Borçalı azərbaycanlılarının soykökü
Tarixi Borçalı mahalı dünyanın ən qədim insan məskənlərindən
biridir. Hələ XX əsrin 30 - cu illərində Ceyrançöldə Udabno kəndindən tapılmış
primat qalıqları bölgənin antropogenez,yəni insanın yaranma yeri olduğunu sübut
edir. Dünya alimlərinin diqqətini cəlb edən ən mühüm tapıntı isə 1999-cu ildə
Dmanisi (1947 - ci ilədək Başkeçid) rayonu ərazisində Xram çayı sahilindəki
mağaradan aşkar edilmişdir. Arxeoloqlar burada yanaşı basdırılmış ər və arvadın
bütöv skeletlərini tapmışlar. Antropoloqların fikrincə kəllə quruluşuna görə
dolixokran (uzunbaş) olan bu insanlar Yer kürəsində evropoid irqinin ən qədim
nümunələridir. Bütövlükdə Qafqaz əhalisi öz antropoloji quruluşuna görə evropoid
irqinin cənub qolunun dörd tipinə aid olunurlar. Mərkəzi Qafqaz əhalisi və
gürcülər girdəbaşlı, enlisifətli kavkasion , ermənilər yastıbaşlı, naziksifətli,
əyriburunlu armenoid, Qara dəniz sahillərinin əhalisi qismən sarışın,
əyriburunlu , qıvrımsaçlı, qismən girdəbaşlı Pont , azərbaycanlılar isə
dolixokran (uzunbaşlı) , nazik və düz burunlu, ortaboylu Kaspi tipinə aid
olunurlar. Məsələyə aydınlıq gətirmək üçün XX əsrin əvvəlllərində yaşamış
görkəmli gürcü tarixçisi İ.A. Cavaxaşvilinin «Gürcü xalqının tarixi» əsərinə
müraciət edək : « … kəllələrin quruluşuna görə antropologiya elmi xalqları bir
neçə yerə ayırır : onlardan biri qısa başlı, yəni braxikran, digəri isə
uzunbaşlı və ya dolixokrandır. Qafqazdakı ən qədim qəbirlərdən tapılan
kəllələrin ölçülməsi nəticəsində müəyyən edilmişdir ki, ilk olaraq bizim diyarda
uzunbaşlılar , yəni dolixokefallar yaşamışlar. Professor Virxov qeyd etmişdir
ki, indiki gürcülərin və ermənilərin Qafqazın ən qədim əhalisi ilə heç bir
bağlantısı yoxdur. Demək onda gürcülər və ermənilər mahiyyətcə Qafqazın ilk
yerli əhalisi deyillər. Onlar bu diyara ( Qafqaza - Müəlllif) gəldikdə, burada
ayrı xalqın xələfləri yaşayırdılar».
Borçalı ərazisindən dünya arxeologiya elmində qəbul edilmiş bütün dövrləşmələrə
aid abidələr aşkar edilmişdir. Yazılı qaynaqlar burada məskunlaşmış ən qədim
etnos kimi buntürklərin adı çəkilir : «İsgəndər şah Lot övladlarının
törəmələrini sıxışdırıb yarımqaranlıq ölkəyə qovarkən … Kür vadisi boyunca dörd
şəhərdə : Sarkine, Urbnisi, Kaspi, Odzrxedə yaşayan döyüşkən buntürk tayfaları
ilə üzləşdi. Bu zaman xaldeylər tərəfindən köçürülmüş cəsur hunlar gəldi. Onlar
buntürk hökmdarından yaşamağa yer istədilər və Zanavada yurd saldılar».
Salnamənin naşiri Takayşvili, buntürkləri «ümumiyyətlə turanlılar» adlandırır
ki, onun bu versiyası « Kartlis Sxovreba (Gürcüstanın həyatı)» salnaməsinin
məlumatları ilə təsdiqlənir. Belə ki, salnaməçinin yazdığına görə « əvvəlcə
Msxeta ətrafında yerləşən türklər onu çətin alınacaq istehkama çevirərək adını
Sarkine qoydular». o biri səhifədə isə deyilir : « Sarkine sakinləri
buntürklər». Təəsüf ki, yuxarıdakı qaynaqların məlumatları hələ də şübhə altına
alınır, qaynağın müəllifi Leonti Mroveli «anoxronizmdə» ittiham edilir,
Azərbaycan türklərinin bu ərazidə XVI əsrdən gec olmayaraq yaşadıqları iddia
olunur.
Msxetadakı «Samtavro qəbristanlığı»nından aşkar edilən kəllələri tədqiq edən
gürcü antropoloqu M.Q.Abduşelişvili erkən tunc dövründən I minilliyin ortalarına
qədər bölgə əhalisinin dolixokran olduğunu, yəni Kaspi tipinə mənsub olduğunu
qeyd edir.Rus - sovet antropoloqu V.P.Alekseev isə burada dəfn olunanların
əsilzadələr və döyüşçülər olduqlarını yazır. Gürcü arxeoloqu Ş.A. Mesxia
bilavasitə buntürklərə aid etməsə də m.ö. IV əsrdə indiki Gürcüstan
Respublikasının cənub - şərqində, yəni Borçalı ərazisində yuxarıda adı çəkilən
şəhərlərin olmasını təsdiq edir. Qazıntılar zamanı arxeoloqlar bu şəhərlərin
ərazilərindən m.ö. I minilliyin ortalarına aid edilən tikili qalıqları
tapmışlar. Salnamədə adı çəkilən digər şəhərlərə , o cümlədən Msxetaya gəldikdə
isə Mesxia onun daha sonra, yəni «gürcü tayfalarının Arian - Kartlidən köçüb
gəldikdən sonra yarandığını» güman edir.
Borçalı ərazisindəki ikinci türk etnik plastı bulqarlarla bağlıdır. Gürcü
tarixçisi Z.V.Ançabadze hətta buntürklərin özlərini «qara bulqarlar» hesab edir.
Bulqarların Borçalı ərazisinə gəlişi barədə erməni salnaməçisi Moisey Xorenli
belə bir məlumat verir :« Vaharşakın oğlu Arşakın vaxtında Böyük qafqaz dağı
boyu Bulqar torpağında böyük iğtişaşlar oldu və onların çoxu ayrılaraq Koxanın
(Kolxidanın) cənubundakı məhsuldar torpaqlarda yerləşdilər». Bu məlumat da
arxeoloji qazıntılarla təsdiq olunur. Belə ki, Dunay bulqarlarının xaqanı
Asparuxdan 700 il əvvəl Cənubi Gürcüstanda onunla adaş olan «pitiaxş Asparux»un
adı həkk edilmiş metal lövhə tapılmışdır. Onu da deyək ki, İç Oğuzdan Trabzona
gedən yolda (Borçalı ərazisində - Müəllif) Dədə Qorqud boylarından birinin
qəhrəmanı Qazılıq Qoca oğlu Yeynək də «altı başlı bolqar bir ər » görür. Alban
tarixçisi Musa Kalankatlı da II - IV əsrlərdə Cənubi Qafqaza bulqar
tayfalarından birinin - barsillərin arasıkəsilməz hücumlarından xəbər verir.
Müxtəlif mənbələrdə bu tayfanın adı da fərqli şəkillərdə verilir : barselt,
barsil, borşalu və s. Orta əsr ərəb müəllifi Yaqut Həməvi isə yazırdı : «Borşalı
Arranda yer adıdır». Digər ərəb müəllifi Qardizi isə buranı Börüçölü adı ilə
tanıyır. Bu isə Borçalı termininin həm toponim, həm də etnonim mənasında
işlənildiyini göstərir. Borçalılılar erkən orta əsrlərdə Cənubi Qafqazda böyük
siyasi rol oynamışdır. Yoxsa «Trdatın atası Xosrovun dövründə ermənilər qüdrətli
barsillərlə dostluq» etməzdilər.
VII əsrdə Borçalı ərazisinə daha bir türk tayfası - göytürklər gəlmişlər. «628 -
ci ildə 2 aylıq mühasirədən sonra türkütlər Tiflisi tutaraq, şəhər hakimini ələ
keçirdilər. Göytürk xaqanını təhqir etdiyi üçün onun dərisini soyub saman
təpdilər və qala divarının üstündən asdılar». « Göytürklər yeni qüdrətli türk
xalqının xəzərlərin digər qohum tayfalarla birləşməsinə şərait yaratdılar.
Xəzərlərdən başqa bu ittifaqa Suvar və Barsil (Borçalı - Müəllif) tayfaları da
daxil oldu». Gürcüstan - Xəzər münasibətlərinə gəldikdə isə D.Baqrationi bu
barədə yazırdı : «Gürcüstan və ona qonşu ölkələr, mənşələri barədə Degin (Fransa
şərqşünası - Müəllif) tərəfindən bəhs edilən xəzərlər tərəfindən tutuldu. Onlar
şimaldan, Hetariyadan Dərbəndi keçərək gəlmişdilər». 552 - ci ildə Xəzər
xaqanının qızı ilə evlənən Sasani şahənşahı I Xosrov Ənuşirvan 1 il sonra 3 min
türkü Dmanisi ərazisinə köçürməyə razılıq verdi. Türk tayfalarının Borçalı
ərazisində məskunlaşması Cənubi Qafqazın Ərəb xilafətinin tərkibində olduğu
ilərdə də davam edirdi. « 853 - cü ildə xilafət sərkərdəsi Buğa Türk öz orduları
ilə vilayətdən vilayətə keçərək, Dərbənd qapılarını açdı və Dmanisiyə 3 min ailə
köçürdü». Əgər nəzərə alsaq ki, bu dövrdə «darvazaların (Dərbənd nəzərdə tutulur
- Müəllif ) o tayında şəhərləri olan bulqarlar yaşayırdı», onda bu
köçürülənlərin də bulqarlar olmasına şübhə yeri qalmır.
Səlcuqluların Cənubi Qafqaza gəlişi ilə Cənubi Qafqazda , o cümlədən Borçalıda
da İslam - Türk amilinin qəti şəkildə qələbəsinə gətirib çıxartdı. 1118 - ci
ildə Səlcuqlulara qarşı mübarizə aparmaq məqsədilə Abxaz - Kartvel hökmdarı
David Baqrationi (Aqmaşanebeli ) 40 min qıpçaq türkünü Borçalı və ona bitişik
bölgələrə yerləşdirdi . 1121 - ci ildə bu qıpçaqların köməyilə Didqori ( « Böyük
donuz») döyüşündə Səlcuqlu ordusu üzərində qələbə qazana IV David Tiflis
müsəlman əmirliyini ləğv etdi, Dmanisi və Ani müsəlman əmirliklərinin ərazisini
işğal etdi. Bununla belə yerli əhalinin dini və etnik tərkibini nəzərə alan
Baqratilər sülaləsindən olan gürcü hakimləri kəsdirdikləri pullarda Məhəmməd
peyğəmbərin adını zərb etdirir, onların rəğbətini qazanmaq məqsədilə Cümə
namazlarına gələrək xütbələrə qulaq asırdılar. Tiflisdə isə ümumiyyətlə donuz
saxlamaq qadağan edilmişdi. IV David tərəfindən Tiflisə köçürülmüş xristian
əhalisinin bir qismi 1226 - cı ildə Xarəzmşah Cəlaləddin tərəfindən qovuldu,
qalanları isə İslamı qəbul etdi.
XIII əsrin 20 - ci illərindən başlayan monqol hücumları 60 - cı illərdə bütün
Cənubi Qafqazın , o cümlədən Borçalının da Elxanilər dövlətinin tərkibinə
qatılması ilə nəticələndi. Başqa monqol ulusu olan Qızıl Orda ilə Cənubi Qafqaz
uğrunda mübarizə aparan Elxanilər , Qızıl Ordada hakimiyyətdə olan Bərkə xanın
yanından qaçıb gələn monqol feodallarını Dmanisidə yerləşdirdilər.
XIV əsrin sonlarında Cənubi Qafqaza gələn Əmir Teymur 1386 - cı ildə Borçalıdakı
Yağlıca düzənliyində ordugah quraraq , Tiflisdən şimalda yaşayan qıpçaq ellərini
özünə tabe etdi.
XV əsrin 20 - ci illərindən Azərbaycan Qaraqoyunlu dövlətinin tərkibinə qatılan
Borçalı, bu dövləti əvəz edən Ağqoyunluların xüsusi diqqət yetirdikləri bir
bölgə idi. Ağqoyunlu Həsən Padşah və onun oğlu sultan Yaqubun dövründə mühüm
strateji məntəqə olan Ağcaqala daha da möhkəmləndirildi.
XVI əsrin I rübündən başlayaraq Osmanlı - Səfəvi müharibələrinin gedişində
dəfələrlə əldən - ələ keçən Borçalı əsasən Səfəvilərin nüfuz dairəsində
olmuşdur.
Borçalının həyatında ən mürəkkəb dövr XVIII əsr hesab olunur. Azərbaycanda
mərkəzi hakimiyyətin zəifləməsi, feodal pərakəndəliyinin hökm sürməsi Borçalı
elatlarının tez - tez yerdəyişməsinə səbəb olmuşdur.
XIX əsrin əvvəllərindən Rusiya ağalığının bərqərar olması Borçalı , ümumiyyətlə
Cənubi Qafqazın müsəlman əhalisi üçün əsl faciə oldu. Bölgənin zorla Osmanlı və
Qacarlı torpaqlarına sürgün edilən müsəlman əhalisinin (Qarapapaqlar, Ulaşlı və
s.) yerinə ermənilər, aysorular və urum yunanları yerləşdirildi ki, bu da
Borçalının etnik tərkibini dəyişdirdi.
XX əsrin əvvəllərində Rusiya tərəfindən qızışdırılan ermənilərin Borçalıda
müsəlmanların axırına çıxmaq arzusu gözlərində qaldı. Təkcə Başkeçiddə 400
atlıdan ibarət müsəlman hərbi birləşməsi erməni quldurlarının əl - ayaq
açmalarına aman vermədi. Rusiyada Romanovlar sülaləsinin devrilməsindən sonra
Qafqazda milli - azadlıq mübarizəsi daha da gücləndi. 1918 - ci ilin mayında
Cənubi Qafqazda müstəqil dövlətlər quruldu. Borçalı ziyalıları Osmanlının
himayəsi altında «Qarapapaq» dövləti qurmaq qərarına gəldilər. Borçalı ilə bağlı
Azərbaycan Gürcüstan danışıqlarının getdiyi bir dövrdə başı daim yad qoltuqlarda
olan erməni siyasətbazları Borçalını qanlı müharibə meydanına çevirdilər. 17
dekabr 1918 - ci ildə Borçalı üstündə başlayan erməni - gürcü müharibəsi mahlaın
iki yerə bölünməsi ilə nəticələndi. Bu bölgü Cənubi Qafqazda Sovet rejimi
bərqərar olduqdan sonra rəsmiləşdirildi. Borçalının 2575 kvadrat kilometr
ərazisi Ermənistan Respublikasına «hədiyyə edildi».
Hazırda Ermənistana verilmiş Borçalı torpaqlarında bir nəfər də olsun borçalılı
qalmamışdır. Gürcüstanın tərkibindəki Borçalı torpaqlarına isə Svanetiya
köçkünlərinin yerləşdirilməsi və Qamsaxurdiya rejiminin anti - azərbaycan
siyasəti nəticəsində bölgənin etnik tərkibi xeyli dəyişdirildi. Gürcüstan
Respublikasında E.A.Şevardnadzenin prezident seçilməsi ilə Borçalı
azərbaycanlılarının vəziyyəti xeyli yaxşılaşsa da təəssüflə qeyd etmək lazımdır
ki, 2001 - ci ildən Rusiya Federasiyasının ölkəyə gələn Gürcüstan vətəndaşlarına
viza rejimi tətbiq etməsi Borçalı azərbaycanlılarının Rusiyaya vizasız gediş -
gəlişlərini təmin etmək üçün Azərbaycan Respublikasına axın prosesini xeyli
gücləndirmişdir.
|