|
Borçalı mahalının xalq təsərrüfatı
iki istiqamətdə inkişaf etmişdir. Zəngin yeraltı
sərvətlərinin bolluğu nəticəsində dağ-mə'dən
sənayesi, bol suya və münbit əkinə yararlı torpaq
sahəsində isə kənd təsərrüfatı.
Borçalıda sənaye və onun müxtəlif
sahələri təbii-coğrafi şəraitə uyğun
olaraq inkişaf etmişdir. Əlbəttə, ərazinin
spesifik landşaft quruluşuna və təbii-xammal ehtiyatlarına
görə özünəməxsus inkişaf
səviyyəsinə malikdir. Mahalda sənaye təxminən
1800-cü illərdən inkişaf etməyə başlamışdır.
Bu illərdə Zaqafqaziyanın bir sıra mahal və bölgələrində
olduğu kimi, bu mahalda da dövrün bir neçə im-kanlı
ziyalı adamları və dövlət adamları ərazinin
xammal ehtiyatlarından istifadə məsələsindən
kənarda qalmamışdılar. Onlar öz kapitallarını
daha da artırmaq və xarici bazarlara çıxmaq
üçün əl-ayağa düşmüşdülər.
Belə adamlardan knyaz Mamuki Orbeliani, K.K.Sulkidze, qvardiya polkovniki
Maslov, Kuçenbax, Melikov və b. qeyd etmək olar. Bu baxımdan
knyaz Orbelianinin əməyi çox olmuşdur. Onun təşəbbüskarlığı
nəticəsində mahalın Loru, Pəmbək və Borçalı
nümayəndəliyinin ərazisində geniş miqyaslı
geoloji-kəşfiyyat işləri aparılmış və yüksək
bəhrə əldə edilmişdir. 1800-1820-ci illərə
qədər yuxarıda adları qeyd olunan adamların səyi
nəticəsində onlarla zəngin mis, qızıl-gümüş
qarışıq metal yataqları kəşf olundu. Həmin
illərdə bu yataqların üstündə xırda zavodlar
quraşdırılaraq istifadəyə verildi. Belə zavodların
gəlirlərindən kifayətlənməyən knyazlar
və onların himayədarları öz axtarış və
kəşfiyyat işlərini davam etdirirdilər. Bir qayda olaraq
bu zəngin yataqlar ərazidə olan Pəmbək, Borçalı
(Debed), Maşaver, Alket çaylarının ətrafında
və Çatak, Ləlvər dağlıq massivinin
ərazisində tapılmışdır. Beləliklə, Borçalı
mahalında ən zəngin və şöhrət qazanmış
Allahverdi mis yataqlarını (zavod) qeyd etmək olar. Düzdür,
bu zavod mahalda ən qədimi sayılmır, bu zavod işə
düşənə qədər (1880) ətrafda bir neçə
xırda mədən artıq 1804-1815-ci illərdən
fəaliyyət göstərirdi. Allahverdi zavodu Ləlvər dağının
cənub hissəsində eyni adlı yaşayış
məntəqəsinin ətrafında salınmışdır.
1884-cü ilin məlumatına görə, zavodun 92
fəhləsinin iş qüvvəsilə ildə 11235 pud mis
istehsal edilib, Tiflis və Bakı quberniyalarına göndərmişdi.
Zavoddan gəlirin əks-sədası və ümumiyyətlə,
Allahverdi misinin şöhrəti mahaldan çox-çox uzaq
ellərə də yayıldı. Buna görə də zavod
istər Türkiyə və istərsə də digər ölkələrdən
buraya gələn mütəxəssislərin diqqət
mərkəzinə çevrildi. Bir müddətdən sonra Türkiyədən
yunan mütəxəssisləri gəlmiş, tez bir zamanda
torpaq və zavod sahibkarlarına çevrilmişdilər.
Allahverdi zavodu işə başladıqdan
cəmi iki il sonra daha bir mədən-zavod fəaliyyətə
başladı. Bu Şambluq və ya Şamlıq zavodudur. Bu
zavod Allahverdi zavodundan 8 km aralı, Ləlvər dağının
cənub-şərq ətəklərində açılmışdır.
1884-1885-ci illərdə bu zavodun 17 nəfər
fəhləsi olmuşdur ki, onlar da ildə 1200 pud filiz istehsal
edib mərkəzi şəhərlərə göndərmişdilər.
Maraqlıdır ki, bu hər iki zavoda 1800-cü illərin
əvvəlində Türkiyədən gəlmiş iqtisadi
cəhətcə imkanı olan yunanlılar rəhbərlik
edirdilər (iki yunan qardaşları).
Regionda bu zavodlardan başqa, çox da uzaqda
olmayan Axtala mis mədəni də fəaliyyət göstərməyə
başladı. Bu zavodun sahibi knyaz Məlikov olmuşdur. Düzdür,
bu zavod istifadəyə tez verilib və tez də bağlanmışdır
(1869). Öz dövrünə görə bu zavod çox
qiymətli hesab olunurdu. Gürcüstan üçün bu
zavodda gümüş və qızıl pul istehsal olunurdu.
Zavod öz fəaliyyətinə 1866-1867-ci illərdən başlamışdır.
2-3 il fəaliyyət göstərən bu zavodun cəmi 14
nəfər işçisi olmuşdur ki, onlar da iki il müddətində
18000 pud filiz çıxarmış, ondan isə 240 pud xalis mis
istehsal olunmuşdur. Borçalı mahalının qazıntı
sərvətlərinin istehsalı yuxarıda qeyd etdiyimiz
mədən və zavodlarla bitmir. 1870-1875-ci illərdən başlayaraq,
1890-1895-ci illərə qədər 10-a yaxın zəngin
ehtiyata malik olan qızıl, gümüş, mis, dəmir
və s. nadir və əlvan metallar yataqları aşkar edilmiş
və müəyyən quruculuq işləri aparıldıqdan
sonra öz fəaliyyətlərinə başlamışdı.
Belə yataqlardan Borçalı çayının sağ
sahilində İnəkli dərəsinin Kərinc kəndi
ilə Xaçıgöy kəndi yanında, Pəmbək
çayının sol sahilində Zamanlı adlı və
ən zəngin Damblutu göstərmək olar. Bu yataqlar məşhur
Çatax zavodundan təxminən 11-12 km aralı
məsafədə yerləşmiş və knyaz Orbelianinin adına
məxsus idi. Bu yataqlardan gürcü çar və knyazları
özləri üçün qızıl, gümüş pul
istehsalında istifadə etmişlər. Bundan başqa Mamuki
Orbelianinin adına Cambağça yataqları olmuşdur
və o baron Kuçenbaxın şüşə zavodu yaxınlığında
yerləşmişdir. Bu zavoddan ildə 600 pud filiz çıxarılıb,
25 pud saflaşdırılmış xalis mis alınmışdır.
Əmbülmülk kəndi yaxınlığında Maşaveri
çayının sol sahilində Orbeliani adına "Əmbülmülk"
zavodundan 1830-cu illərdə güclü istifadə olunmağa
başlanmışdır. Qeyd etməliyik ki, bəzi arxiv
materiallarının verdiyi məlumata görə, bu zavod öz
xammalını hələ 1800-1804-cü illərdə
tərkibi qızıl-gümüş metalları ilə
zəngin olan yataqlardan götürmüşdür. İstifadə
vaxtı xeyli qızıl tozu alınmışdır.
Tərkibində qızıl, gümüş qarışıqlı
metal hissəciklərinin və tozunun geniş yayıldığı
yataqlardan Allahverdi, Axtala, Damblut kimi zəngin gümüş
mədənlərini qeyd etmək olar. Bu cür yataqlar bir qayda
olaraq yuxarıda qeyd etdiyimiz kimi, Borçalı, Pteqovan, Xram
çaylarının fəaliyyəti nəticəsində
meydana gəlmişdir. Məlumdur ki, bu çaylar əsasən
axan dağ çaylarıdır. Bu yataqlar 1875-ci ildən knyaz
Sulkidze və qvardiya polkovniki Maslov tərəfindən açılmış
və onların rəhbərliyi altında fəaliyyətə
başlamışdı.
Maslovun qəfil ölümü geniş
perspektivə malik olan bir sıra yataqların istismarını
ləngitmiş, sonradan bu yarımçıq işləri
knyaz Sulkidze davam etdirmişdi. Knyaz Sulkidze bundan başqa 1885-ci
ildən etibarən onlarla (Maşaver çayının orta
axarında Kazret və Baliç kəndləri arasında
Dəmir dağdan başlayan Kazret çayının Maşaverə
birləşən yerində, Binazor kəndi ətrafında)
yataqlara və mədənlərə də rəhbərlik
edirdi.
Borçalı mahalının sənayesi heç
də bunlarla tamamlanmır. O, qiymətli metal və mis
mədənləri ilə yanaşı, həm də zəngin
və çox qiymətli tikinti materialları xammalı (qum,
gil, əhəng, çay daşları və yer altından
çıxarılan qara və ağ rəngli sal daşlar), dünya
şöhrəti qazanmış qara mər-mər və
plitə-psamit yataqları ilə də zəngindir. Bu zəngin
yataqlar Borçalı çayının dərəsində
yerləşən Uzunlar kəndi yaxınlığında
cəmləşmişdir. Bu barədə akademik Abix öz
əsərlərinin birində belə yazmışdır: Yaxşı
olar ki, "Tiflis aləmi bu zəngin və qiymətli sahibsiz
xəzinəyə meyl göstərsin", çünki
çox böyük imkanlara malik olan bu təbii
sərvətlər xalq üçün həm xeyirli və
həm də yararlı sahədir. Bu yataqlar Tiflis mühitindən
cəmi 60-70 km məsafədə yerləşmişdir.
Xalq təsərrüfatı
əhəmiyyətli bu psamit yataqları daha sonra Maşaver
çayı mənsəbində Y. Yekaterinenfeld (Bolnisi şəhəri)
yaxınlığında aşkar olundu. Sonralar bu tikinti materialı
Tiflis mühitində "Bolnis" adlı daş kimi şöhrət
tapmışdır. Məlumat üçün qeyd etməliyik
ki, Borçalı bu sənaye və tikinti
əhəmiyyətli materiallarla yanaşı, yeraltı mineral
suları ilə də nəzər-diqqəti cəlb etmişdir.
Lakin o vaxtlar bu sərvətdən nə fermerlər, nə
də yerli əhali belə istifadə etmirdilər. Üstəlik,
mahalın bu təbii sərvətə ehtiyacı daha yüksək
idi.
Ümumiyyətlə, ərazidə əhalinin içməli
suya tələbatı gundən-günə pisləşirdi.
Daha doğrusu, əhali içməli sudan bir qayda olaraq axar
çaylardan, gölməçələrdən (dağlıq
ərazilər bura daxil olunmur) istifadə edirdilər. Mahalın
bir sıra dağlıq, dağətəyi bölgələrində
və bəzən meşəətrafı sahələrdə
keyfiyyətli suyu olan bulaq və kəhrizlər də
fəaliyyət göstərirdi. Belə sulardan (bulaq) mahalın
Trialet nümayəndəliyinin dövlət tabeliyində olan
Ayazma dövlət kilsəsinin içərisindən qaynayıb-coşan
bulağı (1950-ci illərdən bulağa xüsusi qayğı
göstərilib, kəhriz formasına salındı), Loru nümayəndəliyinin
tabeliyində olan bir neçə bulağı və Arduvi
kəndində fəaliyyətdə olan kəhriz quyusunu misal göstərmək
olar. Bu suların tərkibi yod-brom, dəmir, mis və s. mineral
birləşmələri ilə zəngin olub, insan və
heyvanat aləminin dəri-zöhrəvi və bir sıra
xəstəliklərində müalicəvi
əhəmiyyəti vardır. Borçalı nümayəndəliyinin
Opret kəndində fəaliyyət göstərən bulaq. Bu
bulağın suyundan nəinki yerli əhali, hətta 10-20
km-dəki qonşu kəndlərin əhalisi də istifadə
edirdilər. Bu suyun tərkibində qaz, yod, brom, dəmir və
s. mineral birləşmələri vardır. Arxiv materiallarının
məlumatına görə, Opret bulağının suyu öz
keyfiyyətinə görə, məşhur "Zelter"
mineral suyundan da üstün tutulur.
Borçalı mahalının nümayəndəliyinin
mərkəzi Sarvan, ona qonşu hallavar kəndlərində
məşhur içməli su quyuları və
kəhrizləri ərazidə öz sərinliyi, tamı, şirinliyi
və büllur kimi saflığına görə heç
də dağ sularından fərqlənmirdi. Bu quyular "Ağalıq",
"Şeyx" nəslinin həyətində, Hallavar
kəndində isə kəndin tən ortasında İsrafil kişinin
çəpərində fəaliyyət göstərirdi. Ümumiyyətlə,
belə bulaqlara Borçalının onlarca
kəndlərində rast gəlmək olurdu. Lakin elə
kəndlər var idi ki, son 200-250 ildə onların
ərazisində bir dənə də olsun içməli su
quyusu və ya kəhriz olmamışdır. Belə
kəndlərdən Alket çayının aşağı
axarı istiqamətində məskunlaşmış Korarxı,
Muğanlı, Candar, Sarvanın bir hissəsi, Kürtlər,
Təkəli, Xancığazlı, Quşçu, Qarayazı böl-gəsinin
isə kəndlərinin 70-80 faizi bu gündə idi.
Bu illərdə mahalın bütün aran
kəndlərində içməli su problemi bir nömrəli
sayılırdı. Mahalın Qızılhacılı, Candar,
Gorarxı və s. kəndlərinin əhalisi uzunqulaq və
atların tərkində qonşu kəndlərdən su daşıyırdılar.
Əhalinin içməli suya tələbatının
ödənilməyən bir vaxtında hakim dairələr içməli
sudan sənayedə və kənd təsərrüfatında da
geniş istifadə edirdilər. Bu neqativ
məsələləri qismən aradan götürmək
üçün imkanlı fermerlər və icarə
rəhbərləri öz vəsaitləri hesabına bir neçə
təsərrüfat əhəmiyyətli su kanalları çəkdirmişlər.
Belə kanallara Qarayazı nümayəndəliyində və
Borçalı bölgəsində rast gəlinir.
Borçalı özünün daş karxanaları
və qara mərmər yataqları ilə də zəngindir. Bu
daş karxanalarından lap qədim vaxtlardan bir tikinti materialı
kimi istifadə olunurdu. Belə karxanalardan Başkeçid bölgəsində
(Qarabulaq, Qəmərli), Çoruk Qəmərlidə, İmir
Kəsən, Qoçulu, Arıxlı və s., Borçalı
bölgəsində zəngin "Qara-dağ" Qızılhacılı,
Şüləver, "Qızıl daş", Zəlyə bölgəsində
olan saysız-hesabsız böyük ehtiyata malik daş
karxanaları və sarı rəngli vulkanik gil çöküntüləri
yataqlarını, Ağbulaq bölgəsində Kosalar, Dağet
Xaçınlı, Tsintskaro, Dürnük və s., Qarayazı,
Karel, Kaspi, Saqareco və Telavi bölgəlörindəki yerli
tələbatı ödəyən daş karxanalarını
da qeyd etmək olar. Bundan başqa ən qiymətli qara
mərmər yataqlarına-Tsop, onun ətraf
ərazilərində Opret və s. Zəngin əhəng və
gəc materiallarına Borçalının Candar, Kirənc Muğanlı,
Ağbulaq, Bolnis və s. məntəqələri göstərmək
olar. Evtikmə, yolsalma və kanal-bəndlər çəkmək
işlərində Təvədöy (Xram), Borçalı
çaylarının qumundan və çınqıl daşlarından
geniş istifadə olunur.
O dövrdə yeganə şüşə
istehsal olunan Kuçenbaxın (Baş-keçid
məntəqəsinin yaxınlığında) şüşə
zavodunu qeyd etmək olar. Bu adları çəkilən yeraltı
sərvətlərin zənginliyi nəticəsində mahalda
sənaye sahələri ildən-ilə inkişaf etməyə
başladı.
Müasir dövrdə, yəni 1959-1960-cı
illərdən başlayaraq mahalda qədim sənaye
obyektləri ilə yanaşı, onlarca böyük çeşidli
yeni sənaye obyektləri və sahələri ilə yanaşı,
onlarca böyük çeşidli yeni sənaye obyektləri
və sahələri yaradıldı. Yeni yaradılmış
sənaye sahələri bütün mahalın mərkəzi
şəhər, qəsəbə və geniş iqtisadi imkanı
olan iri və böyük kənd yaşayış
məntəqələrində inkişaf etdirilməyə başlandı.
Mütəxəssislərin fikrincə, sənayecə inkişaf
etmiş region və bölgələrin ərazisində
sənaye təmayüllü kənd təsərrüfatı
sahələri də inkişaf edir. Bu baxımdan Borçalı
və digər bölgələrin kənd təsərrüfatı
sahələri özünəməxsus spesifik quruluşa
malikdir.
Borçalının və s. bölgələrin
kənd təsərrüfatı digər mahallarda olduğu kimi,
burada da əsasən torpaq-iqlim şəraitindən çox asılı
olmuşdur. Mahalın ərazisinin 3/2 hissəsi dağlıq,
dağətəyi və xırda təpəlik
massivlərindən ibarət olduğu üçün özünəməxsus
təsərrüfat sahələrinə malikdir. Əvvəllər
Borçalıda əkinə yararlı torpaq sahələri
çox az idi. Olan torpaqlar da əsasən icarəyə götürülmüş
yerli zəhmətkeşlərin həyətyanı sahəsi,
qismən isə dövlət mülkiyyətinin tabeliyində
olmuşdur. Buna baxmayaraq, Borçalı ən qədimdən
belə dadlı meyvələri, keyfiyyətli
tərəvəz və bostan bitkiləri, hələ çar
hökumətinin stolunu bəzəyən yüksək
kaloriyə malik keyfiyyətli buğdası (çörəyi),
zərif yunlu heyvandarlığı və atcılığı-ilxıçılığı
ilə məşhurlaşmışdır. Əlbəttə,
kənd təsərrüfatının belə bir
zirvəyə qalxmasında ərazidən axan və özü
ilə müxtəlif dağ çöküntüləri
gətirən Borçalı çay (Debed), Cağala (Maşaver),
Alget, Pəmbək və on-larca xırda çay və arxların
rolu çox böyük olmuşdur. Bir sözlə, mahalın
kənd təsərrüfatı bu çayların
aqibətindən çox asılı olmuşdur. Bu baxımdan
Borçalı mahalı özünün axar-baxarlı
təbiəti, çayları, kanalları (arx) ilə çox
məşhurdur.
Mənbəyini dağların qar və buzlaq
sularından, yeraltı gölməçələrdən götürən
Xram (Təvədöy), Alget, onlara birləşən Maşaver
(Cağala), Debed (Borçalı) və s. çaylar Borçalının
tarixi qədər qədim olmuş və onun yaşamasında
və təsərrüfatının inkişafında
əvəzsiz rol oynamışdır. Borçalı çayının
uzunluğu təxminən 150 km olub, öz mənbəyini İrəvan
quberniyasının dağlıq ərazisinin
ətəklərindən götürüb, Xram çayının
sağ qolunu təşkil etmişdir. Borçalı çayı
aşağı aran ərazisində Kür çayının
sağ tərəfi ilə axaraq Qırmızı (sınıq)
körpü ətrafında Kürə tökülür. Bu
çaya sonra da bir neçə ad verilib, yəni yuxarı axarında
Pəmbək, aşağı axarında Debed və s. adlanır
(1600-1880-ci illərdə).
Borçalı çayının suları
ilə Loru çölünün və nümayəndəliyinin
torpaqları suvarılır.
Alget çayı öz mənbəyini Trialeti sıra
dağlarının Mzisskviri yüksəkliyindən götürüb,
Qırmızı körpü (Borçalı ərazisində)
yanında Təvədöylə (Xramla) birləşib, Kür
çayına qarışır. Bu çay
mənbəyindən mənsəbinə qədər qarşısına
çıxan (yaz, payız vaxtı) bütün
maneələri dəf edərək, torpaqları yuyub (Sarı
qaya adlanan ərazi) özü ilə üzüaşağı
min tonlarla torpağa çöküntü hopdurur. Alget
Məngilis məntəqəsindən axaraq Bedən sırasından
çıxıb, Boqva kəndi yaxınlığında Tiflis
bloklyuç yolunu kəsib, Borçalı bölgəsi
istiqamətində axaraq, Marabda kəndinin alt yanından Sarvan
ərazisini tən yarıya bölüb, 25-30 km məsafəni
Borçalı düzənliyinin ərazisindən axıb keçir.
Alget çayı yaz və payız aylarında suyu çox
çoşqun olur. Odur ki, ətraf sahələri suvarmaq
məqsədilə 24 kanal çəkilmişdir. Düzdür,
bu kanallar təkcə suvarmaq üçün yox, eyni zamanda
torpaq qoruyucu, yuyulma proseslərinin qarşısını almaq
üçün də nözərdə tutulmuşdur.
İcarəçi Veys-Fon-Veysenqafa görə,
bu 24 kanalın yalnız ikisindən suvarma üçün
istifadə olunurdu. Bu kanallardan əsasən müsəlman (Azərbaycan
türkləri) kəndləri istifadə edirdilər.
Mahal üçün ikinci böyük
əhəmiyyətli olan çay Təvədöydür (Xramdır),
Xram çayından bir qayda olaraq əhalinin içməli su
ehtiyacı ödənilir. Barmaqsız bölgəsində
isə qismən təsərrüfatda istifadə edilir. Xram
çayı öz mənbəyini Borçalı mahalının
dağlıq Tsxra-Tskaros-Mta dağının aşağı
ətəklərindən götürüb, 15-20 km axaraq sonra
mahalın ərazisinə Tav-Koteli yüksəkliyinin şimal
hissəsindən daxil olur. Burada çay özünün ikinci
tarixi adına Ktsiyə (gürcücə) çevrilir. Dağlıq
Ərçivan silsiləsindən axan Pene çayı
Ktsiylə birləşir, Əvrənli kəndinin
ərazisindən keçib, Zəlyə düzənliyi ilə
axaraq geniş bataqlıq sahələr yaradır. Yeddi kilsə
kəndi yaxınlığında Ktsiy çayı soldan Cins,
sağ-dan Nərdivan, Ayazma kimi xırda çayları
birləşdirib Zəl-yənin Quniya-Qala və ya Günlü-qala
(Günəşli qala.) ətrafında Xram adını daşıyır.
Barmaqsız körpüsünə qədər Xramın keçmiş
qərargahı (ipab kvartir) ətrafında, sağdan, soldan bir
sıra xırda çayların bu çaya birləşməsinə
baxmayaraq, onun subasar hövzəsi çox dərin
dərələrdən keçdiyinə görə lazımi
təsərrüfat əhəmiyyətinə malik deyildir.
Çayın dərin dərələrdən, sıldırım
qayalıq ərazilərdən keçdiyinə görə
onun suyundan kənd təsərrüfatında demək olar ki,
heç istifadə olunmurdu. Yalnız Barmaqsız körpüsü
yanında yerli əhali çayın qarşısına
bəndlər çəkərək balıq ovu ilə məşğul
olurdular. Xram çayı Nərdivan kəndi ərazisindən
Bar-maqsız körpüsünə qədər (30 km) ərazi
başdan-başa düzən sahə olmasına baxmayaraq, burada
suvarma əkinçiliyi demək olar ki, yox
dərəcəsindədir. Səbəbi ərazinin
əkinə yararlı torpaq sahəsinin olmaması, xırda
çayların daşıb ətrafı basması, bataqlıq
ərazilərin üstünlüyü və iqlimin
həddən artıq soyuq olmasıdır. Burada Dərəköy,
Cins, Ayazma, Barmaqsız və s. kəndlərin əhalisi
həmişə bu subasar sahələrin yararsızlığından
şikayət edirdilər (1850-1900). Beləliklə, Xram
təxminən 100 km-ə qədər bir məsafəni qət
edib, Borçalı mahalının Kolagir kəndinin taxtalı
körpüsündən axıb, Arıxlı düzənliyinə
istiqamət götürür. Çayın suyundan bu
ərazidə su çiləyici nasosların işə salınması
nəticəsində qismən də olsa, kənd təsərrüfatı
sahələrində istifadə olunur.
Xram çayının təsərrüfat
fəaliyyətinin aşağı olmasına baxmayaraq, onun
sularından tutulan balıqlar keyfiyyətinə görə
Qafqazda və onun bölgələrində məşhur idi. Bu
balıq növünün adı məşhur "Xramuli"dir.
Xramulinin ovlanması hələ o vaxtlar qanunsuz hesab edilirdi.
Bunun dövlət tərəfindən ovu təşkil olunmamışdır.
"Xramuli" balığının qeyri-qanuni ovlanması
200 ildən artıqdır ki, davam edir. Çox qəribədir
ki, Xram çayının Borçalının düzən
ərazisindən axarkən Kür çayına ucsuz-bucaqsız
sürülər şəklində "Xramuli-Murtsa" balığı
keçir. Lakin bu çayın mənbə his-səsində
olan "Dağ Sarvan-Qaranlıq dərə" dağlıq
massivində isə "qızıl" və ya farel balıq
kimi adlanır. Təbiət doğrudan da möcüzələr
yaradır. Çayın başlanğıcında "Qızıl
balıq", qurtaracağında (mənsəbində) isə
"Xramuli".
Borçalının torpaqları təbii şərait
baxımından çox müxtəlifdir. Belə ki, onun
kənd təsərrüfatının inkişafı
ərazidən axan çayların, əkinə yararlı
torpaq sahələrinin və meşə sərvətlərinin
zənginliyindən çox asılıdır. Borçalıda
qarlı günlərin sayı cəmisi 5-6, bəzi
illərdə 10-a çatır. Qədimdən Borçalının
dağlıq və sıldırım qayalıq
hissələrində qeyri-müsəlman xalqları, düzənlik
ərazilərdə isə bir qayda olaraq Azərbaycan türkləri
yaşayıb yaradırlar. Loru düzənliyindən başlayaraq
Ağkörpü, Şüləver, Bolnis-kənd və
Xatis-sopelidən Çatax zavoduna kimi Azərbaycan türkləri
kənd təsərrüfatı ilə məşğul olurlar.
Bu ərazinin torpaqları sarımtıl, bozqır
və bəzi yerlərdə isə qara torpaq tiplərindən
ibarətdir. Əsasən tütünçülük, üzümçülük-bağçılıqla
məşğul olurlar. Yüksək dağlıq Somxeti qırışıqları
Şərq küləklərinin qarşısını
kəsərək, birbaşa Loru və Zəlyə düzənliyinə
daxil olmağa imkan vermir. Eyni olaraq bu proses Başkeçid
vadisinə də aiddir. Başkeçid vadisi geniş üzümçülük
zolağının keçid mərhələsində olub,
ortaq mövqe tutur. Baş keçid vadisi dedikdə
əsasən Lök dağının şimal ərazisi və
Maşaveri, Çoçiyan çaylarının yuxarı
hissəsinin torpaq sahələri nəzərdə tutulur. Bu
yerlərin torpaqları kənd təsərrüfatına yararlı
olub, çaylar boyunca bataqlıq və bəzi yerlərdə
isə əhəng qarışıqlı ağ rəngə
çalan münbit qatdan ibarətdir. Başkeçid vadisinin
iqlimi mülayim və yumşaq olub, çox sağlamdır.
İnsan orqanizmi üçün əvəzolunmazdır. Axırıncı
iki plato özünün torpaq-iqlim şəraitinə görə
bir-birinin davamıdır. Yəni oxşarlıq hər
ikisində eynidir. Belə ki, Loru çölü Zəlyə
düzənliyinin davamı olub, ikinci plato birincidən özünün
500 fut ortaq mütləq yüksəkliyindən yuxarı olması
və iqlim şəraitinin kəskin sərtliyi ilə
fərqlənir.
Zəlyə düzənliyinin torpaqları iqlim
şəraitinə uyğun olaraq, ərazi üzrə paylanmışdır.
Belə ki, buranın torpağı əsasən vulkanik
tərkibli olub, üst qatı qara torpaqdan iba-rətdir. Bu
torpaqda əsasən təbii yem bitkiləri və mədəni
kartofçuluq inkişaf etmişdir. Son vaxtlar bu torpaqlarda
tərəvəzçilik (kələm) və taxıl
bitkilərinin əkin sahələri də inkişaf etdirilir.
Onu qeyd etmək lazımdır ki, bu bölgələrdə
əkinə yararlı və əkin altında qalan torpaq
sahələri çox azlıq təşkil edib, kənd
əhalisinin isə həyətyanı torpaq sahəsi demək
olar ki, yox dərəcəsində, yəni hər adambaşına
cəmi 0,19 desyatin düşürdü.
Loru çölünün (düzənliyinin)
torpaqları vulkanik tipli olub, kəvd təsərrüfatı
baxımından demək olar ki, yararsızdır. Buranın
torpaqlarından ən qədim dövrlərdən bəri
mal-qara üçün otaracaq, örüşlər və biçənək
kimi istifadə edilir. Son vaxtlar bu çölün çay
yataqlarının yerində və çay ətraflarında meşənin
qırılmış hissələrində sahələr
əkinə yararlaşdırılıb, dənli bitkilər
əkilir. Bu bölgədə Zəlyə bölgəsinə
nisbətən bir sıra dənli bitkilər vaxtında
əkilib becərilir. Buna ərazinin iqlim şəraiti də
yol verir.
Əhalinin və yaşayış
məntəqələrinin milli tərkibinə və
təsərrüfat fəaliyyətinə görə, mahalın
strukturu aşağıdakı qayda üzrədir. Mahalın
ən ucqar şimal-qərbində dağlar arasında
Zəlyə düzənliyi yerləşmişdir. Burada bütün
torpaqlar dövlət tərəfindən idarə olunub, yalnız
şimal-şərq hissəsinin kiçik bir ucqar sahəsi
şəxsi üzvlərə mənsubdur. Bura cəmisi 5
azərbaycanlı ailəsindən ibarət Minasaz-kənd
məntəqəsinin sakinləri daxildir. Bunun ətrafında dövlət
tabeliyində olan dörd Azərbaycan kəndi məskunlaşmışdır.
Düzənliyin qalan hissəsində 22 yunan, 12 erməni, 2 qarışıq
erməni-yunan və 1 qaraçı kəndi formalaşmışdır.
Bundan cənuba daha bir başqa düzənlik uzanır ki, (Qarabulaq)
özündə 17 kəndi birləşdirir. Bunlardan 7-si
mənşəcə gürcü, 3-ü yunan və biri
isə Azərbaycan kəndidir. Bu 11 kəndin 10-u dövlət
tabeçiliyində, biri isə şəxsi mülkiyyətçiliyə
daxildir.
Nəhayət, baş keçid vadisi özünün
mülayim və yumşaq iqlimi ilə fərqlənir və
əkinə yararlı torpağı ilə
nəzər-diqqəti cəlb edir. Burada 66 məntəqə
məskunlaşmışdır. Bu məntəqələrin
hamısı Maşaveri çayının hövzəsinə
daxildir. Kəndlərin 46-da azərbaycanlılar, 3-də ruslar,
3-də ermənilər, 3-də gürcülər, 9-da qarışıq
yunanlar və 1-də almanlar məskunlaşmışlar. Buranın
torpaqlarında əsasən şəxsi mülkiyyətçilikdir,
4-ü isə dövlət tərəfindən idarə olunur.
Ən sıx məskunlaşmış ərazi Debed (Borçalı)
çayının hövzəsidir. Bu hövzədə 87
məntəqə yerləşmişdir. Bu 87
məntəqənin 42-də şəxsi mülkiyyətçilik
41-də dövlətçilik, 5-i isə dağ-mədən
zavodunun tabeliyinə daxildir. Əhalinin milli
mənsubiyyətinə görə 44-də ermənilər,
31-də azərbaycanlılar, 7-də ruslar, 5-də isə
yunanlar yaşayır. Xram çayının
mənbəyində isə 16 məntəqədə onların
11-də erməni, 3-də azərbaycanlı, 1-də gürcü,
1-də isə yunanlar yaşayırlar. Kəndlərin 11-də
şəxsi mülkiyyətçilik, 5-ni isə dövlət
idarə edir. Belə şəxsi mülkiyyətçilik Xram
çayının aşağı axarının düzənlik
ərazilərində hakimdir. Azərbaycan türkləri yaşayan
22 məntəqənin yalnız 4-də dövlət kəndli
mülkiyyətçiliyidir. Daha sonra Alget çayının aşağı
axarında 5 şəxsi mülkiyyətçilik formalı
məntəqələr vardır ki, əhalisinin milli
tərkibini Azərbaycan türkləri təşkil edir.
Nəhayət, Kür çayının sağ sahili zonasında
6 məntəqə məskunlaşmışdır ki, hamısında
Azərbaycan türkləri yaşayır və şəxsi mülkiyyətçilik
formasıdır. Maraqlıdır ki, Bu ərazilərdə yaşayan
əhalinin 3/2 hissəsi qeyri-Azərbaycan türkləri olub
95%-i dağlıq ərazidə, maldarlıq üçün
və kənd təsərrüfatı üçün
əlverişli və yaralı dərələrdə
pərakəndə şəkildə məskunlaşmışlar.
Azərbaycan türkləri isə bir qayda olaraq, bol suyu, münbit
əkinə yararlı torpaq sahələri olan düzənlik
sahələrdə məskunlaşmışdır.
Borçalı mahalı özünün
istər əhalisinin sosial təminatına və istərsə
də torpağın məhsuldarlığına görə
Tiflis quberniyasında ən qabaqcıl yerlərdən birini
tutur. Sürətlə artan əhali getdikcə əkinə
yaralı torpaq sahələrində məskunlaşaraq əkin
altında olan torpaqların sahəsini azaltmış olur. Əhali
artdıqca yaşayış məntəqələri də artır.
Bu da özlüyündə kənd təsərrüfatına
yararlı torpaqların bir hissəsini əkin dövriyyəsindən
çıxarır. Mahalın bu üstünlüklərini
dərk edən erməni, yunan, gürcü, rus, alman və s.
az saylı xalqlar tədricən Borçalıya gəlib torpaq
icarəyə götürüb və ya torpaqları nəqd
pulla varlı sahibkalardan alıb, özlərinə sığınacaq
düzəldirdilər. Qeyri-millətdən olan imkanlı
və varlı adamlar özlərinin uzaqgörənliyindən
istifadə edib Borçalı mahalının münbit torpaqlarından
icarəyə götürmüş, bir müddətdən
sonra isə həmin torpaq sahələrinə sahib olmuşlar.
Bunlardan knyaz Orbelianini, general Qabulovların, Məlikovları
və Baratovları göstərmək olar.
Borçalı mahalında Azərbaycan türkləri
tədricən qonşu xalqların əmək
fəaliyyətinə nəzər salıb, ruslardan
kələm, kartof becərməyi, alman koloniyalarından
ikitəkərli, sonradan isə dördtəkərli
fayton-arabalardan istifadə üsulunu, molokanlardan arı saxlanılmasını,
İsveçrə pendirinin hazırlanmasını və s.
məhsulların istehsalını öyrənmişlər.
İsveçrə pendiri əsasən Başkeçid
kəndində, Borçalı rayonunun Qullar kəndində
alman koloniyası tərəfindən istehsal edilib inkişaf
etdirilirdi. Dağlıq Zəlyə, Başkeçid bölgələrində
və Ahılkələk regionunun Borçalıya aid bölgələrində
kələm, kartof, yaz-yay aylarında isə bal istehsalı,
heyvavdarlıqda isə pendir və şor hazırlanması
ilə məşğul olurdular.
Ümumiyyətlə, Azərbaycan türklərinin
ən qədim təsərrüfat sahələri heyvandarlıq,
əkinçilik olmuşdur. XX əsrin 50-ci illərindən başlayaraq,
Borçalı mahalının bütün suvarılan torpaqlarında
intensiv olaraq bağçılıq, üzümçülük,
tərəvəzçilik, yemçilik (mal-qara
üçün yem bazası), bunların müqabilində
isə güclü quşçuluq, tövlə şəraitində
iribuynuzlu mal-qara, əsasən südlük-ətlik
istiqamətli və qismən donuzçuluq inkişaf
etdirilməyə başladı.
Mənbə: ©
Məmməd Sarvan, Musa Nəbioğlu, 2003
|