Sultan Bəybars Burcoğlu (Borçalı)
Monqol-gürcü ittifaqından
ən çox əziyyət çəkən Borçalının müsəlman əhalisi öz yurdlarından sıxışdırılır,
daha çox Qızıl Orda ərazisinə, ya da öz soydaşları – Burcoğullarının böyük nüfuz
sahibi olduqları Misir Məmlük sultanlığına getməyə məcbur olurdular
1256-cı ildə Batının ölümündən
sonra Qızıl Ordada hakimiyyətə islam dinini qəbul etmiş Bərkə xan gəldi. O,
Bağdadın darmadağın edilməsindən məyus oldu, xəlifəyə qırx gün yas saxladı və
ölkəsinin ərazisində yaşayan xristianları qovdu. İçərilərində xristianlığı
qəbul etmiş monqol əyanları da olan bu qaçqınları Hülakü xan Başkeçidə – Dmanisi
qalasına yerləşdirdi. Sonradan gürcüləşən bu xristian monqollar yalnız öz
soyadlarını qoruyub saxlamışdılar. Məsələn, XVI əsr mənbələrində XIII əsrdə
Dmanisidə məskunlaşmış Qarabudaqşivili nəslinin monqol əsilli olması ilə bağlı
məlumatlar vardır. (Əziz oxucum, onda tatar adlandırılma «şərəfinə» kim daha
çox layiqdir!).
Mənbələrin yazdığına
görə,əmisi oğlu Hülakünün yaramazlıqlarını eşitdikdə Bərkə xan demişdi: «Bizim
taxta çıxartdığımız Münke xaqan bunun əvəzini mənim müttəfiqim xəlifənin
mülklərinə əl qatmaqla qaytarır? Onun bu işi rəzalətdir!» Bərkə xan hələ sələfi
Batı xanın dövründə Hülaküyə yardım məqsədilə göndərilmiş Qızıl Orda
döyüşçülərinə Misir məmlüklərinin tərəfinə keçməyi əmr etdi.
1256-cı ilə qədər Cənubi
Qafqaz, o cümlədən Borçalı da Qızıl Orda idarəçiliyinə daxil idi. Batı xanın
ölümündən sonra isə bu ərazi xristian olduğuna görə daha çox gürcülərə arxalanan
Elxani Hülakünün əlinə keçdi. Gürcülərə müstəqillik verən Hülakü xan Tiflisdə
iki gürcü çarını – Tamaranın qız (Rusudanın oğlu Narın David) və oğul (Laşanın
oğlu Ulu David) nəvələrini taxta çıxartmışdı. Ulu David monqol əyanlarından
birinin qızı ilə evləndirilmişdi. Gürcülərdən hətta monqolların özlərinin də
ödədikləri can vergisi (kopçur) alınırdı. Daha geniş səlahiyyətlər istəyən
gürcülər əvvəlcə Narın Davidin, sonra isə Ulu Davidin başçılığı altında üsyan
qaldırdılar. Üsyan yatırıldı. Narın David İmeretiyaya qaçdı. Üsyandan sonra
qaçmış Ulu David isə 1262-ci ildə Hülakünün yanına qayıdaraq, əvvəlki vəziyyətin
bərpa olunması üçün ondan aman dilədi. Monqol-gürcü ittifaqından ən çox əziyyət
çəkən Borçalının müsəlman əhalisi öz yurdlarından sıxışdırılır, daha çox Qızıl
Orda ərazisinə, ya da öz soydaşları – Burcoğullarının böyük nüfuz sahibi
olduqları Misir məmlük sultanlığına getməyə məcbur olurdular.
2 may 1250-ci ildə Burcoğlu
nəslindən olan Bəybars ağıldan zəif olan azyaşlı Turanşahı taxtdan salaraq,
Kamili hakimiyyətə gətirdi. Kamilin də yaşı az olduğundan dövləti onun adından
anası Şəcərət əd-Dürr və atalığı Aybəy idarə edirdilər. 1257-ci ildə məkrli
Şəcərət əd-Dürr öz ərini zəhərləyib öldürdü. Onu həbsxanaya atan məmlüklər
hakimiyyətə Quduzu gətirdilər və ona biət elədilər. Misir əhalisi də onun
hakimiyyətini qəbul elədi. Çünki Burcoğlu soyundan olan məmlüklərə indi bütün
müsəlmanlar monqolların qarşısını alacaq yeganə qüvvə kimi baxırdılar. Vaxtilə
monqollar tərəfindən öz doğma yurdlarından didərgin salınan Burcoğluları da
onlarla həlledici döyüşə hazırlıq görürdülər. Xüsusilə də Suriya müsəlmanları
Burcoğlularını səbirsizliklə gözləyirdilər. 26 iyul 1260-cı ildə Burcoğlularının
ön dəstələri özləri ilə artıq yük olmasın deyə ərzaq belə götürməyərək, Sinay
səhrasını keçdilər. Onlar monqolların Qəzza yaxınlığındakı müdafiə xəttini
yarıb, Akra yaxınlığında Avropa xaçlılarını əzərək, xeyli ərzaq ələ keçirdilər.
Daha sonra Quduzun və Bəybarsın başçılıq etdikləri Burcoğlularının ordusu Avropa
xaçlılarının qurduqları qondarma Yərusəlim (Qüds) krallığından keçərək, Ayn
Callud adlı yerdə Kit Buğanın başçılıq etdiyi birləşmiş monqol-erməni-gürcü
ordusu ilə üz-üzə gəldi. 3 sentyabr 1260-cı ildə monqol-erməni-gürcü ordusu
Burcoğluları tərəfindən darmadağın edildi. Əsir tutulan Kit Buğa edam olundu.
Burcoğlularının orduları təntənəli şəkildə Şam (Dəməşq) şəhərinə daxil oldular.
10 dekabr 1260-cı ildə Hülakü xanın göndərdiyi ikinci monqol ordusu da
Burcoğluları tərəfindən Xöms yaxınlığında darmadağın edildi. Quduzdan sonra
Misir sultanı elan olunan Bəybars 1268-ci ildə Antioxiyanı tutdu və 1277-ci ildə
Əlbistan döyüşündə monqolları yenidən ağır məğlubiyyətə uğratdı. Sultan Bəybars
Burcoğlunun varisi Qalaun 1289-cu ildə Tripolini, 1291-ci ildə Akra, Tir, Sidon
və Beyrutu azad etdi. Burcoğulları, 1375-ci ildə monqol qılıncına güvənilərək
qurulmuş oyuncaq Kilikiya erməni çarlığını da süquta uğratdılar.
Lakin Burcoğulları
Azərbaycanı Hülakülərin cəngindən çıxara bilmədilər. Hülakilərin paytaxtları
Azərbaycan şəhərləri olan Marağa, Təbriz və Sultaniyyə olmuşdur. Qarabağ
Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Dövlət uzun müddət
Azərbaycandan – Təbrizdən idarə olunmuşdu. Bu zaman digər monqol dövləti Cuçi
nəslindən olan xanların idarə etdiyi Qızıl Ordu Azərbaycan ərazisinin Çingiz
xanın vəziyyətinə görə Batı xanın payına düşdüyünü əsas gətirərək, Azərbaycana
yürüşlər etməyə başladılar. Qızıl Ordu ilə ilk toqquşma Hülakünün dövründə baş
verdi. 1263-cü ildə Qızıl Ordu sərkərdəsi Noqay Dərbəndi tutsa da, əldə saxlaya
bilmədi. Qızıl Ordunın 1288 və 1290-cı illərdəki hücumları da bir nəticə vermədi.
Arqun xanın ölümündən sonra Keyxatu xan və Baydu xan bir-birini əvəz etdilər.
1295-ci ildə Qarabağda padşah elan olunmuş Qazan xan yerli feodallarla əlaqəni
möhkəmləndirmək üçün islam dinini qəbul etdi. Onun bu addımı köçəri əyanları
Qazan xana qarşı sui-qəsd və qiyama sövq etdi. Qazan xan əvvəlcə Arranda Arslan
oğlunun, sonra isə Azərbaycanın şimalında Taycu oğlunun qiyamlarını (1297-1298)
yatırdı və mərkəzi hakimiyyəti gücləndirdi. 1316-cı ildə 12 yaşlı Əbu Səid
hakimiyyətə gəldi. Əbu Səidin atası Olcaytunun vəsiyyətinə görə, onun hamisi
olan, Sulduz qəbiləsinin başçısı Əmir Çoban faktiki hökmdara çevrildi. 1319-cu
ildə Əbu Səid və Əmir Çobana qarşı üsyan baş verdi. Üsyançılar Sultaniyyə
yaxınlığında Əbu Səid tərəfindən məğlub edildilər. Bu qələbəyə görə Əbu Səidə
Bahadır ləqəbi verildi. Əbu Səid Əmir Çobanın sayəsində 1319-1325-ci illərdə
Qızıl Ordu üzərində də qələbələr qazandı. O, 1335-ci ildə Azərbaycana hücum edən
Qızıl Ordu xanı Özbəyi geri çəkilməyə məcbur etdi.
1335-ci ildə Sultan Əbu
Səidin ölümü ilə Elxanilərin tənəzzülü başladı. Azərbaycan əhalisinin dəvətilə
1357-ci ildə 300 minlik ordu ilə Azərbaycana gələn Qızıl Ordu xanı Çanı bəy
Hülakilər dövlətinə son qoydu. Öz oğlu Bərdi bəyi Azərbaycana hakim təyin edən
Canıbəy Qızıl Ordaya qayıtdı. Azərbaycanda cəmi 7 ay hakimlik edən Bərdi bəy
atasının ölüm xəbərini eşidərək, Qızıl Ordanın paytaxtına döndü. Hakimiyyət
Əxicuq adlı monqolun əlinə keçdi.
1358-1359-cü illərdə
Cəlairi Şeyx Üveysin yürüşləri nəticəsində Azərbaycan, 1340-cı ildə yaradılmış,
paytaxtı Bağdad olan Cəlairilər dövlətinin tərkibinə qatıldı.
|