Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 18

Monqol ağalığı dövründə

Monqol ağalığı dövründə Borçalının bir çox yaşayış məskənləri viran edildi. Bostanşəhər (Qaray; indiki Rustavi), Başkeçid (indiki Dmanisi) şəhərləri xarabazarlığa çevrildi. Bu hücumlardan sonra Tiflis uzun müddət özünə gələ bilmədi.

Yalnız Qazan xanın hakimiyyətə gəlişi ilə Hülakülər dövlətində müsəlmanların vəziyyəti xeyli yüngülləşdi. O, atası Ərgün xanın da vəziri olmuş Fəzlullah Rəşidəddinlə birlikdə dini, torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi. Qazan xan islam dinini qəbul edərək, yerli əhalinin dəstəyini qazandı. Mahmud Qazan xan adını almış bu hökmdar  pul sikkələrinin üzərinə «Allah, Məhəmməd, Əli» sözlərini zərb etdirdi. 

Qazan xan vergi islahatı ilə vergilərin növlərini, toplama üsullarını və vaxtını dəqiqləşdirdi. Vergilərin toplanması mərkəzi divana tapşırıldı,vilayət hakimlərinin bu işə müdaxiləsinə icazə verilmədi. Məhkəmə islahatında əsas məqsəd ölkədə hüquqi özbaşınalıqlara, qanunsuzluqlara son qoymaq, şəriət qanunlarının aliliyini təmin etdirməkdən ibarət idi. Qazi vəzifəsinə layiqli din xadimlərinin təyin olunmasına, məhkəmələrdə həyata keçirilən əmlak alqı-satqısı işində qayda-qanun yaradılmasına xüsusi fikir verilirdi. Qazi vəzifəsinə təyin olunanlardan qanuna əməl edəcəklərinə dair iltizam alınırdı.  

Ölkə ərazisində vahid rabitə-poçt sistemi tətbiq edildi, hər 20 kilometrdən bir rabitə dayanacaqları – yamlar yaradıldı. Yam rəislərinin ixtiyarına lazımi qədər məmurlar, qoşqu vasitələri verildi. Rabitə xidmətləri üçün əhalidən vəsait tələb olunması qəti qadağan edildi. Yollarda karvansaralar tikildi.  

Mahmud Qazan xan öz yaxın adamlarından olan Novruz bəyi Borçalıya canişin təyin etdi. Lakin tezliklə o, bu vəzifədən kənarlaşdırıldı və edam olundu. Atası Ərgün xan tərəfindən boynu vurulmuş Dmitrinin oğlu Davidi yanına çağıraraq, onu Tiflisə canişin təyin etmək istədiyini bildirdi. Lakin David Mahmud Qazan xana qarşı qiyam qaldırmış sultan Orxanın yanına elçilər göndərərək, ona tabe olmaq istədiyini bildirdi. Onun bu hərəkətindən qəzəblənən Mahmud Qazan xan Davidin kiçik qardaşı Georgini canişin təyin etdi. David qorxusundan Araqvi əyalətində gizləndi. Georginin ortancıl qardaşı Vaxtanq Mahmud Qazan xanın yanına gələrək onu hakim təyin etməyi xahiş etdi. Öz fikrini dəyişərək, Vaxtanqı hakim təyin edən Mahmud Qazan xan demişdi: «Doğrudan da böyük qardaşın kiçik qardaşa tabe olması düzgün deyil».

Elxanilərin İslamı dövlət dini elan  etmələri Borçalı türklərinin vəziyyətini xeyli yüngülləşdirdi. Gürcü hakimləri yenidən simvolik «taxta çıxma» mərasimini Tiflisdə deyil, Kutaysda icra etməyə başladılar. Lakin bu hakimlər sonra Tiflisə gəlirdilər.

XIV əsrin sonlarında Borçalı Əmir Teymurun hücumlarına məruz qaldı. Tiflisə hücum edən Əmir Teymur onu döyüşsüz ələ keçirdi. Gürcü hakimi Baqrat ailəsi ilə birlikdə əsir düşdü. Baqrat  İslam dinini qəbul etdikdən sonra Əmir Teymurun ona qoşduğu 12 minlik ordu ilə Tiflisə qayıtdı. O, Əmir Teymurun qorxusundan Qafqaz dağlarında gizlənən oğlu Georginin köməyilə Borçalıda yerləşdirilmiş bu ordunu xəyanət yolu ilə məhv edə bildi. Hindistadan qayıdan Əmir Teymur yenidən Borçalıya gələrək, Şəmşəddilə qədərki əraziləri gürcü dəstələrindən təmizlədi. Yağlıca düzündə qışlayan Əmir Teymurun orduları buradan Osmanlı sultanı Bəyazid üzərinə yeridi. Ankara döyüşündə Osmanlı ordusunu məğlub edən Əmir Teymur Baqratdan sonra hakimiyyətə gələn oğlu Georgiyə təcili olaraq yanına gəlməsini və İslam dinini qəbul etməsini tələb edən fərman göndərdi. Rədd savabı alan Əmir Teymur Tiflisi tutaraq ətraf əraziləri dağıtdı. Xüsusilə Dmanis qalası daha çox dağıntılara məruz qaldı. Qorxusundan öz oğlunu bahalı hədiyyələrlə Əmir Teymurun yanına göndərən Georgi ona öz itaətini bildirdi. Bütün Azərbaycan ərazisi kimi, Borçalının da idarəsini oğlu Miranşaha tapşıran Əmir Teymur yenidən Orta Asiyaya qayıtdı və Çinə yürüş zamanı öldü.

Əmir Teymurun ölümündən sonra nəinki Azərbaycanda, eləcə də bütün Orta Şərqin tarixində mühüm yer tutmuş Qaraqoyunluların yüksəlişi başladı.

Mənşəcə Oğuz türklərindən  olan Bayram Xoca Qaraqoyunlu sülaləsinin banisi  olmuşdur. Orta əsr mənbələri Qaraqoyunlu birliyinə daxil olan tayfaların adlarını (baharlı, ağaçərili, alpout, kəngərli, çakırlı və s.) erkən orta əsr hadisələri ilə bağlı çəkirlər. XIV yüzilliyin sonlarında Qara Məhəmməd (1380-1389) tərəfindən Qaraqoyunlu birliyinin əsası qoyuldu.  1387-ci ilin yazında, Çapaqcur döyüşündə Qara Məhəmməd Əmir Teymurun hərbi qüvvələrini məğlub etdi. Lakin onun ölümündən sonra  Əmir Teymurun orduları Qaraqoyunlu birliyinin mərkəzi olan Van şəhərini tutdular.

Qaraqoyunlu birliyinə başçılıq edən Qara Məhəmmədin oğlu Qara Yusifin və paytaxtı Bağdad olan Cəlairilər dövlətinin sultanı Əhmədin birləşmiş qüvvələri 1394-cü ildə Bağdad yaxınlığında Teymur tərəfindən məğlub edildi. Qara Yusif  Teymur əleyhinə ittifaq yaratmaq məqsədilə Sultan Əhməd Cəlairilə birlikdə Misrə getdi. Misir məmlük sultanı Berkuk onları yaxşı qarşılasa da onun varisi Fərəc  Əmir Teymurun əmri ilə  Qara Yusiflə Sultan Əhməd Cəlairini həbs etmişdi.

Əmir Teymurun ölümündən sonra  Qara Yusiflə Sultan Əhməd Cəlairi Azərbaycana qayıtdılar. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əmir Teymura qarşı mübarizədə  qətiyyətlə müqavimət göstərmiş Əlincə qalasının bərpa edilməsi və vergiləri azaltmaq haqqında fərman verdi.

Lakin verdiyi vədlərə əməl etmədiyindən Teymurun Azərbaycana hakim təyin etdiyi Miranşahın oğlu Əbubəkr Təbrizə yaxınlaşanda şəhər əhalisi  Sultan Əhməd Cəlairiyə köməklik göstərmədi. Sultan Əhməd Bağdada qaçdı. Təbrizlilərin köməyinə yetişən Qara Yusif  1406-cı ilin payızında  Şənbi Qazan yaxınlığında Orta əsr müəlliflərinin yazdıqlarına görə «bir qılınc zərbəsi ilə fili şaqqalayan» Əbubəkrlə təkbətək döyüşdə onu yendi və Teymuri ordularını darmadağın etdi. 1408-ci ildə Təbriz yaxınlığında, Acıçay (Sərdrud) sahilində oğlu Əbubəkrin qisasını almağa gələn Miranşahın ordusu da Qara  Yusif tərəfindən darmadağın edildi və Miranşah öldürüldü.  Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu.

Keçmiş müttəfiqi Qara Yusifin nüfuzunun artmasından qorxuya düşən Sultan Əhməd Cəlairi ona qarşı tarix kitablarımızda «mahir diplomat» kimi təqdim olunan,əslində isə öz hakimiyyətini qorumaq naminə hər cür rəzilliyə boyun əyən, özünü «Teymurun doqquzuncu qulu» saymış Şirvanşah İbrahimlə ittifaqa girdi. Şirvanşah İbrahim Sultan Əhmədə oğlu Kəyumərsin başçılıq etdiyi hərbi dəstə göndərdi. Lakin onların birləşməsinə imkan verməyən Qara Yusif Kəyumərsin başçılıq etdiyi ordunu darmadağın etdi, onun özünü isə əsir aldı. Kəyumərsin cavanlığına qıyman Qara Yusif  tezliklə onu  azadlığa buraxsa da, Kəyumərsini guya öz doğma atası Qara Yusiflə işbirliyində suçlayaraq edam etdirdi. Qara Yusif 1410-cu ildə II Şənbi-Qazan döyüşündə Sultan Əhmədi məğlubiyyətə uğratdı. 1410-cu ildə paytaxtı Təbriz şəhəri olan, Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqlarını, indiki Türkiyə Cümhuriyyətinin şərq əyalətlərini, indiki Gürcüstanın şərqini (Borçalını), indiki Ermənistanı, Qərbi İran və İraqı əhatə edən Azərbaycan - Qaraqoyunlu dövləti yarandı. Ali idarəçilik Qara Yusifdə olsa da, təngələrdə (pullarda) oğlu Pirbudağın adı göstərilirdi. Qara Yusif güclü atlı qoşun  yaratmışdı.  

Şirvanşah I İbrahimin  oğlu Kəyumərsi qoşunla  Sultan Əhməd Cəlairiyə yardıma göndərməsi onunla Qara Yusif arasında düşmənçiliyə gətirib çıxarmışdı. I İbrahim Şəki hakimi Seyid Əhməd və Kaxetiya çarı II Konstantinlə birlikdə Qara Yusifə qarşı koalisiya yaratdı. 1412-ci ilin payızında Şirvanşah və onun müttəfiqlərinin birləşmiş qüvvələri ilə Qara Yusifin qoşunu arasında Kür çayı sahilində bir ay davam etmiş döyüş oldu. I İbrahim, Seyid Əhməd və II Konstantin məğlub olaraq əsir düşdülər. Şirvanşah İbrahimi taxtda öz yanında oturdan Qara Yusif onu 1200 İraq tüməni bac ödətdirdikdən  sonra əsirlikdən azad etdi. Lakin İbrahim Qara Yusifdən vassal asılılığını qəbul etmək müqabilində  Şirvanı idarə etmək hüququ da aldı. Lakin ona qoşularaq Qara Yusifə qarşı çıxmış müttəfiqlərinin aqibəti daha acınacaqlı oldu. Seyid Əhməd  və 300 gürcü aznauru ilə birlikdə II Konstantin  edam edildilər. Hələ 1407-ci ildə gürcü dəstələrini öz ərazilərindən qovmuş Borçalı türkləri 1416-cı ildə Qara Yusifin hakimiyyətini tanıdılar. Borçalıda möhkəmlənən Qara Yusif  Üç qalanı (gürcücə Samtsxe) da tutdu.

Ucan qalasında Teymurilərlə döyüşdə aldığı yaradan vəfat edən Qara Yusifin yerinə oğlu Qara İsgəndər hakimiyyətə gəldi. II Konstantinin qardaşı oğlu və varisi  I Aleksandr Qara İsgəndərdən vassal asılılığını qəbul edərək, ona xərac ödəməyə razı oldu. 

Qaraqoyunlu dövlətində hakimiyyət uğrunda iki qardaş – Qara İsgəndərlə Cahanşah arasında gedən mübarizədən istifadə edən hiyləgər  I Aleksandr Dağ Borçalısında və Loruda türkləri sıxışdırmağa başladı. 1435-ci ildə Qara İsgəndərin Teymuri Şahruh tərəfindən məğlub edildiyini eşidən kimi I Aleksandr oğlu Dimitrini bahalı hədiyyələrlə Muğana, Şahruhun yanına göndərdi. Cahanşahı Qaraqoyunlu taxtına oturdan Şahruh Səmərqəndə qayıtdı. 1440-cı ildə Cahanşah xəyanətkar gürcü hakimini cəzalandırmaq məqsədilə Borçalıya gəldi. Tiflis Qaraqoyunlular tərəfindən tutuldu. Hakimiyyətdən əl çəkən I Aleksandr, 1442-ci ildə başını qırxtdıraraq monastıra getdi. Onun yerinə hakimiyyətə gələn oğlu VI Vaxtanq bir neçə dəfə Cahanşah tərəfindən ağır məğlubiyyətə uğradıldı.

1447-ci ildə Şahruxun ölümündən sonra Teymuri dövləti daxilindəki çəkişmələrdən istifadə edən Cahanşah 1453-cü ildə İran və İraqda bir sıra əraziləri, 1457-ci ildə Xorasanı, 1458-ci ildə Teymurilərin mərkəzi Heratı tutdu. Hürufiliyin fəal üzvlərindən olan Cahanşah həm də şair idi və Həqiqi təxəllüsü ilə gözəl şerlər yazırdı. Dövrümüzə onun Azərbaycan türkcəsində divanı gəlib çatmışdır.

Cahanşahın XV əsrin 60-cı illərində mərkəzi hakimiyyəti möhkəmlətmək cəhdləri nəticəsiz qaldı. Çünki, feodal çəkişmələri, sülalə üzvlərinin tez-tez baş verən qiyamları dövləti zəiflədirdi. Cahanşah 1467-ci il noyabrın 11-də Muş düzündəki döyüşdə Ağqoyunlu Uzun Həsən tərəfindən məğlub edildi. Qaraqoyunlu dövlətinin süqutu daha da sürətləndi. 1468-ci ilin yazında Cahanşahın oğlu Həsənəlini də məğlub edən Uzun Həsən Qaraqoyunlu dövlətinin varlığına son qoydu.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net