|
Nəqliyyat mənzil (ev) kimi həyatın ən vacib və
zəruri hissəsidir. Onsuz yaşayış, geniş mənada fəaliyyət göstərmək
qeyri-mümkündür. Çünki əlaqə, səyahət, gəzinti, yük daşınması,
müharibə dövründə isə əvəzsiz fəaliyyət göstərən, bir sıra
məqsədlərə yetmək vasitəsi bilavasitə nəqliyyat ilə bağlı olub başa
çatdırılır. Geniş mənada nəqliyyat kəndi şəhər ilə, yaşayış
mərkəzini kənd təsərrüfatının fəaliy-yət dairələri ilə, istehsal
dairələrini bir-birilə, bir təsərrüfat müəssisəsinə daxil olan ayrı-ayrı
kəndləri, qəsəbələri bir-birinə, yaşayış massivlərini dəmir yolu
stansiyası ilə, şose yolu düyünü ilə, selitab sahəni istehsal
yerləri ilə birləşdirən güclü bir vasitədir. Bu vasitə nə qədər
güclü və təkmildirsə əhalinin məskunlaşması, istehsal və s. o qədər
sürətli və böyük, həyat isə o qədər fəal olur.
Bunları nəzərə alaraq nəqliyyat sahələrini
inkişaf etdirmək üçün ən təxirəsalınmaz məsələ nəqliyyat yollarının
çəkilməsi, onların tənzim edilməsi və qayğısıdır. Borçalı və s.
bölgələrdə bu problemləri tədqiq etmək üçün ulu keçmişimizə nəzər
salıb, əldə olunan materiallardan geniş istifadə edilməlidir.
Qədim dövrlərdən başlayaraq indiyə kimi bir
xalqın digər xalqla mədəni, iqtisadi və siyasi əlaqələrinin idarə
olunmasında və getdikcə inkişaf etdirilməsində əvəzsiz rolu
nəqliyyat vasitələri oynayıb. Bu baxımdan Borçalı mahalı və sair
bölgələrinin əhalisi özünəməxsus nəqliyyat növləri ilə nəzər-diqqəti
cəlb edir.
Borçalının və sair bölgələrin azərbaycan türkləri
yaşayan məntəqələrinin təbii şəraiti və onun coğrafi mövqeyinin
nəqliyyat baxımından müxtəlifliyi və şaquli zonallığı müxtəlif
dövrlərdə müxtəlif nəqliyyat vasitələrinin yaranmasına səbəb
olmuşdur. Keçmişdə dağlıq məntəqələrdə yeganə nəqliyyat vasitəsi
kimi eşşək (uzunqulaq), öküz, qismən isə atlardan, XVIII əsrin
axırlarından isə əvvəlcə iki təkərli arabalardan, sonra isə dörd
təkərli arabalardan geniş istifadə olunmuşdur. Borçalının və düzən,
yəni aran məntəqələrində isə əsasən dəvə, qatır, XIX əsrin
axırlarından isə eşşək, at və öküzdən həm mi-nik, həm də qoşqu kimi
istifadə edilmişdir.
Mahalın təbii komponentlərinin (yeraltı və
yerüstü ehtiyatlarının) çoxsaylı olmasına baxmayaraq, nəqliyyatı çox
yararsız və dözülməz bir vəziyyətdə olmuşdur. Mahalın cəmi üç
istiqamətdə baş yolları var idi. Hər üç yol əsasən əhalinin sənaye
və kənd təsərrüfatı yüklərini birbaşa Tiflis şəhərinə çatdırmağa,
Tiflislə Cəlaloğlunu və Şüləver məntəqələrini birləşdirməyə xidmət
edir. Qeyd etdiyimiz kimi, mahalın ən əsas magistral şosse yolu
Cahanbağça-Tiflis-Cəlaloğlu yoludur. İkinci baş yolu isə
Ağstafa-Aleksandropol şosesidir ki, onu yerli əhali öz xərcləri
hesabına açmışdı. Üçüncü baş yol dağlıq Zəlyə bölgəsində Zəlyə-Tiflis
magistralıdır. Qalan məntəqələr arasında olan yollar yalnız torpaq
yollardan ibarət idi, burada isə quraq aylarda yalnız fayton və ya
iki-dörd təkərli arabalardan, yağmurlu havada və qış aylarında isə
at qoşulan minikdən istifadə edirdilər. Mahalda daha başqa yerli
əhəmiyyətli yollar və dağ cığırları da vardı ki, ondan da əhali
yalnız at, eşşək və öküzlərlə xırda yüklərin daşınmasında istifadə
edirdi. Barmaqsız (Zəlyə)-Nərdivan, Barmaqsız-homeret (Qomoret),
Başkeçid-Qara Kilsə, Başkeçid-Qarabulaq və s.
Mahalın Tiflis, Sarvan, Marneul (1886-1887),
Şüləver, Ekaterinenfeld, Başkeçid və s. məntəqələrinə tranzit yol
yalnız Sarvan-Marneul məntəqələrindən keçirdi. Bundan başqa, Tiflis
şəhəri ilə Cəlaloğlu kəndini birləşdirən Şüləver-Çəlaloğlu yolu da
vardır. Bu yolu əsgərlər salmışdılar. Yolun salınmasında üç batalyon
əskər iştirak etmişdi. Bu batalyonlar Cəlaloğlu koloniyasında
cəmləşmişdir. Yol Tiflis-Cəlaloğlu şosse yolundan 60-70 km qısadır.
Şüləver-Loru-Opret-Ağ körpü (Babren körpüsü), Bolnis-çay, Privolni,
Urut-Cəlaloğlu və s. kimi yollardan əhali yalnız havanın quraq
günlərində istifadə edirdi.
Aleksandropol mahalı ilə Tiflis şəhərini
birləşdirən Cahanbağça yolundan başqa ikinci torpaq yolu da vardı.
Lakin bu yoldan da yalnız havanın quraq vaxtlarında istifadə
edilirdi. Vaxtilə Borçalıda məşhurlaşmış əsas işlək yollardan biri
də Aleksandropol mahalı ilə "Gürcü yolu", sonra isə Sızıqlıyer,
Küllübağça, Küllübulaq, Boz Yoxuş, Qaraxaç (Qara-ağac),
Voronsovkadan (Kalinino) keçib Cahanbağça yolu ilə birləşən ikinci
dərəçəli torpaq yoludur. Mahalın ən qısa yolu Zəlyə-Mənkilis-Tiflis
yoludur. Zəlyə-Tiflis yolunun cəmi 20-25 km hissəsi bərk örtüklü,
qalanı isə torpaq örtüklüdür. Ona görə də payız və qış aylarının
yağmurlu və donuşlu günlərində bu yol öz əhə-miyyətini itirərdi.
Borçalı qəzasının yuxarıda adları çəkilən nəqliyyat və əhali üçün
piyada işlək yollarından başqa, qonşu Qazax, Gəncə mahallarına,
Sıqnağ, Saqareço, Loqodex, Karel, Kaspi və Muxran kimi yaşayış
məntəqələri ilə poçt-rabitə əlaqələri saxlanılmasında istifadə
olunan ölkə tabeliyindəki: Sarvan-Tiflis-Sığnağ, Bolnis-Sarvan
Sandar-Tiflis-Saqareco-Qaraçöp və ya İori Muğanlı (Yor Muğanlı),
Cəlaloğlu-Başkeçid-Bolnis-Sarvan-Qazax-Gəncə və s. yolları qeyd
etmək olar.
Beləliklə, Borçalı mahalının nəqliyyat yolları
haqqında onu qeyd etmək olar ki, onlar keyfiyyətcə dövrün tələbləri
səviyyəsivdən çox-çox aşağı idi. Borçalının istər dağlıq və istərsə
də düzən, aran hissəsindən tez xarab olan ət və ət məhsullarını,
meyvə, tərəvəz və bostan məhsullarını iki və dörd təkərli arabalara
yükləyib bu daşlı-torpaqlı yollarla Tiflis, Borcom, Qori, Kutais,
Mənkilis kimi şəhərlərə aparmaq zəhmətkeş kütlə qarşısında həddən
artıq çətinliklər törədirdi. Belə ki, arabalara vurulmuş məhsulların
təxminən 60-70 faizi xarab olub atılırdı. Bu da kənd bölgələrində
zəhmətkeşlərin daha çox kasıblaşmasına, şəhərlərdə isə bazar və
dükanların piştaxtalarının boş olmasına gətirib çıxarırdı. Bu
sosial-iqtisadi məsələlər Borçalıda nəqliyyat yollarının az və
keyfiyyətsiz olması, bəzi bölgələrdə isə heç olmaması, qəzanın
yalnız sosial-iqtisadi vəziyyətinə yox, eyni zamanda yaşayış
məntəqələrinin abadlığına və böyüməsinə əhalinin ərazi daxilində sıx
və mehriban məskunlaşmasına öz mənfi təsirini göstərmişdir. Bu, heç
də ərazidə yaşayan kəndli kütlələrinin qüvvə və bacarığından irəli
gəlmirdi, sadəçə olaraq Azərbaycan türkləri yaşayan ərazilərə hakim
dairələrin diqqət yetirməməsi ilə bağlı idi. Məlumat üçün qeyd etmək
olar ki, qəzada hansı ərazidə qeyrimüsəlmanlar yaşayırsa, o
ərazilərin yolları bərk örtüklü olurdu.
Əsrin 40-cı illərindən başlayaraq alman
koloniyaları və əsirlərinin gücündən istifadə edərək qəzanın
Marneuli Ağbulaq-Zəlyə və Marneuli-Şüləver-Sadaxlı, 50-ci illərdə
isə Marneuli-Bolnis-Başkeçid məntəqələri arasında I növlü (kateqoriya)
asfalt örtüklü yollar salındı. Respublikanın daxili imkanları və
sərhəd bölgələrinin abadlığı, möhkəmliyi, əhalinin dözümlüyü
baxımından Tbilisi-Marabda-Ağbulaq-Zəlyə-Ahılkələk (175 km) məsafədə
dəmir yol xəttinin və buna paralel asfalt örtüklü şosse yolunun
salınması sürətləndirilib, 1980-cı illərin əvvəllərində istifadəyə
verildi. Ümumiyyətlə, Borçalı qəzasının yolları haqqında bütün
sərəncamları (1924-cü ildən) Gürcüstan Respublikasının Yol-Nəqliyyat
Nazirliyi (1989-cu ilə qədər) verirdi. Kəndlərdə təsərrüfatlar və
müəssisələrarası yolların çəkilişi, onların təmiri isə rayon, kənd
sovetlərinin sədri və kolxoz-sovxoz müdirlərinin göstərişi ilə
həyata keçirilirdi. Lakin son 6-7 ildə bütün respublikada olduğu
kimi, bu mahalın məntəqələrində də yerli prefektlər (icra
hakimiyyətinin sədrləri) tərəfindən yerlərdə nə yeni yollar
salınması, nə də köhnə yolların bərpa və tə'miri sahəsində heç bir
iş görülmür. Bu da köhnə yolların dağılıb sıradan çıxmasına səbəb
olur.
Mənbə: © Məmməd Sarvan, Musa Nəbioğlu, 2003
|