara dedilər: «Eristav Zurab şahın təyin
etdiyi qanuni hakimi öldürdüsə, onda sənə də qıyacaq. Simonun əmisi, şahın
qullar ağası Xosrov Mirzə qayıdıb onun qanını bizdən alacaq. Ən yaxşısı budur
ki, Zurabı öldürüb başını şaha göndərək və Simonun öldürülməsinin onun işi
olduğunu bildirək. Bununla da həm Kartlini qurtararıq, həm də şahın qəzəbindən
yayınarıq». Bundan sonra Zurabı Sapurtseleyə çağırtdıran Teymuraz onu süfrə
arxasında namərdcəsinə qətlə yetirtdi. Dul qalmış qızı Darecanı isə İmeret
hakimi Georginin oğlu Aleksandra verən Teymuraz Şah Səfiyə məktubla birlikdə
Zurabın başını da Revaz Çolakaşvili adlı bir çaparla göndərdi. Məktubda
deyilirdi: «Bizim qohumumuz Simon Uca Hökmdarın (Şah Abbasın) təyin etdiyi kimi
qanuni olaraq hakim olduğu mülklərində bu xain (Zurab) tərəfindən qətlə
yetirildi. Bizdə isə qan qisası adəti olduğuna görə onun (Simonun) qisasını
aldıq və qatilin başını Sizə göndəririk». Bu işdən xoşhal olan gənc şah
Teymuraza xeyli bahalı xələt və onun valiliyini təsdiq edən fərman göndərdi.
Şah Abbasın vəfatından sonra Səfəvi sarayında
xidmət göstərən islamı qəbul etmiş gürcülər iki qrupa ayrılmışdılar. Birinci
qrupa Xosrov Mirzə ilə Rüstəm xan Saakadze, ikinci qrupa isə Allahverdi xan
Undiladze başçılıq edirdi. Şah Abbasın hakimiyyəti dövründə Allahverdi xanın
böyük oğlu İmamqulu xan Fars, kiçik oğlu Davud xan isə Gəncə-Qarabağ
bəylərbəyliyinə başçılıq edirdi. Lakin Davud xan xəyanət edərək, 1632-ci ildə
yenidən Gəncə Səfəvilərə qarşı çıxan Teymurazın üzərinə yürüş edərkən tərəfinə
keçdi. Gürcü mənbəyinin yazdığına görə ağıldan kəm olan Davud xanı şah bir neçə
dəfə ziyafətdən qovmuşdu. Qəfildən Gəncəyə soxulan müttəfiqlər burda Qacarlardan
ibarət qala qarnizonunun əskərlərini qətlə yetirdilər və «bütün Azərbaycanı ələ
keçirəcəklərinə and içdilər». Müttəfiqlərə qoşulan erməni katolikosu Teymuraza
belə bir «ideya» ilə müraciət etdi: «Nə qədər ki xotkarla (Osmanlı sultanı) şah
(Səfəvi hökmdarı) öz aralarında düşmənçilik edirlər bu yürüşünüzü Təbrizə qədər
davam etdirin. Mən sizə 40 min tüfəngçi verə bilərəm. Şah qoşun yığıb sizə qarşı
gələnə qədər Təbrizə yağma edin, Azərbaycanda hakimiyyətdə olan xanları
dəyişdirin, sonra məni xotkarın yanına göndərin ki, ondan köməyə qoşun hissələri
ala bilim. Şah döyüşə girsə də qələbə qazana bilməyəcək, çünki gürcülər üçün
geri qaçmaq mümkün deyil, onlar biləcəklər ki, məğlub olub geri çəkilsələr, bu
uzun yolda qızılbaşlar onları haqlayıb axırlarına çıxacaqlar. Ona görə də
gürcülər var gücləri ilə vuruşacaqlar və siz qələbə qazanacaqsınız. Siz böyük
tacidar olacaq, sizin vasitənizlə xristian dünyası azadlıq və qüdrət qazanacaq».
Öz hiyləgərliyi ilə erməni katalikosundan geri qalmayan Teymuraz ona belə cavab
verdi: «Mən səni və Davud xanı özümlə Qoriyə aparacağam». Şah Davud xanın
qardaşı İmamqulu xanı və onun uşaqlarını edam etdirdi, Osmanlıya qaçmış xain
Davud xanın uşaqlarını isə axtalatdırdı.
Şah I Səfi 1633-cü ildə bəzi
mənbələrdə Rüstəm xan adlandırılan 67 yaşlı Xosrov Mirzəni Borçalı və Kartliyə,
Səlim xanı isə Qaxetə vali göndərdi. Valiyə kömək üçün xeyli qoşun hissələri
verildi. Rüstəm xanın Qarabağa çatdığını eşidən Teymuraz qorxusundan Diqomidən
Qoriyə qaçdı. O, Qoriyə çatdıqda qızılbaş ordusunun artıq Ağcaqalaya çatdığını
və Borçalı əhalisinin də nizami orduya qoşularaq onun üzərinə gəldiyini eşitdi.
Bu dəfə o, Kvaşxetiyə qaçdı. Tiflis əhalisi tərəfindən xilaskar kimi qarşılanan
Rüstəm xan Qori və Suramda da güclü qızılbaş qarnizonları yerləşdirərək
Teymurazla mübarizəyə başladı. Müslüm bəy Qorinin qalabəyisi təyin olundu.
Rüstəm xanın göndərdiyi 2 minlik qızılbaş dəstəsi Teymurazı İmeretə qədər
qovdu. 1636-cı ildə İmeretdən Dvalet vasitəsilə Duşetə gələn Teymuraz Ksan
Eristavının köməyilə Səlim xanı Qaxetdən sıxışdıra bildi. Teymuraz Qaxet üzərinə
hücum edərkən xeyli dağıntılar törətmişdi. Bunu eşidən şah Rüstəm xana belə bir
fərman göndərdi: «Bu il xotkarla savaş olmadığından Azərbaycan ordusunu sənə
köməyə göndərirəm. Asilərin hamısı məhv edilməlidir».
Teymuraz 1639-cu ildə Rusiyadan dəstək almaq
məqsədilə Teymuraz çar Aleksey Mixayloviçlə «Xaçöpmə yazısı» deyilən saziş
bağlasa da qızılbaşların qorxusundan Rus hökuməti Teymuraza gerçək yardım
göstərə bilmədi. 1653-cü ildə Teymuraz özünə varis seçdiyi İraklini Moskvaya
göndərdi.
1648-ci ildə Rüstəm xan Qızıq döyüşündə
Teymurazı darmadağın edərək Qaxeti onun qarətçi dəstələrindən təmizlətdi. İkort
dağını aşan Teymuraz yenə də qaçıb canını qurtara bildi. Muxranı da
qarətçilərdən təmizləyən Rüstəm xan yenidən Tiflisə döndü. 1656-cı ildə Qaxet
yenidən Gəncə bəylərbəyliyinin idarəçiliyinə verildi. 1658-ci ildə Rüstəm xan
öldü. Onun doğma uşağı olmadığından oğulluğu V Vaxtanq islamı qəbul edərək,
Şahnəvaz xan adı ilə vali təyin olundu. Rüstəm xan isə Qum şəhərində dəfn
olundu.
1658-ci ildə Moskvaya gedərək yardım istəyən
Teymuraz əliboş qayıtdıqdan sonra başını qırxtdıraraq İmeretidə rahiblik etməyə
başladı. Skanda qalasında gizlənən Teymuraz, Şahnəvaz xan tərəfindən ələ
keçirilərək şahın hüzuruna göndərildi. İslam dinini qəbul etməkdən imtina
etdiyindən Astrabad qalasında dustaq saxlanılan Teymuraz 1663-cü ildə 74 yaşında
öldü. Onun cəsədini gürcülər Allahverdidəki monastırda dəfn etdilər.
|