Borçalı Qızılbaşlıq dönəmində
Hakimiyyətlərinin ilk mərhələsində Hülakülərin
xristian dininə üstünlük vermələri Azərbaycanda bu siyasətə qarşı çıxan gizli
sufi təriqətlərinin yaranmasına səbəb olmuşdu. Belə təriqətlərdən biri də XIII
əsrdə Şeyx Səfiyəddinin başçılığı ilə Ərdəbildə yaranmışdı. Azərbaycana etdiyi
sonuncu yürüş zamanı Əmir Teymur Şeyx Səfinin məqbərəsini ziyarət etmiş,
abadlaşdırdığı Beyləqan şəhərinin gəlirini, habelə Ərdəbil şəhərini vəqf olaraq
Şeyx Səfinin varislərinə vermişdi.
Artıq
XIV əsrin ortalarında, demək olar ki, bütün Ərdəbil əhalisi Şeyx Səfiyədinin
müridi hesab olunurdu. Şeyx Səfiyəddin sünni olsa da, onun varisləri özündə daha
çox qədim TÜRK inanclarını ehtiva edən qızılbaşlıq ideologiyasına üstünlük
verməyə başladılar. Sünnilik doktrinasına uyğun olmayan, lakin islam pərdəsinə
bürünən bütün dini-fəlsəfi ideologiyalar (asassinlər, nizarilər, ismaililər və
s.) kimi qızılbaşlıq da sonralar şiə təriqəti hesab olunmağa başladı.Əslində
isə qızılbaşlıq öz ideoloji qaynaqlarını xürrəmilikdən və hürufilikdən
götürmüşdü. Belə ki, hər bir etnos yeni qəbul etdiyi dini daha çox öz
ənənələrinə uyğunlaşdırmağa çalışır. Bəzi mənbələrdə iddia edildiyi kimi Babək
heç də tamamilə islam dinini rədd etmirdi. Məsələn, ərəb tarixçisi əl-Bağdadi
xürrəmilərin Bəzz qalasında öz məscidlərinin olmasını, lakin «islam ehkamlarını
xürrəmcəsinə izah etmələrini» xüsusi qeyd edirdi. İslam dinini Azərbaycan
türkünün ənənələrinə uyğunlaşdırmağın ikinci cəhdi hürufiliyin, üçüncü cəhdi isə
qızılbaşlığın yaranmasına gətirib çıxartdı. Çin mənbələrində Alo şan
adlandırılan, qədim türklərin tapındıqları yol və savaş tanrısı qızılbaşlıqda
öz əksini islam müqəddəslərindən olan Həzrəti Əlinin simasında tapdı (indi də
Borçalı türklərinin ən böyük andlarından biri «getdiyimiz Alı yolu haqqı»dır).
Qızılbaşlığı bütün Azərbaycana yaymaq cəhdlərinin ilk mərhələsi uğursuzluqla
nəticələndi.
Səfəvi
şeyxi Güneyd 1460-cı ildə Samur çayı sahilində Şirvanşah I Xəlilullahın orduları
tərəfindən qətlə yetirildi. Şeyx Cüneydin oğlu Şeyx Heydər dayısı Ağqoyunlu
Həsən Padşahın Dəspinə Xatundan (Teodora) olan qızı Aləmşah bəyimlə (Marta) ilə
evləndi. 1470-ci ildə Təbrizdən Ərdəbilə gələn Həsən Padşah Şeyx Heydəri Səfəvi
təriqətinin başçısı təyin etdi. Şeyx Heydər 1488-ci ildə Şahdağın ətəyində
Şirvanşah Fərrux Yassarın orduları tərəfindən məğlub edilərək öldürüldü.
Ağqoyunlu hökmdarı Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultanəlini,
İbrahimi və 2 yaşlı İsmayılı anaları Aləmşah bəyimlə birlikdə Van gölündəki
adada yerləşən qalada ( bəzi mənbələrdə isə Şiraz yaxınlığındakı İstəxr
qalasında) dustaq etdi. 1482-ci ildə Ağqoyunlu Rüstəm Mirzə öz rəqibi Bəysunqura
qarşı mübarizədə Azərbaycan türkləri içərisində böyük nüfuza malik olan
qızılbaşlardan istifadə etmək üçün onları azad etdi. 1493-cü ilin yazında
Sultanəlinin başçılıq etdiyi qızılbaşlar və Rüstəm Mirzənin qoşunları Əhər
yaxınlığında Bəysunquru məğlub etdilər. Bundan sonra Səfəvilərin güclənməsindən
qorxan Rüstəm Mirzə 1494-cü ildə Ərdəbil yaxınlığında Şəməsi deyilən yerdə
Sultanəlini qətlə yetirtdi. Bu faciədən xeyli əvvəl Sultanəli öz kiçik qardaşı
İsmayılı Səfəviyyə təriqətinin başçısı (mürşidi) təyin etmişdi. Qızılbaş
müridlər İsmayılı Biyəpiş hakimi Mirzə Əlinin sarayında gizlədilər. Tədbirli
Mirzə Əli İsmayılı səbətə qoyub ağacdan asdı və onu təqib edən Rüstəm Mirzənin
adamlarını inandırmaq üçün Qurana and içdi ki, İsmayıl onun torpalarında deyil.
1499-cu
ildə İsmayıl Ərdəbilə, sonra isə qızılbaş müridlərinin daha çox olduğu Ərzincana
getdi. O, ilk növbədə qızılbaşların daha çox nifrət etdikləri Şirvanşaha zərbə
vurmağı qərara aldı. Şəraiti düzgün dərk edən İsmayıl başa düşürdü ki, Təbrizə
hərəkət etsə eyni vaxtda üç rəqiblə – Ağqoyunlular Əlvənd Mirzə və Sultan
Muradla və onları müdafiə edən Şirvanşah Fərrux Yasarla toqquşmalı olacaq.
1500-cü ilin payızında Şamaxını tutan İsmayıl Gülüstan qalası yaxınlığındakı
Cəbanı adlı yerdə Fərrux Yassarı məğlub edərək öldürdü. 1501-ci ilin yazında
Bakıya hücum başladı. Şəhərin qala divarları altından lağım atan qızılbaşlar
şəhəri tutub, Şirvanşahın xəzinəsini ələ keçırdilər. Ağqoyunlu Əlvənd Mirzənin
Təbrizdən qoşunla qızılbaşlar üzərinə yeriməsi xəbərini alan İsmayıl, Gülustan
qalasını ələ keçirməyi daha mühüm hesab edən müridlərindən "Siz Azərbaycan
taxtını, yoxsa Gülüstan qalasını istəyirsiniz?" deyə soruşduqda onlar
"Azərbaycanı istəyirik!" – cavabını verdilər. 1501-ci ilin ortalarında
Şərur düzündəki döyüşdə Əlvənd Mirzəni məğlub edən İsmayıl Təbrizə daxil
olaraq özünü şah elan etdi və Səfəvilər dövlətinin əsasını qoydu. Dövlətin əsas
ərazisini Azərbaycan torpaqları, əhalisinin böyük hissəsini Azərbaycan türkləri
təşkil edirdi. Ordu qızılbaş türk soylarından ibarət idi. Hərbi komandanlıq,
maliyyə idarələri, vilayətlərin idarəçiliyi və şah sarayında bütün vəzifələr
Azərbaycan türklərinin əlində idi. Dövlət işlərində, sarayda, qoşunda və qismən
diplomatik yarışmalarda Azərbaycan türk dili işlənirdi.
1501-ci
ildə baş vermiş Şərur döyüşündən sonra Ağqoyunluların birinci qoluna son qoyulsa
da, Ağqoyunlu dövlətinin digər qolunun başçısı Sultan Murad Səfəvilər üçün
təhlükəli rəqib olaraq qalırdı. Şah İsmayılın kömək üçün Borçalı türklərinə,
Kartli, Kaxet və Üç qala hakimlərinə müracəti cavabsız qalmadı. 16 minlik
qızılbaş ordusunun 9 mini borçalılardan ibarət idi. 1503-cü ildə Həmədan
yaxınlığındakı Alma Bulağı adlı yerdə Sultan Muradın ordusunu darmadağın edən I
Şah İsmayıl Şirazı tutdu. Bu qələbədən sonra Ağqoyunlu dövlətinin ikinci qoluna
son qoyuldu. Şah İsmayıl Qum, Kaşan, İsfahanı, 1504-cü ildə Yəzd və Kirmanı,
1508-1510-cu illərdə Xorasan istisna olmaqla bütün indiki İran ərazisini tutdu,
İrəvan, Bağdad şəhəri də daxil olmaqla indiki İraq ərazisini Azərbaycan
Səfəvilər dövlətinin tərkibinə qatdı. Səfəvilər dövləti şərqdə Şeybani xanın
Özbək dövləti, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. Şah İsmayılla
Şeybani xan arasında əsas mübarizə iqtisadi və strateji əhəmiyyəti olan Xorasan
uğrunda gedirdi. 1507-1508-ci illərdə Səfəvilərin Azərbaycanın qərbində
hərbi əməliyyatlar aparmasından istifadə edən Şeybani xan Xorasanı tutmuşdu. Şah
İsmayıl Xorasana hərəkət edəndə Şeybani xan Heratdan Mərvə çəkilərək
uzunmüddətli müdafiəyə hazırlaşdı. Şah İsmayıl hərbi hiylə işlədərək Şeybani
xanı Mərv qalasından çıxarmaq üçün geri çəkildi. Bu zaman şahın həqiqətən geri
çəkildiyini guman edən Şeybani xan Səfəviləri təqib etdi. 1510-cu ilin dekabrın
1-də Mərv yaxınlığında baş vermiş döyüşdə özbəklər məğlub edildilər və Şeybani
xan öldürüldü. Mərv döyüşündən sonra Herat, Mərv, Bəlx şəhərləri də daxil
olmaqla, Xorasan Səfəvilərin əlinə keçdi. Beləliklə, Fərat çayından Amudərya
çayınadək geniş ərazi Şah İsmayılın hakimiyyəti altına keçdi. Böyük bir
imperiyaya çevrilən Səfəvi dövləti Yaxın Şərqin hərbi-siyasi həyatında mühüm rol
oynamağa başladı.
Şah
İsmayılın başının Özbək xanı Şeybani ilə müharibəyə qarışmasından
istifadə edən Kartli və Kaxet hakimləri bir-birlərilə didişməyə başladılar.
Kartli hakimi David bu mübarizədə qalib çıxaraq Kaxet hakimi Av-Georgini əsir
tutdu. Şeybani xana qalib gələn Şah İsmayıl Tiflisə gəldi. O, Davidi
Kartliyə, Leon adlı birisini isə Kaxetə hakim təyin etdi.
Şah
İsmayıla qarşı mübarizəyə başlamağa cəsarət etməyən Osmanlı sultanı II Bəyazid
1504-cü ildə Səfəvilər dövlətini rəsmən tanımışdı. Borçalıdan qərbə doğru
hərəkət edən Şah İsmayıl 1512-ci ildə Kiçik Asiyada Malatya və Qarahisarı tutdu.
Səfəvi sərkərdəsi Məhəmmədxan Ustaclı isə Diyarbəkri ələ keçirdi. 1512-ci ildə
taxta çıxan Sultan I Səlim (1512-1520) onu hökmdar kimi tanımayan Şah İsmayıla
qarşı müharibəyə hazırlıq görməyə başladı. O, qərb tərəfdən olacaq hücumları
neytrallaşdırmaq üçün Macarıstan, Venesiya, habelə Moskva knyazlığı ilə sülh
müqavilələri bağlayıb, bütün qüvvələrini Səfəvilərə qarşı yeritdi.
Digər
tərəfdən Roma papası Avropa hökmdarlarına məktubda Şah İsmayılı Türkiyəyə qarşı
"Allahın xristian dünyası üçün yaratdığı bir fürsət" hesab edirdi. 1507-1508-ci
illərdə Roma papası, Venesiya, Neapol krallığı, Kipr və Rodosla Səfəvilər
arasında əlaqə yaradıldı. 1510-cü ildə Səfəvi diplomatı Əli bəy İtaliyaya getdi.
Aralıq dənizi vasitəsi ilə Qərbdən odlu silah almağın baş tutmayacağını duyan
şah bəzi tədbirlərə əl atdı. İran körfəzi və Hind okeanı vasitəsi ilə
avropalılardan odlu silah almağa çalışan Şah İsmayıl öz məqsədinə çatmaq üçün
Portuqaliyanın İran körfəzində möhkəmlənməsinə mane olmadı. Şahın bu səhvindən
istifadə edən portuqaliyalılar 1515-ci ildə Hörmüzü ələ keçirib, Səfəvilərin
Hind okeanına çıxış yolunu bağladılar. Şah İsmayılın bu səhvini yalnız 100 ildən
sonra nəvəsi I Şah Abbas aradan qaldırdı və 1620-ci ildə portuqaliyalıları
Hörmüzdən vurub çıxartdı.
1514-cü
ilin yazında I Sultan Səlimin Ədirnə şəhərində çağırdığı divanda qızılbaşlarla
müharibə müqəddəs vəzifə elan edildi.Yüz min nəfərlik qoşun toplayan Sultan
Səlim Osmanlı-Səfəvi sərhəddini keçərək Ərzincana daxil oldu. Sərkərdələri
Məhəmməd xan Ustaclı və Nurəli Xəlifə Rumlunun Osmanlılar üzlərinə gecə hücumu
təşkil etmək təklifini Şah İsmayıl «Mən karvanbasan quldur deyiləm» deyərək,
rədd etdi. 1514-cü il avqustun 23-də Maku yaxınlığındakı Çaldıran düzündə döyüş
baş verdi. Şah İsmayıl Osmanlı sərkərdəsi Malçuqoğlu ilə təkbətək döyüşdə qalib
gələrək, onu ikiyə şaqqaladı. Lakin Osmanlı topları Səfəvi atlılarını
biçib-tökməyə başladı. Təbrizi işğal etsə də, Sultan Səlim qorxusundan burada
çox qala bilmədi.O, geri çəkilərkən Təbrizdən bir neçə min sənətkar ailəsini
İstanbula apardı.
Çaldıran
və ondan iki il sonra olmuş Qoçhisar döyüşlərində məğlub olan Səfəvilər
Ərzincan, Ərzurum, Kərkük və Diyarbəkri itirdilər.
Şah
İsmayılın məğlub olmasını eşidən Kartli hakimi fürsətdən istifadə edərək, Kaxet
üzərinə hücum təşkil etdi. Şah İsmayıl tərəfindən Kaxetin hakimi təyin edilmiş
Leon borçalıların köməyilə xəyanətkarı geri oturtdu. David tələm-tələsik Osmanlı
sultanının yanına elçilər göndərərək kömək istədi. Davidin Osmanlı ilə əlaqə
yaratmasına mane olmaq üçün Borçalıda qərargah quran Şah İsmayıl, 1520-ci ildə
öz sərkərdələri Qərənfil və İlyas bəyi azsaylı hərbi dəstə ilə Teletdə sığınacaq
tapan Davidə qarşı göndərdi. İlk toqquşmada qızılbaşlar geri çəkilsələr də, Şah
İsmayılın özünün başçılığı ilə gələn ordu xəyanətkar Davidi geri oturtdu.
Tiflisə daxil olan Şah İsmayıl Avlabar körpüsünün yanında yeni məscid inşa
etdirdi.
Borçalıdan qayıdan Şah İsmayıl 1524-cü ildə 37 yaşında vəfat etdi.
|