Qədim Azərbaycan
tayfalarına xas olan siklopik tikililərə yalnız Borçalı ərazisində rast gəlinir
Borçalı
nəinki Qafqazın, eləcə də dünyanın ən qədim antropogenez zonalarındandır.
1939-cu ildə Ceyrançöl yaxınlığında, indiki Qardabani rayonunun Udabno kəndindən
insanabənzər meymunun dişləri tapılmışdır. 1989-cu ildən başlayaraq Dmanisi
(Başkeçid) rayonu ərazisində aparılan qazıntılar nəticəsində Xram çayının
sahilindəki mağaradan yaşı 1 milyon 700 min il olan ən qədim insanlara aid
yaxşı saxlanmış kəllə qutuları və yanında sadə əmək alətləri aşkar
edilmişdir.
Borçalının
həm şimalından (indiki Gürcüstan Respublikası ərazisindəki Samtavro
qəbristanlığından, Başkeçid (Dmanisi) rayonunun Qomareti (Kəmərli) kəndindən,
Bebnisi və Dvani düşərgələrindən) həm də cənubundan (indiki Ermənistan
Respublikasının şimalındakı Şenqavit və Berkaber düşərgələrindən) morfoloji
quruluşuna görə uzunbaşlı, ortoqnat və kəskin burun çıxıntılı Oğuz antropoloji
tipinə aid olunan insan qalıqları aşkar olunmuşdur. Cənubi Qafqazın miladdan
əvvəl II minilliyin sonu – I minilliyə aid edilən kurqan qəbirlərində də
maraqlı qanunauyğunluq müşahidə olunur; üzərində kurqan ucaldılan, yəni əsas
mərhum baş quruluşuna görə uzunbaş (dolixokran), onunla birlikdə gömülən qul –
qaravaş isə qısabaşlıdırlar (braxikrandırlar). XIX yüzilliyin əvvəllərində
kurqan qəbirləri tədqiq edən E.Resler arxası üstə uzanmış vəziyyətdə dəfn
edilmiş əsas mərhumun uzunbaşlılığı ilə kəskin şəkildə seçildiyini, oturmuş
vəziyyətdə dəfn edilənlərin isə qısabaşlı (braxikran) olduğunu qeyd edir. Bu
cür qanunauyğunluq Barmaqsız (indiki Zalqa) rayonu ərazisindən tapılan və 170
kv.metr sahəni əhatə edən kurqanda da müşahidə olunmuşdur. Arxeoloji qazıntılar
zamanı məlum olur ki, indiki Borçalı ərazisi bütün Şimali Azərbaycan ərazisinə
yayılmış Kür-Araz mədəniyyəti arealına daxil olduğu halda, indiki Qərbi
Gürcüstanda fərqli mədəniyyətin qurucuları yaşamışlar. Bu isə mədəniyyətlərin
qurucularının bir-birlərindən fərqli olan etnik mənşəyə malik olmalarını
göstərir.
Borçalı
ərazisində tapılan, erkən dəmir dövrynə aid olunan Ərcivan (indiki Trialeti)
kurqanlarından İskit türklərinə aid qızıl və gümüş qədəhlər, habelə gümüş satıl
tapılmışdır. Onların üzərində İskit türklərinə xas olan maral, qədim türklərin
tapınaq obyekti olan «həyat ağacı» həkk olunmuşdur.
Qədim
Azərbaycan tayfalarına xas olan siklopik tikililərə yalnız indiki Gürcüstanın
cənubunda – Borçalı ərazisində rast gəlinməsi burada yaşayan tayfaların məhz
eyni etnik mənşəyindən xəbər verir.
Miladdan
öncə VIII əsrin ortalarında kimmer-iskit-sak tayfalarının həm Qara dəniz, həm də
Xəzər dənizi sahillərindən Qafqaza daxil olmaları bölgə əhlisinin etnik
tərkibinin qədim türklərin xeyrinə dəyişməsinə ciddi təsir göstərir. Məsələn,
«hun» sözü alman, çex və slovak dillərində «nəhəng», «avar» etnonimi isə «obr»
şəklinə düşərək, Karpat slavyanlarının və macarların dillərində «bahadır»
anlamına gəldiyi kimi, kimmer sözü də gürcü dilində «qimiri» şəklinə düşərək
«iri gövdəli», «igid» mənasını verməyə başlayır.
Gürcü
mənbələri Borçalı ərazisindəki ən qədim etnos kimi buntürklərin adını çəkir.
Buntürklərin indiki Borçalı ərazisində yaşamaları bəzi mənbələrdə
Navuxodonossorun «yəhudiləri Yer üzünə dağıtması» ilə, bəzi mənbələrdə isə
Əhəmənilər sülaləsinin qurucusu Kirin hakimiyyətə gəlməsi ilə əlaqələndirir. Hər
iki hadisə miladdan əvvəl VI əsrə aid olunur. «Moksevay Kartlisay»dan (Kartlinin
dönməsi, dinə gəlməsi) fərqli olaraq, «Kartlis sxovreba» əcdadlarımızı «Buntürk»
deyil, sadəsə «Türk» adlandırır. Mənbəyə görə, «Keyxosrov (Kir) tərəfindən
sıxışdırılan Türklər Gürgan dənizini keçərək, Kür çayı boyu yuxarı hərəkət
etdilər və Msxetaya gəldilər. Farslardan qorxan kartalinlər onlarla ümumi
düşmənə qarşı birləşdilər». Daha sonra isə mənbə bu hadisəni başqa cür təsvir
edir: «Türklərin çoxu Msxetadan qərbdə, sıldırım qayalıqda özlərinə məskən
seçdilər, onu istehkama çevirərək, Sarkine adlandırdılar... Ermənilər və
kartalinlər farsların qorxusundan öz qalalırına sığındıqları vaxt, türklər
farsların başçılarını öldürərək, İran üzərinə yeridilər». Daha sonra
buntürklərin adı miladdan öncə IV əsrdə Makedoniyalı İskəndərin yürüşü ilə bağlı
çəkilir. «İskəndər Lot törəmələrini yarımqaranlıq diyara sıxışdırarkən ilk dəfə
Kür çayı boyunca dörd şəhərdə – Sarkine, Kaspi, Urbnisi, Odzraxe yaşayan çılğın
buntürk tayfalarını gördü. Onların ən böyük qalası Sarkine idi». Mənbə burada
buntürkləri, gürcü mənbələrində «ievusey» adlandırılan, miladdan əvvəl VII əsrdə
Ön Asiyaya yürüş etmiş işquzların (İç Oğuzların) törəmələri hesab edir.
«Buntürklərə dov gələ bilməyən hökmdar uzaqlaşıb getdi». Sonralar bu hadisə uzun
müddət unudulmamış və İskəndərlə bağlı belə bir rəvayətin yaranmasına səbəb
olmuşdur: «Yunanıstandan Misirə qədər heç bir yerdə məğlubiyyət görməyən
İskəndər Türklərlə döyüşdə geri oturdulduqdan sonra, onlar haqqında demişdi:
«Tərəkəmə (yəni, onları tərk et)».
«Bu zaman
haldeylərdən ayrılan döyüşkən hunlar gəldilər və buntürk başbuğundan xerki
adlanan vergi ödəmək qarşılığında məskunlaşmağa yer istədilər. Başbuğ onlara
Zanavada yurd salmağa icazə verdi. Xeyli vaxtdan sonra geri qayıdan İskəndər
buntürklərin üç şəhərini tutub dağıtdı, Sarkineni isə yalnız üç aylıq
mühasirədən sonra çətinliklə ələ keçirdi... Buntürklər qayalarda açdıqları lağımla
mühasirədən çıxıb Şərqə çəkildilər... İskəndər Msxetanı özü ilə gəzdirdiyi Arian –
Kartli şahzadəsi Azoya bağışladı... Azo isə öz atasının yanına gedərək,
Arian-Kartlidən öz nəslindən olan 18 ailə ilə Msxetaya qayıtdı... Bundan sonra
Msxeta tənəzzülə uğradı və Tiflis qalası tərəqqi etməyə başladı».
«Buntürk»
etnoniminin S.Əliyarov «ayrı düşmüş, bunalmış türklər», M.Seyidov «Türk
tayfası», E.S.Takayşvili «nizəli türklər», İ.V.Abuladze «oturaq türklər»,
M.Brosse «əsl, yerli türklər» mənası verdiyini yazmışlar. Başqa bir gürcü
tarixçisi Z.V.Ançabadze, eradan əvvəl VI yüzillikdən indiki Borçalı ərazisində
yaşayan buntürkləri «qara bulqarlar» hesab edir.
Bulqarların Borçalı ərazisində yaşamaları haqqında salnaməçi Moisey Xorenli
belə bir məlumat verir: «Vaharşakın oğlu Arşakın vaxtında Böyük Qafqaz dağı boyu
Bulqar torpağında böyük ixtilaflar oldu və onların çoxu ayrılaraq Koxanın
(Kolxidanın) cənubundakı məhsuldar torpaqlarda yerləşdilər». Alban tarixçisi
Musa Kalankatlı Cənubi Qafqaza bulqar tayfalarından birinin – barsillərin
arasıkəsilməz hücumlarından bəhs edir. Dağıstanlı tarixçilərin fikrincə
barsillər əslində Massaget hökmdarının indiki Qafqaz ərazisində məskunlaşdırdığı
ŞUMER döyüşçüləridir.
İstənilən
halda biz Buntürklərdən sonra xristian erasının əvvəllərindən Borçalıda ikinci
TÜRK etnik plastının – Bulqarların formalaşmasını müşahidə edirik.
1. Başkeçid (Dmanisi) adamının
kəllə qutusu

2.Buntürk
döyüşçüləri

|