Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 14

Səlcuqların gəlişindən sonra... Azərbaycan əhalisinin zorla türkləşdirildiyini iddia edənlər rus-erməni dəyirmanına su tökür

919-cu ilin iyulunda Ərdəbil yaxınlığındaki döyüşdə Munisin başçılıq etdiyi xilafət ordusu Sacoğlu Yusifi məğlub edərək əsir tutdu. Lakin bu heç də Azərbaycanın yenidən xilafət tərkibinə qatılması demək deyildi. Hakimiyyəti ələ keçirən Sacoğlu Yusifin silahdaşı Subuk əl-Farikinin başçılığı altında Azərbaycanı işğal etməyə gələn xilafət ordusunu geri oturtdu və xəlifədən Sacoğlu Yusifin azadlığa buraxılmasını tələb etdi. Vaxtı ilə Sacoğlu Yusifi əsir tutmuş Munis özü xəlifədən onun azadlığa buraxılmasını xahiş etdi. İbn Miskaveyhin yazdığına görə, Sacoğlu Yusifin şərəfinə sarayda böyük ziyafət və təntənəli qəbul təşkil edən xəlifə onu Azərbaycan hökmdarı kimi tanımağa, Rey vilayətini ona verməyə məcbur oldu. Sacoğlu Yusifin həbsdə olduğu vaxt Azərbaycanın qərb torpaqlarına basqınlar təşkil etmiş erməni başçıları Aşot və Qaqiq Sacoğlu Yusifin qorxusundan Azərbaycan xəzinəsinə ödəyəcəkləri dövlət vergilərini ikiqat artırmağa razı oldular. Bu dövrdə xəlifənin öz sarayında da Sacoğlu Yusifi xilafətin bütün Şərq vilayətlərinin hökmdarı hesab edirdilər. Əhməd Kəsrəvi Təbrizi Sacoğlu Yusif haqqında qeyd edir ki , «Sacoğlu Yusif Azərbaycanın böyük və qüvvətli hökmdarlarından biri olmuşdur». Sacoğlu Yusif eyni zamanda şer də yazırdı. Onun xəlifənin zindanında olduğu zaman yazdığı şerlərindən bəzi parçalar qalmışdır. Sacoğlu Yusif bu beytlərdə ölümdən qorxmadığını göstərir. O, dəfələrlə yaxşılıq etdiyi adamların ona pis əməllərlə cavab verdiklərindən şikayətlənir. Sacoğlu Yusifin Azərbaycanda müstəqil olması Bağdadda xəlifə sarayını təşvişə salırdı. 926-cı ildə xəlifə Müqtədir vəziri əl-Xasibiyə əmr etmişdi ki, Sacoğlu Yusifi Azərbaycandan Bağdada çağırsın və qərmətilərlə müharibəyə göndərsin. Azərbaycan hakiminin xəlifənin bu göstərişini qəbul etməsinin müəyyən səbəbləri var idi. Sacoğlu Yusif qərmətilər üzərində qələbə çaldıqdan sonra Bağdada xəlifə üzərinə hücum etməyi qərara almış. Sacoğlu Yusifin Bağdada yaxınlaşması sarayda narazılığa səbəb olduğuna görə, o, Bağdada çatmamış təcili olaraq Vasit şəhərinə göndərildi. Sacoğlu Yusif öz qoşunları ilə Bəhreyində qərmətilərin başçısı Əbu Tahir Cənnabinin üzərinə hücum etməli idi. 927-ci il dekabr ayının 27-də Kufə şəhərinin qapıları qarşısında Sacoğlu Yusifin qoşunları ilə Əbu Tahir əl-Cənnabinin qoşunları arasında müharibə başlamışdı. Sacoğlu Yusif döyüşün əvvəlində qərmətilərin gücünə əhəmiyyət vermədi. Sacoğlu Yusifin qoşunları bütün günü ox atışması ilə qərmətilərə çoxlu tələfat versə də, axşama yaxın Sacoğlu Yusif yaralandı və əsir düşərək Əbu Tahirin əlinə keçdi. Sacoğlu Yusif həbs olunduğu çadırdan çıxıb döyüşlərin nə cür getməsini seyr etdiyi zaman Əbu Tahir onun qaçmaq istədiyini zənn edərək öldürülməsini əmr etdi.  

Sacoğlu Yusifdən sonra onun soydaşı Sultan Mahmud Qəznəvi  İslam dünyasını parçalamağa yönəlmiş qərmətilər hərəkatını yatırtdı. 1054-ci ildə isə indiyə qədər Türk qılıncının kölgəsində yaşayan Abbasilər xilafəti bu dəfə başqa bir  Türk səltənətinin - Səlcuqluların  kölgəsinə sığınmaq məcburiyyətində  qaldı.

XI yüzilliyin ortalarından başlayaraq, Yaxın və Orta Şərqin, eləcə də Azərbaycanın tarixində yüz ilə qədər davam etmiş yeni bir dövr–Səlcuqlu erası başlayır. Bu bölgənin ən qədim sakinləri olan türklər daima olduqları siyasi hakimiyyətin ən uca zirvəsinə yenidən çıxmaları ilə yanaşı, nəinki Türklüyü, həm də İslam dinini qorumaq məsuliyyətini öz çiyinlərinə götürmüş oldular. Sovet tarixşünasları bu dövrün araşdırılmasında qəsdən laqeydlik göstərir, erməni-yunan-gürcü tarixçiləri bu dövrü lənətləmək, «sapı özümüzdən olan baltalar» isə Azərbaycan tarixinin bu şanlı dövrünü «doğramaqla», aşağılamaqla  məşğul idilər. «Rus-erməni bülövü ilə ovxarlanmış bu baltalar» Səlcuqluların Azərbaycanı və digər əzəli Türk yurdlarını  guya «işğal» etdiklərini yazır, Azərbaycan əhalisinin Səlcuqluların gəlişindan sonra zorla türkləşdirildiyini iddia edirdilər. Lakin bu «tarixçilər» unudurdular ki, həmişə himayəyə götürdükləri xalqları ədalətlə idarə etməyə çalışan, onların mədəniyyətlərini inkişaf etdirməyə çalışmış Böyük Türk hökmdarları bu dəfə də dini çəkişmələrdən əziyyət çəkən ərəbləri, farsları qorumuş, onların dillərinin sarayda, yazışmalarda istifadə edilməsinə mane olmamışdılar. Məhz Səlcuqlular dövlətinin quruluşu ilə bir tərəfdən Fatimilər, digər tərəfdən Buveyhilər tərəfindən sıxışdırılan Abbasilər xilafəti yenidən öz rəsmi mövqelərini bərpa edə bildilər. Xaçlılara qoşularaq, Borçalıya (Tiflis və Dmanis əmirliklərinin ərazilərinə), eləcə də digər Azərbaycan  torpaqlarına göz dikən erməni və gürcü feodallarının arzularının gözlərində qalmaları da Səlcuqların  adı ilə bağlıdır. Bu məqaləmizdə Səlcuqlar dövlətinin qurulmasından, daha sonra isə onun məşhur hökmdarlarından bəhs edəcəyik.   

Səlcuğun  atası Tokak (qədim türk dilində «dəmir ox» deməkdir )  oğuzlar içərsində İslamı  ilk qəbul edənlərdəndir. O, X yüzilliyin əvvəllərində  Xəzər xaqanlığının ordusunda qulluq edirdi. «Bir dəfə Xəzər yabqusu müsəlmanlara qarşı yürüş təşkil edərkən, Tokak onu bu hərəkətdən çəkindirmək istədi. Mübahisə zamanı yabqu Tokakı qılıncla yaraladı, Tokak isə onu toppuzla vurub atdan saldı». Bu hadisə yabqunu müsəlmanlar üzərinə hücumdan çəkindirdi. «Kaftar kimi öz yuvasına çəkilən yabqu etdiyi hərəkətdən utanaraq, Tokakdan üzr istədi. Tokakın oğlu Səlcuq yetkinlik yaşına çatdıqda yabqu türklərə başçılığı ona tapşırdı». Yabqunun arvadı tez-tez ərinə Tokakoğlu Səlcuqdan çəkinməyi, ona möhkəmlənməyi qadağan etməyi təlqin edirdi. «Bu fikrini Səlcuqdan da gizlətməyən qadın onun yanında yenə ərinə dedi: «Mülk elə ənamdır ki, onu bölmək olmaz. Səlcuğu öldürməsən, ona ölüm piyaləsi içirtməsən, hakimiyyət bulağın təmizlənməyəcək, şəfəqi parlamayacaq. O, səni məhv edərək, paytaxtını əlindən alacaq». Bunu eşidən Səlcuq  935-ci ilin mayında «öz atını yəhərlədi və ordusu ilə İslam ölkəsinə gəldi». «İslamın hənəfilik təriqətini qəbul etməklə xoşbəxtliyə qovuşan Səlcuq bəy Cənd vilayətində yerləşərək, buradakı kafirləri qovdu». Bir gecə o öz yuxusunda gördü ki, tonqalından qopan qığılcımlar həm Şərqə, həm də Qərbə doğru uçur. O, səhərisi günü münəccimlərdən bu yuxusunu yozmağı xahiş edir. Münəccim deyir: «Sənin nəslindən olanlar çox uzaq ölkələrə hökmran olacaqlar». Səlcuq bəy 107 il yaşadı və Haqqın dərgahına qovuşarkən özündən sonra 5 oğul qoydu; İsrail Arslan, Mikayıl, Musa Yabqu, Yusif və Yunus. Səlcuğun böyük oğlu Mikayıl kafirlərlə döyüşdə öldürüldükdən sonra, qardaşı İsrail Səlcuqoğullarına başçı seçildi. Mənbələrə görə, Türk-İslam dünyasının görkəmli şəxsiyyətlərindən olan Sultan Mahmud Qəznəvi «Buxaraya gedərkən yolda Qınıq tayfasına rast gəldi. O, bu tayfanın başçısı İsrail ibn Səlcuğu yanına çağırtdırdı.Öz gücünə görə heç də Sultan Mahmuddan geri qalmayan İsrail Arslan demişdi: «Əgər sultanın filləri varsa, bizim də onları dəlmə-deşik edə biləcək oxlarımız var». Bununla belə, 300 atlı ilə Səmərqəndə sultanın buyruğuna gələn Səlcuqoğlu İsraillə  Sultan Mahmud Qəznəvi arasında belə bir söhbət oldu:

«Mahmud: Biz Hindistana qazavata getməyə məcbur olarkən  bütün İslam dünyası bu yürüşdə iştirak edir və nəticədə Xorasan təhlükə altında qalır. Biz sizinlə ittifaq bağlayaraq Xorasana yerləşməyinizi istəyirik.

İsrail Arslan: Sultan bizə inana bilər.

Mahmud: Əgər qoşuna ehtiyacım olarsa, mənə necə kömək edə bilərsiniz?

İsrail Arslan öz oxqabını  çıxardaraq deyir: Əgər mən bunu öz tayfama göndərsəm, 30 min atlı gələr.

Mahmud: Mənə daha çox qoşun lazım olsa necə?

İsrail Arslan: Əgər mən bir ox da göndərsəm, yenə 10 min atlı köməyinizə gələr.

Mahmud: Mənə daha çox qoşun lazım olsa necə?

İsrail Arslan: Əgər mən bu oxlardan birini də Balxana göndərsəm, daha 10 min atlı köməyinizə gələr.

Mahmud: Mənə bundan da çox qoşun lazım olsa necə?

İsrail Arslan: Bu oxu Türküstan ellərinə göndərsən, 200 min atlı köməyinə gələr !»

Bu söhbətdən sonra Səlcuqoğullarının gücünə bələd olan Sultan Mahmudun vəziri ona belə bir məsləhət verdi: «Onların hər birinin baş barmaqlarını kəsdir ki, sənə xəyanət etməyi ağıllarına belə gətirməsinlər». Sultan Mahmud ona belə cavab verdi: «Həqiqətən sən çox insafsız adamsan. Heç bir günah işlətməmiş müsəlmanlara qarşı mən belə bir cinayət işlədə bilmərəm». Lakin az sonra vəzirinin dedi-qodularına inanan Sultan Mahmud Qəznəvi 1025-ci ildə İsrail bəyi həbs etdirərək, Multan vilayətində yerləşən Kalicar qalasına saldırdı. Səlcuqoğullarının yeddi il həbsdə qalmış İsrail bəyi qaçırtmaq təşəbbüsləri boşa çıxdıqda, o öz soydaşlarına belə vəsiyyət etdi: «Daha mənə güvənməyin. Mənim qardaşlarıma əmrimi və vəsiyyətimi çatdırın. Qoy onlar sultanın bizə verdiyi Xorasanı  fəth etmək üçün əllərindən gələni etsinlər. Lakin bu sultana (Mahmud Qəznəviyə) inanmayın. Çünki bu sultan qul oğludur və şanlı şəcərəyə malik deyildir. (Mahmud Qəznəvinin atası Subuktəkin Samanilərin qulamı olmuşdu) Türküstana tam yiyələnməyincə qılıncınızı qına qoymayın». Səlcuqoğlu Mikayıl qardaşının vəsiyyətinə əməl edərək, Xorasanda möhkəmləndi. Mikayılın ölümündən sonra türklər onun oğulları Toğrul bəy və Çağrı (qədim türk dilində Şahin deməkdir) ətrafında birləşdilər. Səlcuqoğullarının artan nüfuzundan qorxuya düşən  Sultan Məsud Qəznəvi onlara qarşı Bəydoğdunun başçılığı altında ordu göndərdi. 1035-ci ilin iyulunda Səlcuqoğlu Toğrul bu ordunu darmadağın etdi. Sultanın darmadağın edilmiş orduları Nişapur şəhərinə çəkildi. Avqust ayında isə Sultan Məsud Qəznəvi Qazı Əbu Nəsr əs-Sinini Toğrul bəyin yanına göndərərək sülh istədi; Nisə, Dəhistan və Fərav vilayətlərini  Səlcuqoğullarına güzəştə getdi. Əbu Fəzl əs-Surinin başçılığı altında Nişapurda 3000-lik ordu saxlayan Sultan Məsud, sentyabr ayında Herata, oradan da Bəlx şəhərinə getdi.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net