Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasýndan danýþýrlar EKSKLUZÝV
Gürcüstan Azərbaycanlýlarý Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZÝV
Yeniyetmə istedadlarýn milli musiqi sevgisi EKSKLUZÝV
Bizdə əhali ancaq seçkilərdə yada düþür EKSKLUZÝV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Kərəm Məmmədovun təqdimatında tarix » Məqalə 10

Peçeneqlərin ictimai quruluşu

Peçeneqlər 8 tayfadan ibarət idilər. Hər tayfanın tərkibində isə 5 nəsil var idi. Bu tayfaların içərisində kəngərlilər xüsusilə seçilirdilər. Antik müəlliflərin yazdıqlarına görə, kəngərlər hələ eradan əvvəl Azərbaycan ərazisində məskunlaşmışdılar. Bu mənbələrdən biri e.ə.II əsrdə indiki Şamaxı şəhərinin yaxınlığında Kanqar şəhərinin olduğunu qeyd edir. Peçeneqlərin ilk dövləti olan Kanqlının birinci xanı olmuş Qorqud da kəngərli idi. Azərbaycanın müxtəlif yerlərində kəngərlərlə bağlı çoxlu yaşayış yerləri vardır. Azərbaycanın məşhur ictimai-siyasi və mədəniyyət xadimləri arasında kəngərli soyundan olan xeyli nümayəndələr vardır.

Hakimiyyətin başında xan dururdu. Xan vəfat etdikdə hakimiyyət onun oğluna deyil, qardaşının oğluna verilirdi. Peçeneqlər mühüm məsələləri bütün nəsillərin ağsaqqallarının iştirak etdikləri gənəşdə (gənəşmək - qədim türk dilində məsləhətləşmək deməkdir) həll edirdilər.

Bəzən peçeneqlər gürcülərin müttəfiqləri kimi də çıxış edirdilər. Belə ki, mənbələr ermənilərlə mübarizədə Buzuk və Ambuzuk adlı iki qardaşın gürcülərə kömək etdiklərini xüsusi qeyd edirlər.

Eyni zamanda türklər gürcülərin gah Bizansdan, gah da Sasanilərdən kömək alaraq türk yurdlarını işğal etmələrinin qarşısını alırdılar.

Bizans ordusunun köməyilə Azərbaycana soxulan gürcülərin təcavüzünün qarşısını Aran hakimi Borzobad (pəhləvi dilində «Qurd» mənasını verir) nikah diplomatiyası ilə almış və Saqduxt (pəhləvi dilində «Sak qızı» mənasını verir) dalı qızını Kartli canişininə ərə vermişdi.

Sasanilərin dəstəyilə Şimali Qafqaza hücum edən Vaxtanq Qurdbaş isə türklərin daha ciddi təpkisilə rastlaşdı. Mənbə bu hadisəni belə təsvir edir : «Türklər içərisində Tarxan adlı bir azman ər var idi. O, önə çıxaraq hayqırdı : «Vaxtanqla gələn bütün döyüşçülərə səslənirəm, içərinizdə ən güclüsü kimdirsə, mənimlə təkbətək döyüşə çıxsın». Vaxtanqın ordusunda şirləri boğan Farsman Fərrux adlı döyüşçü var idi. O, Tarxanla təkbətək döyüşə çıxdı. Tarxan elə birinci həmlədə Farsman Fərruxun dəbilqəsindən sinəsinə qədər şaqqaladı. İçərilərində Farsman Fərrux kimi döyüşçüləri qalmayan Sasani döyüşçülərini və Vaxtanqı ağır dərd bürüdü.

Erkən orta əsrlərdə türklər təkcə Borçalı ərazisində deyil, həm də Qərbi Gürcüstan ərazisinə hakim idilər. Bizans tarixçisi indiki Zestafoni bölgəsindəki Onoquris toponiminin yaranmasını belə izah edir: «Bu ad çox qədimdə on oqur (On Oguz) adlanan hunların kolxları əzərək burada yerləşmələrilə bağlıdır».   

Gürcü alimi S.S.Orbeliani gürcü dilində döyüş atlarının şune, une adlandırılmasını hunların gürcülərə güclü mədəni təsirilə izah edir. Qədim türklər Tanrıya inanırdılar. 684-cü ildə suvarların yanında olmuş xristian keşişi İsrail onların həm də YOLLARIN TANRISINA inandıqlarını qeyd edir. İndi də Borçalı türkləri yolda olarkən ən böyük andlarından biri «Getdiyimiz Alı yolu haqqıdır». Xristian dini yenicə intişar tapdığı gündən türklər bu dinlə tanış idilər. Bəzi tarixçilər hətta xristianlığın inanc obyektlərindən olan xaçın da türklər tərəfindən əvvəlcə Cənubi Qafqaza, oradan da Avropaya yayıldığını güman edirlər.

Hazırda Ermənistan respublikasındakı Matenadaran əlyazmaları içərisində qədim türk dilində, erməni əlifbası ilə yazılmış dini kitablar saxlanılır. Hətta xristianlığın yayılmasının erkən dövründə erməni və gürcü keşişlərinin məhz türk dilində dualar oxuduqları ehtimal edilir. Erməni kilsə başçısının əsasında indi də qədim türk inanclarına görə Tanrının simvolu sayılan və xristianlıqda şər qüvvə sayılan ikibaşlı ilan təsviri vardır.

Hələ qədim dövrlərdən türk yurdu olmuş Cənubi Qafqazda, o cümlədən Borçalıda Xilafətin yüksəliş dövründə xristian türklər eyni dinə qulluq etdikləri ermənilərlə və gürcülərlə qaynayıb - qarışmağa başlamışlar. İndi türk soyadı daşıyan ermənilər və gürcülər özləri də bunun izahını verməkdə çətinlik çəkirlər. Lakin qeyd etmək lazımdır ki, İslam dininə inanan türk xalqları öz türklüklərini və dillərini xristian və yəhudi türklərə nisbətən daha yaxşı qorumuşlar.

Keçən saylardakı yazılarda barsillərin və suvarların ərəb ordularının basqısı altında Cənubi Qafqazdan Orta Volqaboyuna köçdüklərini yazmışdıq. M.Q.Kondratyev  çuvaşların Aramazi (Buntürklərin başkəndləri burada yerləşirdi və Asparuxun adı olan dəmir lövhə də buradan tapılmışdır) adlı dağlardan köçüb gəlmələri ilə bağlı əfsanələrinin olduğunu qeydə almışdır.

Borçalı türklərinin soykökündə iştirak etmiş TÜRK xalqlarından biri də qıpçaqlardır. Bütövlükdə onlar II minilliyin I yarısında Avrasiya materikinin həyatında böyük rol oynamışlar. Öz əcdadları olan hunlardan, göytürklərdən, xəzərlərdən sonra qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Hələlik «qıpçaq» etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olunan «Seleng kitabəsi» hesab olunsa da gürcü mənbələri qıpçaqlarla bağlı hadisələri daha da qədimləşdirir. Gürcü mənbələri onları «QAQANİ QİFÇAKİ» (daha qədim qıpçaqlar) və «AXALİ QİFÇAKİ» (yeni qıpçaqlar) deyə iki qismə ayırırlar. Çin mənbələrində isə qıpçaqları «kyueşe», «kinça», «kuça» «xabisa» adlandırırlar. Orta əsr tarixçisi Rəşidəddin qıpçaqları Oğuz Xaqanın başçılıq etdiyi TÜRK ulusunun beş qolundan biri hesab edir. Qıpçaqların mənşəyini Rəşdəddin belə bir əfsanə ilə izah edir: «İranda yaşayan itbarak tayfası ilə döyüşlərin gedişində əri öldürülmüş hamilə qadın ağac koğuşunda (qədim türkcədə «qbıcuk») doğur... Bu əhvalatı eşidən Oğuz Xaqan həmin uşağı oğulluğa götürür və ona QABICUQ (qıpçaq) adını verir.... 17 ildən sonra itbarakları əzən Oğuz Xaqan onların torpaqlarını Qıpçağa verdi». Ümumiyyətlə, qıpçaqlar digər orta əsr müsəlman mənbələrində (İdrisi, Əbülfəda, ibn Bəttutə, Məsalək əl Əbzər və s.) «qıfçaqlar» deyə xatırlanır. Bu mənbələrdə «Dəşti Qıpçaq» adlandırılan Qıpçaq yurdu Qara dənizin şimalını və Qafqazı əhatə edirdi.  1237-ci ilə aid Çin mənbəyi «Kan-mu»nun verdiyi məlumata görə «Kinça ölkəsi Çindən 30 min li (qədim Çin məsafə vahidi) uzaqlıqda yerləşir. Burada gecə uzun, gündüzlər isə qısadır. Günəş çıxan kimi də batır (qeyd edək ki, erməni mənbələrində indi Gürcüstan mənasında işlənən «Vrastan» sözü də «yarımqaranlıq ölkə» anlamına gəlir.) Burada yaşayanlar gözəl dəri və metal məmulatları düzəldirlər. Onların gözləri mavi, saçları sarışın rəngdədir.» Çin sarayında böyük nüfuz sahibləri olan Şançi Babur, Vanco Bahadur, Batimur (Bəy Teymur), Tosun oğlu Sidur da «kinça» (qıpçaq) mənşəli idilər.

Türk dünyasının böyük simalarından olan O.Suleymenov «qıpçaq» etnoniminin mənşəyini onların iki bıçaq formasında olan damğaları ilə izah edir. Avropada isə qıpçaqları «kuman» (bizanslılar), «poloves» (slavyanlar), «kun» (macarlar) kimi tanıyırdılar.

İndiki Gürcüstan ərazisinin xeyli hissəsinə nəzarət edən qıpçaqların yenidən fəallaşması onların 40 min ailədən ibarət soydaşlarının QIPÇAQ - TÜRK QILINCINA SIĞINAN Qurucu David tərəfindən Cənub - Qərbi Qafqaza dəvət olunmaları ilə bağlıdır. Məhz bu qıpçaqların köməyilə qardaş türk xalqlarını bir-birlərinə salışdırmaqla işğalçı niyyətlərini həyata keçirməyə nail olan səlibçilər bu dəfə də 500 illik  tarixi olan Tiflis, Ani və Dmanisi müsəlman əmirliklərinin ərazilərini işğal edə bildilər. Bununla  bağlı gələn məqalələrdə ətraflı danışılacağından bir daha qıpçaqların sonrakı taleyinə qayıtmaq istərdik. Onların bir qismi qonşu xalqların dinini qəbul edərək tərkibinə qatılmış (indiki Rusiyada, Ukraynada, Polşada, Litvada və s.), bir qismi qohum türk xalqları ilə qaynayıb-qarışmış (Azərbaycanda, Şimali Qafqazda, Türkiyədə, Mərkəzi Asiyada), bəziləri isə öz adət-ənənələrini saxlamaqda davam edərək ayrı adla tanınmışlar. Məsələn, 1240-cı ildə monqollar tərəfindən hiylə yolu ilə darmadağın edilən Şimali Qafqazdakı qıpçaqlar Kotyan xanın başçılığı altında Macarıstana getməyə məcbur oldular. İndi də Macarıstanda Kunzaq (Qıpçaqıstan) adlanan ərazi iki inzibati dairəyə - Dunay və Tissa çayları arasında yerləşən Kişikkunzaq (Kiçik Qıpçaqıstan) və Tissa çayının sağ sahilində yerləşən Naqikunzaqa (Böyük Qıpçaqıstan) bölünür. Macar ensiklopediyasında onların XVIII əsrin sonuna qədər öz türk dillərini və muxtariyyətlərini saxladıqları qeyd olunur.

Xristianlığı qəbul etdikdən sonra öz türklüklərini itirmiş başqa türk xalqlarından (avarlar, xəzərlər, bulqarlar və s.) fərqli olaraq, qıpçaqlar nəinki öz türklüklərini qoruyub saxlamış, hətta öz dillərində erməni əlifbası ilə xristian dini ədəbiyyatı da tərtib etmişlər. Orta Şərqdə monqol hakimiyyətinin güclənməsilə xristian qıpçaqlar öz yurdlarını tərk edərək, şimala və şimal - qərbə doğru çəkildilər. Xristian qıpçaqların ən böyük məskənləri indiki Ukrayna ərazisində idi. Lvovda Sinan Qutlubəy adlı qıpçaq indi ermənilərin sahib çıxmaq istədikləri böyük kilsə inşa etdirdi. İndi Avropa ölkələrinin kitabxanalarında qıpçaq dilində erməni əlifbası ilə yazılmış yüzlərlə əlyazmalar saxlanılır.

Əlyazmalarda müəllif öz dilini "bizim dil", "türk dili" və "tatar dili" adlandırır. İlahi qüvvə bəzən "Allah", adətən isə "Tanrı" adlandırılır. Mətnlərdə işlədilən adlara gəldikdə isə ermənilərin bu adlara iddia sürmələri düzgün deyil, çünki bu "erməni adları"nın özləri ya parf, ya da türk mənşəlidir.

Türk xalqlarının öz ədəbi nümunələrini müxtəlif əlifbalarda yazması yeganə hal deyil. Dövrümüzə qədər yunan əlifbası ilə yazılmış "Aşıq Qərib dastanı", gürcü əlifbası ilə yazılmış "Koroğlu dastanı" gəlib çıxmışdır.

 


Hər həftənin Bazar ertəsi GünAzTv-nin efirində
"BORÇALI SƏSİ"


Saytın wap ünvanı

wap.borchali.net