Borçalı uğrunda Qızılbaş (Səfəvi) - Osmanlı savaşları
Heyif ki,ayılan çox gec ayıldı,
Özümə od vuran öz sağ əlimdi
Bir dərdim yaralı Şah İsmayıldı,
Bir dərdim insafsız Sultan Səlimdi
Zəlimxan Yaqub 1521-ci ilin sentyabrında
Sultan Səlim Yavuz oturacağından çıxan çibanın qana zəhərlənmə verməsi
nəticəsində Çorlu adlanan yerdə öldü. 1524-cü ildə isə 37 yaşında şair-hökmdar
Şah İsmayıl dünyasını dəyişdi.
Şah
İsmayılın ölümündən sonra onun dörd oğlu qaldı.Taxta
onun böyük oğlu, 10 yaşlı I Təhmasib çıxdı.
İraqi Ərəbin idarəsi Əlqas Mirzəyə, Azərbaycanın idarəsi Bəhram Mirzəyə, İraqi
Əcəmin idarəsi isə Sam Mirzəyə həvalə olundu. Təhmasibin
azyaşlılığından və Şah İsmayılın ölümündən sonra hakimiyyət boşluğundan istifadə
edən David Tiflisi işğal etdi və Borçalını çapıb-taladı. 1525-ci ildə
hakimlikdən imtina edən Şah İsmayılın keçmiş vassalı olmuş David başını
qırxdıraraq monastıra getdi. Onun yerinə qardaşı Georgi hakimlik etməyə başlasa
da, iki ildən sonra Davidin oğlu Luarsab qaynatası, İmeret çarı III Baqratın
köməyilə Georgini hakimiyyətdən uzaqlaşdırdı. Başı Osmanlı və Özbək hücumlarının
dəf edilməsinə qarışan qızılbaşlar gürcü hakimlərinin bu özbaşınalıqlarına göz
yumurdular.
Osmanlı
sultanı I Süleyman azyaşlı Təhmasibi tez-tez müharibəyə təhrik edirdi. O,
Təhmasibə yazırdı: «Sənin rəhmətlik və cənnətlik atan Şah İsmayıl mənim atamla
müharibə etdi. Sən də şücaət iddiası edirsənsə, gəl vuruşaq». Şah Təhmasib isə
Sultan Süleymana cavabında yazırdı: «Allah bizə kafirlərlə müharibədə belə
təhlükəyə düşməyi qadağan edir, mən iki müsəlman ordusu arasında müharibəyə necə
fitva verim?». Osmanlı ilə müharibədən çəkinən Şah Təhmasib, onu Avropada
yürüşdə olan I Süleymana arxadan zərbə vurmağı məsləhət görən bitlisli Dəli
Yadigar Pujəkiyə belə cavab vermişdi: «Həzrət Xandigarın (xotkar Osmanlı
sultanlarına deyilirdi) adamları Firəng (Avropa) tərəfə din uğrunda döyüşə
getmişdir. Biz onun ölkəsinə getsək, işimiz irəli getməyəcək. Əgər o, mənim
qardaşımı və uşağımı öldürsə belə, kafirlərlə din uğrunda döyüşə getdiyi üçün
onun ölkəsinə getmərəm. Dinimi dünyaya satmaram».
Şah
Təhmasib digər Türk hökmdarı – Özbək xanı Übeydlə də müharibə etmək istəmirdi.
Onun fikrincə, göydə üç aypara vardı. Qərbdəki aypara Osmanlı, ortadakı aypara
Səfəvilər, şərqdəki aypara isə Özbək dövlətini təmsil edirdi. Lakin özbəklərin
Heratı dağıdaraq, qətllər törətməsi, səbirli Şah Təhmasibi özündən çıxartdı. Şah
Təhmasibin özbəklərlə başının qarışmasından istifadə edən Osmanlı sultanı
Təbrizi tutub dağıtmışdı. Osmanlı sultanı I Süleyman Qanuni 1534-cü il
sentyabrın 27-də Təbrizi tutaraq əhaliyə qanlı divan tutdu. Təbrizin dağıdılması
Şah Təhmasibə çox pis təsir etdi. Oktyabrın 13-də Dəli Məhəmmədin başçılıq
etdiyi Qızılbaş ordusu Osmanlı ordusunu haqlayaraq onları darmadağın etdi.
Osmanlı ordusu 40 min atlı, 70 min piyada itki verdi. Qızılbaşların Osmanlı
təcavüzünə qarşı apardıqları ağır savaşlar əslində Oruc bəy Bayatın dili ilə
desək, «öz ağalarını və dinlərini tez-tez dəyişən gürcü knyazlarının» işinə
yarayırdı. 1535-ci ildə Osmanlının himayə etdiyi İmeret hakimi III Baqrat və
onun kürəkəni, özünü Kartli «eristavı» elan etmiş Luarsabın dəstələri Borçalını,
Ahıskanı tutub dağıtdılar. Əhali gürcü hakimlərinin özbaşınalığına son qoymaq
məqsədilə Qarabağda olan Şah Təhmasibə müraciət etdi. 1541-ci ildə Şah Təhmasib
Borçalıya gəldi.Tiflis yenidən qızılbaşların ixtiyarına keçdi. Ahıska atabəyi
III Keyxosrov Şah Təhmasibdən kömək istədi. 1545-ci ildə III Baqrat və Luarsabın
dəstələri Soxoist düzənliyindəki döyüşdə darmadağın edildi. III Baqrat şahdan
aman dilədi. 1547-ci ildə Borçalı və Ahıska üzərində tam nəzarəti bərpa edən Şah
Təhmasib Həsən bəyi bölgəyə hakim təyin edərək, Qəzvinə döndü. Şah Təhmasibin
getməsindən istifadə edən xain III Baqrat Osmanlıdan kömək alaraq Həsən bəyi
öldürtdürdü, Ahıskanı dağıdaraq III Keyxosrovu əsir tutdu. Lakin Osmanlı
sərkərdəsi, III Baqrata III Keyxosrovu öldürtməyə imkan vermədi.
III
Baqratın xəyanətindən xəbər tutan Şah Təhmasib ikinci dəfə Azərbaycanın
şimal-qərb torpaqlarını düşmənlərdən təmizləmək üçün yürüşə çıxdı. Yanvarın
soyuğunda buzlamış Kür çayından keçən qızılbaş orduları Şuragölə, oradan da
Borçalıya çatdı. Qaxet hakimi Levan və xəyanətkar III Baqrat Şah Təhmasibdən
aman dilədilər. Onlar Ahıskanı da azad etmək istəyən Şah Təhmasibə sədaqətlə
qulluq edəcəklərinə and içdilər. Havanın şaxtalı olmasına və bütün keçidlərin
qalın qarla örtülməsinə baxmayaraq Şah Təhmasib Ahıskanı da ələ keçirdi. Oradan
Bərdəyə dönən Şah Təhmasib, yolda III Baqrata İmeretiyaya qayıtmağa icazə verdi.
Gəncəyə çatdıqda şah Levanı da III Baqrat kimi bahalı hədiyyələrlə Qaxetə yola
saldı.
Mövqeyini getdikcə daha da möhkəmləndirən Şah I Təhmasib Azərbaycanın vahid
dövlətdə birləşdirilməsi prosesini davam etdirirdi. 1538-ci ildə Şirvanın
müstəqilliyinə son qoyan Şah Təhmasib 1551-ci ildə Şəkini Səfəvi
Azərbaycan dövlətinə birləşdirdi. Toyğun bəy Qacar Şəki hakimi təyin edildi.
Hökmdarın Şəkidə olmasını eşidən Ahıska atabəyi III Keyxosrov «Kartli eristavı»
Luarsab, özlərini Loru hakimi elan etmiş Şərmazan və Pəmbək hakimi elan
etmiş Vaxuştidən şikayət etdi. Şah Təhmasibə məktubunda atabəy bu şəxslər
tərəfindən torpaqlarının qarət olunmasını və Ərzurum bəylərbəyi İskəndər paşanın
Artanuc qalasını mühasirə etdiyini bildirirdi. Atabəyin məktubu Şah Təhmasibi
üçüncü dəfə Borçalı və ona bitişik bölgələrə yürüşə çıxmağa vadar etdi.
Osmanlılır isə Ahıskaya ordu yeritdilər. Bu Luarsabı və ona qoşulan knyazları
daha da cəsarətləndirdi. Onlar Şah Təhmasibin tabe olma əmrini rədd
etdilər. Qori qalasını tutan Şah Təhmasib Luarsabın Qoridə gizlənən anasını əsir
tutduğu 30 min gürcü ilə Tiflisə gətirtdi. Luarsab və oyuncaq hakimlər tərəfinə
keçmiş gürcü knyazları qaçıb əlçatmaz Vardzi qalasında gizləndilər. Şah
Təhmasib Şahverdi Ziyadoğlu Qacarla Nadir xan Ustaclının başçılıq etdiyi iki
dəstəni onlara qarşı göndərdi. Alınmaz hesab edilməsinə baxmayaraq, qala
qızılbaşlar tərəfindən tutuldu. Qalada gizlənmiş knyazlar Şah Təhmasibin
qarşısında diz çökdülər. Şah Təhmasib müsəlmanlara divan tutmaqları ilə «ad
çıxarmış» Loru-Pəmbək «hakimlərini» - Şərmazan və Vaxuştini edam etdirdi.
Borçalının, o cümlədən Ağcaqala, Loru və Pəmbəyin idarəsi atabəy III Keyxosrova
həvalə olundu. Borçalıdan Qarabağa dönən Şah Təhmasib qışı burada keçirdi.
Osmanlı-Qızılbaş savaşları isə hələ də davam edirdi. 1554-cü ildə artıq dördüncü
dəfə Azərbaycana yürüş edən Sultan Süleyman Naxçıvandan geri qayıtmağa məcbur
oldu. Azərbaycanı tutmaq cəhdinin boşa çıxdığını görən Sultan Süleyman 1555-ci
il mayın 29-da Amasya sülhünü bağlamağa məcbur oldu. Sülh müqaviləsinə görə,
Şəhrizor, Van ətrafı, İmeret, Menqrel Osmanlı dövlətində, Borçalı və Ahıskanın
şərq hissəsi isə Səfəvilərdə qaldı.
1556-cı
ildə Şah Təhmasib Qarabağ bəylərbəyi Şahverdi xan Qacara dikbaş Luarsabı
cəzalandırmağı əmr etdi. Luarsab elə ilk döyüşdəcə öldürüldü. Gürcü knyazları
onun yerinə oğlu Simonu hakim seçdilər. O, Qaxet hakimi, bir neçə dəfə Şah
Təhmasibə biət etmiş Levanın qızı ilə evlənmişdi. 1561-ci ildə Tiflisdəki
azsaylı qızılbaş qarnizonu üzərinə hücum təşkil edən Simon, kömək üçün
qaynatasına müraciət etdi. Xəyanətkar Levan oğlu Georginin başçılıq etdiyi
dəstəni Simona köməyə göndərdi. Tiflis kənarında birləşən müttəfiqlər basqına
hazırlıq görməyə başladılar. Bundan xəbər tutan Qarabağ bəylərbəyi Şahverdi
xan Qacar Tiflis istiqamətində yürüşə çıxdı. Parsadan Qorcanidzenin yazdığına
görə «o hücumdan əvvəl öz qoşununa belə bir müraciət etdi: Biabırçılıqla
ölməkdənsə,var gücümüzlə döyüşərək savaşda ölək! Hamı dedi: Yaxşı. Bir yerdə
«Allah,Allah» deyə hayqıran qızılbaşlar, siyirməqılınc döyüşə atıldılar». İlk
həmlədə Levanın oğlu Georginin öldürüldüyünü görən qaxetinlər, onların ardınca
da Simon qaçdılar. Qələbə qazanan qızılbaşlar Tiflisə daxil oldular. Gecə də
olsa, Tiflis əhalisi onları sevinclə qarşıladı.
Simonun
kiçik qardaşı David Borçalı əsilzadələrinin müşayiəti ilə Şah Təhmasibin yanına
yollandı. Onları Qəzvində böyük hörmətlə qarşılayan şah, Davidi müsəlman
etdirərək, oğulluğa götürdü. David, Davud Vali adı ilə mərkəzi Tiflis olmaqla
Borçalıya (mənbələrdə Dmanis, Loru, Tiflis, Qars) hakim təyin elədi. Mənbələrin
verdiyi məlumatlara görə Davud Vali və onu müşayiət edən Borçalı əsilzadələrinə
şah xəzinəsindən 9 min tümən ayrıldı. Şah Təhmasib, Davud Valini Xülafə bəy
Qaramanlı ilə birlikdə Tiflisə göndərdi. Daha da azğınlaşmış Simon Borçalını
çapıb-talasa da Tiflisi tuta bilmirdi. Davud Vali, Borçalıdan və Tiflisin şəhər
əhalisindən topladığı qoşunla Simonun üzərinə yeridi. Simon qoşulanlarının
sayının çox olduğunu görən Davud Vali qorçubaşı Xülafə bəy Qaramanlıya döyüşə
girmədən Tiflis qalasına çəkilməyi məsləhət gördü. Döyüş meydanından qaçmağı
özünə sığışdırmayan qızılbaş ərəni azsaylı dəstəsi ilə düşmən üzərinə yeridi.
Parsadan Qorcanidzenin yazdığına görə, «o, şiddətlə döyüşərək, rəqiblərinə böyük
xətər yetirdi». Lakin qeyri-bərabər döyüşdə kiçik qızılbaş dəstəsi, başçıları
Xülafə bəy Qaramanlı ilə birlikdə şəhid oldular.
Bu
barədə Şah Təhmasibə məlumat verən Davud Vali ondan kömək istədi. Parsadan
Qorcanidze yazır: «1569-cu ildə şahın əmrilə Davud Valinin köməyinə Həsən bəy
Qaramanlının və Azərbaycan ordusuna komandan təyin edilən Şəki hakimi Çərkəz
Sultanın başçılığı ilə ordu göndərildi». Orduya bələdçiliyi Kaxaber Korqanişvili
edirdi. Döyüş vaxtı Simonu şəxsən tanıyan bələdçi, onun qaçdığını görüb,
qızılbaşlara nişan verdi. Qızılbaşlar tərəfində vuruşan başqa bir gürcü
əsilzadəsi isə nizəsi ilə Simonu atdan vurub saldı. Əsir tutulan Simon Qəzvinə,
Şah Təhmasibin hüzuruna göndərildi. Əvvəlcə tərəddüd etsə də, az sonra Simon
İslam dinini qəbul etdi.
1576-cı
ildə Səfəvilər dövlətini ən uzun müddət idarə etmiş Şah I Təhmasib vəfat etdi.
Taxta onun oğlu II İsmayıl çıxdı. II İsmayıl məscidlərdə sünnü-şiə ixtilafını
qızışdıran moizələrin söylənməsini qadağan etdi. 1577-ci ildə o, saray adamları
tərəfindən zəhərlənərək öldürüldü. 1578-ci ildə taxta Məhəmməd Xudabəndə
(1578-1587) çıxdı. Səfəvilər dövlətindəki hakimiyyət dəyişikliyindən istifadə
edən Osmanlı sultanı III Murad qızılbaşlara qarşı yeni müharibəyə (1578-1590)
başladı.
1578-ci il avqustun 9-da Qars
yaxınlığındakı Çıldır gölünün sahilində Osmanlılar Səfəviləri məğlubiyyətə
uğratdılar. 1578-ci il sentyabrın 9-da Alazan çayı sahilində baş vermiş döyüş
isə qızılbaşların qələbəsi ilə başa çatdı. 1578-ci ilin noyabrında Ağsu çayı
sahilində, Mollahəsənlidə Osmanlının vassalı olan Krım xanının 12 minlik qoşunu
Səfəvilər tərəfindən darmadağın edildi.
Taxta
yenicə çıxmış Şah Məhəmməd Xudabəndə islamı qəbul etmiş Simonu və onunla
gətirilən gürcü knyazlarını Qəzvinə gətirməyi əmr etdi. Şah «Simona verilən
fərmanda onu qardaşı adlandıraraq, bol xəzinə və ləl-cəvahirat verib, Əliqulu
xanla birlikdə Tiflisə yola saldı». Əliqulu xan Qacar və Simon Borçalıya
çatdılar. Simonun gəldiyini eşidən Davud – vali sultan III Muradın yanına elçi
göndərərək, ona sığınmaq istədiyini bildirdi. Tiflis və Borçalının digər
məntəqələri Osmanlıya təhvil verildi.
Qars valisi Mustafa paşa
xəyanətkar Davudu izləyən Qızılbaş ordusunun hücumlarından qorunmaq üçün
Qahirədən gətirtdiyi ustalara Qars qalasını möhkəmləndirməyi əmr etdi. III Murad
Qars valisi Mustafa paşaya Davud – valiyə kömək göstərməyi əmr etdi, daha sonra
isə Davud-valini İstanbula apartdırdı. Tiflisdə yerləşən Osmanlı qarnizonuna
kömək üçün sədrəzəm Sokullu Məhəmmədin oğlu Həsən paşanın başçılığı altında ordu
göndərildi.
Əliqulu xanın qızılbaş
ordusuna üç minlik dəstə ilə qoşulan Simon əslində orduya bələdçilik edirdi.
Qızılbaş ordusu 1583-cü ildə Osmanlı ordusunu Tiflislə Başkeçid (Dmanis)
arasındakı meşəlikdə qarşıladı. Osmanlıların avanqardına qəfil hücum edən
qızılbaşlar onlara ağır zərbə vurdular. Osmanlı ordusu 20 min döyüşçü itirdi.
Qeysəriyyəli Mustafa bəy öldürüldü və onun bayrağı qızılbaşların əlinə keçdi.
«Adamlarından çox ləyaqətinin itirilməsindən təhqir olunmuş Həsən paşa» özünü
elə göstərdi ki, guya qızılbaşların qəfil hücumundan tam darmadağın olub geri
çəkilir. Bunu görən Əluqulu xan Osmanlı ordusunu sona qədər əzmək məqsədilə
möhkəmləndirilmiş mövqelərini tərk edərək, düzəngəha çıxdı. Azsaylı qızılbaş
dəstəsi pusquda dayanmış Osmanlı ordusunun mühasirəsinə düşdü. Əliqulu xan
Qacara kömək istəmək istəyən Simonun da dəstəsi darmadağın edildi. Simon əsir
düşməkdən yaxa qurtarsa da, Əliqulu xan Qacar Osmanlı ordusu tərəfindən tutuldu.
Bu qələbəsindən məmnun olan Həsən paşa 12 gün dincəldikdən sonra Tiflisdəki
Osmanlı qarnizonuna köməyə gəldi. Tiflisdəki qarnizona Əhməd paşa Hacıbəyoğlu
ilə əvəz edən Həsən paşa burada 3000 nəfərlik dəstə saxlayaraq Ərzuruma döndü.
Tiflis qalasının güclü müdafiə olunmasından arxayın olmadığına görə o, şəhəri
tərk edərkən hərbi sursatı və ordu xəzinəsini də özü ilə götürdü. Əliquqlu xan
Qacarın əsir düşməsindən təəssüflənən Simon onu hər vasitə ilə azad etməyə
çalışırdı. Bu məqsədlə o Həsən paşanı döyüşə sövq etmək üçün Başkeçidə gedən
yolu tutdu. Səfəvi dövlətindən Osmanlıya yeganə təhlükəsiz keçid olan Başkeçidin
Simon tərəfindən tutulması Həsən paşanı çıxılmaz vəziyyətə saldı. O, Simona
məktub yazaraq, Osmanlı ordusuna Ərzuruma keçid verəcəyi təqdirdə Əliqulu xanı
azadlığa buraxacağına söz verdi. Həsən paşanın vədinə inanan Simon Osmanlı
ordusuna Başkeçiddən maneəsiz keçməyə şərait yaratdı. Lakin şərəfsizcəsinə
verdiyi sözə əməl etməyən Həsən paşa Əliqulu xan Qacarı Osmanlı ordusunun öndə
(avanqardda) gedən hissəsinə qatdı. Aldandığını başa düşən Simon bütün qüvvəsini
Osmanlı ordusunun arxa hissəsinə (aryeqardına) yönəltdi və Tiflisdən aparılan
ordu xəzinəsinin bir hissəsini ələ keçirdi. Həsən paşa isə ordunun ön hissəsi
ilə Ərzuruma yetişdi və ordu xəzinəsinin bir hissəsini, habelə Əliqulu xan
Qacarı Mustafa paşaya təhvil verdi. Mustafa paşa baş vermiş hadisələr barədə və
Qarsı möhkəmləndirdiyi haqqında Sultan III Murada məlumat verdi. Əməliyyatdan
razı qalan III Murad Mustafa paşaya bahalı xələt, Həsən paşaya isə qızılla
süslənmiş silah göndərdi. III Murad əsir tutulmuş Əliqulu xan Qacarın xüsusilə
mühafizə olunmasına dair də göstəriş verdi.
Simondan başqa qalan gürcü
knyazlarının Osmanlı tərəfinə keçməsindən təəssüflənən Şah Məhəmməd Xudabəndə
əsas diqqəti Təbrizin müdafiəsinə yönəltdi və Qəzvində, şah sarayında olan Qaxet
hakimi İskəndər Ləvənd oğlunun məsləhəti ilə İstanbula sülh danışıqları üçün
elçilər göndərdi. Osmanlının sülh danışıqlarını rədd etməsindən sonra Ərdəbildə
ata-babalarının qəbirlərini ziyarət edən Şah Məhəmməd Xudabəndə Təbriz şəhərində
bütün Qızılbaş başçılarının qurultayını çağırdı və yeni hərbi əməliyyatlara
başlamaq əmri verdi.
Tiflisə yeni qalabəyi göndərilən
Sinan paşa Osmanlı sultanı III Murad tərəfindən baş vəzir təyin olunmasını
eşitdikdə daha da canfəşanlıq göstərərək, Səfəvilərə sadiq qalmış Simonu
tamamilə məhv etməyə girişdi. Öz əzazilliyi ilə ad çıxarmış Dəməşq
yeniçərilərinin ağası Ömər Simona qarşı göndərildi. Simon qızılbaşların köməyilə
yeniçəriləri geri oturtdu, Ömər öz canını güclə qurtardı. Tiflis qarnizonundakı
əsgərləri yeni gətirdiyi dəstələrlə əvəz edən Sinan paşa qalanın müdafiəsini
islamı qəbul etmiş Yusif adlı gürcüyə həvalə etdi və öz mövqelərini tez-tez
dəyişdirməyə adət etmiş gürcü knyazlarını öz tərəfinə çəkmək üçün onlara bahalı
hədiyyələr payladı. Qaxet hakimi İskəndər Ləvənd oğlu Osmanlının tərəfinə keçdi.
Artıq Osmanlının Borçalıda hakimiyyətini tam təmin etdiyini düşünən Sinan paşa
İstanbula dönməyi qərara aldı. Qars yolunda ələf toplamaq üçün
əhalini incidən Osmanlı ordusunun ön dəstələri İrəvan hakimi Toxmaq xan Qacar və
ona qoşulan Simonun qüvvələri tərəfindən darmadağın edildi. Sayları cəmi 8
min nəfər olan Qızılbaş dəstəsi özlərindən sayca qat-qat üstün olan Osmanlı
ordusundan 7 min nəfəri qılıncdan keçirdi. Bütün gücünü Toxmaq xan Qacarın
azsaylı dəstəsinə qarşı yönəldən Sinan paşa cəmi 50 nəfər qızılbaşı ələ
keçirərək qətlə yetirdi və guya böyük qələbə çalmış sərkərdələr kimi onların
kəsilmiş başlarını nizələrin uclarına keçirməyi əmr etdi. Başkeçiddən keçən
Sinan paşa Ərcivanda olarkən Səfəvi şahının şəxsən özünün başçılığı ilə güclü
ordunun onu haqlaması xəbərini aldı. Bu xəbər Osmanlı ordusunda çaxnaşma
yaratdı. Vəziyyəti çətinliklə nizama salan Sinan orduya döyüş əmri verdi və ön
səflərə 50 top yerləşdirdi. Lakin məlum oldu ki, gələnlər ordu deyil, sülh
danışıqlarına gələn qızılbaş elçiləridir. Elçilər Borçalının Osmanlıya verilməsi
müqabilində şahın barışıq istədiyini bildirdilər. Sultan tərəfindən sülh
danışıqları aparmaq səlahiyyətlərinin olmadığını bildirən Sinan paşa elçilərə
xoş rəftar göstərərək, nümayəndə heyətini başçıları Heydər ağa ilə birlikdə
Qarsa, oradan da İstanbula göndərtdirdi. Sultan sülh danışıqlarına başlamağa
razılıq verdi. İstanbuldan Qəzvinə qayıdan Heydər bu xəbəri Şah Məhəmməd
Xudabəndəyə çatdırdı. Şah Məhəmməd Xudabəndə sülh şərtlərini müzakirə etmək üçün
təcrübəli diplomat İbrahim xanın başçılığı ilə İstanbula böyük bir nümayəndə
heyəti göndərdi. Təkəbbürlü Osmanlı əyanları Qızılbaş elçilərini ələ salmaq
qərarına gəldilər. Elçilər vəliəhd Məhəmmədin sünnət məclisinə dəvət olundular.
Onlar üçün ayrılmış yer elə düzəldilmişdi ki, sünnət mərasimi başa çatan anda
taxta döşəmə uçmalı və qızılbaş elçiləri mərasimin keçirildiyi meydançaya
yıxılmalı idilər. Nə qədər ağır olsa da Qızılbaş elçiləri bu həqarətə dözdülər.
Onlar sultan III Muraddan nəinki hər hansı bir cavab aldılar, əksinə bütün
diplomatik normaların əksinə olaraq Ərzurumdakı bir qalada dustaq edildilər.
Səfəvi torpaqlarına yeni yürüşə
çıxmağı əmr edən sultan III Murad, artıq haqqında bəhs etdiyimiz Mustafa paşanın
qardaşı oğlu Məhəmməd paşanı Ərzuruma göndərdi. Hələb və Maraş paşaları da
Məhəmməd paşaya köməyə göndərildi. Vanda qışlayan Osmanlı ordusu yazda Tiflis
istiqamətində yürüşə başladılar. Bu yürüşdə Məhəmməd paşanı Amid paşası Xacə
Həsən və islamı qəbul edərək Mustafa adını almış Mənuçöhr adlı gürcü knyazı,
habelə Ərzurum bölgəsindən olan kürd zabitləri də müşayiət edirdilər. 25 minlik
ordu ilə Borçalıya soxulan Osmanlı ordusu bölgəni talamağa başladı. Hələ də sülh
danışıqlarına ümid bəsləyən qızılbaşlar Osmanlı ordusuna qarşı açıq döyüşə
girməkdən çəkindiklərindən, gürcü libası geyinərək, Kür çayını keçən Osmanlı
ordusuna ağır zərbə vurdular. Osmanlı ordusunun qalıqları tələm-tələsik özünü
Tiflisə çatdırdı. Çoxdan bəri maaş almayan Tiflis qarnizonunun əsgərlərinin
narazılığını yatıran Məhəmməd paşa geri dönməyə hazırlıq gördü. Ərzuruma hansı
yolla qayıtmaq məsələsində Məhəmməd paşa ilə kürd bəyləri arasında mübahisə
yarandı. Məhəmməd paşa Altun qala, kürd bəyləri isə daha təhlükəsiz Başkeçid
yolu ilə özlərini Qarsa çatdıra bildilər. Burada Məhəmməd paşa divan çağıraraq,
uğradığı məğlubiyyəti Mənuçöhrün boynuna yıxmaq və onu edam etmək qərarına
gəldi. Ancaq daha bic tərpənən Mənuçöhr paltarının altında gizlətdiyi
qılıncla Məhəmməd paşanı yaraladı, cəlladı öldürdü və onu tutmaq istəyən Xacə
Həsən paşanın qulağını kəsərək qaçdı. Simona qoşulan Mənuçöhr onun qızı Yelena
ilə evləndi.
Sultan III Murad Şah Məhəmməd
Xudabəndənin Heratda mərkəzi hakimiyyətə qarşı qalxan qiyamçılara başının
qarışmasından istifadə edərək, Fərhad paşanın başçılıq etdiyi ordunu Borçalıya
göndərdi. Fərhad paşaya həm də İrəvan hakimi Toxmaq xan Qacarı cəzalandırmaq
tapşırılmışdı. Fərhad paşa Osmanlı ordusunun hərəkətlərini asanlaşdırmaq
məqsədilə Qars-İrəvan və Qars-Tiflis yollarını təmir etdirdi, Ağcaqalanı
möhkəmləndirərək, oraya xeyli top və 400 nəfərlik qarnizon yerləşdirdi. 12
gündən sonra Ərzurumdan Tiflisdəki Osmanlı qarnizonu üçün maaş gətirildi. Fərhad
paşa daha sonra Simon tərəfindən xarabazarlığa çevrilmiş Başkeçid qalasının
təmirinə başladı. Ərzurum qalasında dustaq saxlanan Əliqulu xan Qacar da
Başkeçid qalasına köçürüldü. Fərhad paşanın birbaşa nəzarəti altında Başkeçid
qalası möhkəmləndirildi və genişləndirildi; dağlıq yerlər qazılaraq düzəldildi,
hündür divarlı möhtəşəm qala inşa olundu. Qalanın bürclərinə 200 top
yerləşdirildi. İndi burada 12 minlik qarnizon da yerləşdirmək mümkün idi. Daha
sonra Başkeçiddən çıxan 20 minlik Osmanlı ordusu Tiflisdəki qarnizona ərzaq və
pul çatdırdı. Tiflis qarnizonuna başçılıq Bağlı paşaya həvalə olundu. Fərhad
paşa, Həsən paşanı Başkeçidə qalabəyi təyin edərək Ərzuruma döndü.
Başkeçid qalasından qaçan
Əliqulu xan Qacar keçmiş dostu Simonla birləşərək yenidən Borçalıda Osmanlı
ordusuna zərbələr vurmağa başladı. 1585-ci ilin sentyabrında Sufiyan döyüşündə
də qalib gələn Osmanlılar Təbrizi tutdular. Sultan III Murad işğal olunmuş
Təbrizin bəylərbəyi Axta Cəfər paşanı 10 minlik ordu ilə Borçalıya
göndərdi. Həlledici döyüş Alget çayı ətrafında baş verdi. Döyüş zamanı
Simonun atı büdrəyərək yıxıldı. Osmanlı ordusunda qulluq edən Barataşvili
soyadlı gürcü knyazı Simonu yeniçərilərə nişan verdi. Lakin Səfəvilərə sədaqəti
ilə ad çıxarmış Simon qurşağa qədər palçıq içində olsa da, yenə təslim olmaq
istəmirdi. Barataşvili ona yenə də müqavimət göstərəcəyi halda tüfənglə
öldürüləcəyi haqqında xəbərdarlıq etdikdən sonra Simon təslim oldu. Axta Cəfər
paşanın rəğbətini qazanmaq məqsədilə Simon ona dedi: «Səni doğan anaya halal
olsun ki, məni kimi quşu ovlaya bildin». Tərif sevən təkəbbürlü Osmanlı paşası
onu öpərək, mərhəmət göstərdi. Əsir tutulan qızılbaş müğənnilərindən biri isə
belə bir mahnı qoşdu: «Simon xan Algetdə, alget də». Lorudan Pəmbəyə, oradan da
Göyçə yolu ilə Osmanlıya dönən Axta Cəfər paşa Simonu İstanbula – sultanın
hüzuruna göndərdi. Sultan Borçalı və ona bitişik ərazilərə Davud-valini
hakim göndərmək istəyirdi. Lakin Davud-valinin qəfil ölümü bu işə mane oldu.
Osmanlı sarayında Tiflisə göndərilmək üçün yenidən Simonun namizədliyi
müzakirə olunarkən, Şah Məhəmməd Xudabəndənin yerinə hakimiyyətə onun oğlu
Abbasın şah seçildiyi məlum oldu. Şah Abbasın Simonun qızı Pərican bəyimlə
evlənməsi xəbəri Osmanlı sarayında Simona olan zəif inamı onsuz da
sarsıtdı və o İstanbulda saxlanıldı. Səfəvilər daxilindəki çəkişmədən istifadə
edən Osmanlılar 1586-1589-cu illərdə demək olar ki, bütün Azərbaycanı tutdular.
Taxta yenicə çıxan I Şah Abbas
Osmanlı ilə təcili olaraq sülh danışıqlarına başlamağı qərara aldı. 1590-cı ildə
Səfəvilərlə Osmanlı arasında bağlanmış İstanbul sülh müqaviləsinə görə Xalxal,
Ərdəbil, Qaracadağ və Talışı çıxmaqla, qalan Azərbaycan ərazisi Osmanlıya
verildi.
|