|
Borçalı
- tarixi mahal. Gürcüstanın cənub-şərq və Ermənistanın
şimal-qərbində yerləşən Borçalı mahalının ərazisi, əsasən, dağlıq,
üçdə biri isə düzənlikdir. Borçalıda ən əski çağlardan bəri Türk
boyları yaşamış, bu torpaqların yiyəsi olmuşlar.
Geniş yay və qış otlaqları olan Borçalıda
maldarlıq, taxılçılıq, bostançılıq, bağçılıq, ipəkçilik inkişaf
etmişdir. Türkün gücdən düşdüyünü düşünən yağılar Borçalıya
zaman-zaman hücum çəksələr də Borçalı Azərbaycanın bir hissəsi
olmuşdur. XVIII yüzilin başlarında Borçalı Gəncə bəylərbəyliyinin
tərkibində idi. Bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirqulu
xanın şah elan olunmasına qarşı çıxdığı üçün Nadir şah kimi
tanındıqdan sonra Ziyadoğluları cəzalandırmaqdan ötrü Borçalını Gəncə
bəylərbəylərindən alaraq gürcü Kartli-Kaxeti çarına hədiyyə edib.
XVIII yüzilin ortalarında Azərbaycan xanlıqlara, sultanlıqlara
bölündüyü vaxt Borçalıda da sultanlıq elan olundu. XIX yüzilin
ortalarında Borçalı mahalı qəzaya çevrildi. Azərbaycanda 1918-ci ildə
Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Borçalı Gürcüstanla Azərbaycan
arasında mübahisəli əraziyə çevrildi. Rus-Sovet işğalından sonra da
ədalət bərpa edilmədi və Borçalı Gürcüstana qatıldı. 1929 - cu ildə
qəza ləğv edilərək 3 yerə bölündü: Borçalı, Lüksemburq (Bolnisi),
Başkeçid (Dmanisi).
Borçalı Güney Qafqazda ən qədim insan
məskənlərindən biridir. Bu torpağın ilk sakinləri bizim ulu
dədələrimiz olub. Bu ulu dədələrimizin mübarək ismi bu mübarək
torpağın adında yaşayır. "Borçalı" sözü bir çoxlarının ehtimal
etdikləri kimi "Börüçala" , "Borçala", "Boşçala" kəlmələrindən yox, bu
torpağın ilk sahibləri Barsillər-Boroçoğluları qaparaq türklərin
adından götürülmüşdür. Bu o qarapapaqlardır ki, miladdan öncə bu
torpaqlara həyat gətirmiş, tarixdə oğuz, qıpcaq, tərəkəmə, yöruq
adlarıyla Doğu Anadolunun da ilk sahibləri olaraq tanınmışlar.
Sonralar orta yüzillərdə Malazgirt qəhrəmanı uku öndər Alp Arslanın
komandanlığı ilə bu yerlərə yürüş edən səlcuqlar özləri ilə eyni dildə
danışan yerli xalqa - Borocoğlularıyla qaynayıb qarışsa da, torpaq
əski sahiblərinn şərəfinə öz adını qoruyub saxlamışdır. Bu tarixi
həqiqəti göz önüdə tutmayan və ya qəsdli olaraq tutmaq istəməyən
tarixçilər ağına-bozuna baxmadan bizim bu torpaqlarda məskunlaşma
tariximizi X-XI, ya da XVII yüzildən hesablayırlar. Hələ biz onu
demirik ki, yenə bu torpaqlarda Borocoğlularıyla yan-yana buğa
türklər, bun türklər, gögərlər (gürcülər qoqari, ermənilər quqark
deyirlər) yaşamışlar və bunların hamısı bugünkü Azərbaycan türklərinin
soykökündə (etnokenezində) özlərinə möhkəm yer tutublar.
Borçalı Oğuz türklərinin çox qədimdən məskən
saldığı bir bölgədir. Əsrlər boyu gürcülər və azərilər bu gözəl
diyarda mehriban qonşuluq, dostluq şəritində yaşayıblar. Müxtəlif
ictimayi quruluşlarda Borçalı yadelli işğalçıların, qəsbkar şahların
ardı-arası kəsilməyən hücumlarına məruz qalıb. Zəngin mədəniyyəti,
döyüşkən ruhu olan borçalılar qanlı döyüşlərdə çox vaxt qalib
gəlmiş, məğlub olanda belə torpağı, vətəni qoyub başqa bölgəyə
köçməmişlər. Bu gün Borçalının müxtəlif yerlərində tarixin yaddaşını
qoruyub saxlayan böyük tarixi dəyərə malik olan qalalar mövcuddur.
Arxeoloji araşdırmalar nəticəsində alimlər müəyyən ediblər ki,
Borçalıdakı qalaların bəziləri "Kitabi Dədə-Qorqud" dastanlarındakı
qalalardır. Borçalının coğrafi mövqeyinin əhəmiyyəti bir də onunla
şərtlənir ki, burdan birbaşa Türkiyəyə çıxış yolu- keçid var.
Borçalının ən ucqar dağ rayonu Başkeçiddir. Başkeçid Türkiyəyə kedən
yolun başkeçididir. Tarix boyu bu keçiddən həm osmanlı, həm də azəri
türkləri istifadə edib. Çar hökumətinin təzyiqlərinə məruz qalan,
arxalı erməni quldurlarının aramsız hücumları nəticəsində öz
dədə-baba torpağından məcburi şəkildə çıxarılan qarabağlıların böyük
bir hissəsi də yaxınlığında Türkiyə dövləti yerləşən Borçalıya
köçməyə məcbur olublar. Ona görə də, bu gün Borçalının hər bir
kəndində qarbağlılar nəsli yaşayır. Borçalı həm də
Qarbağdır, Naxçıvandır, Şirvandır, Gəncəbasardır, İrəvan xanlığıdır. Çünki
bu bölgələrin hamısının Borçalıda nümayəndələri yaşayır. Uzun əsrlərin
sınağından həmişə üzüağ, alnıaçıq çıxan borçalılar sovet hakimiyyəti
dağılandan sonra çətin günlərini yaşamağa başladılar. Millətçi
Qamsaxurdiya hakimiyyəti yarım milyondan çox azərbaycanlıları kompakt
şəkildə yaşadıqları dədə-baba torpağından məcburi qaydada çıxarmağa
başladı. Təbii fəlakətdən zərər çəkən svanları kütləvi
şəkildə həmin bölgəyə köçürdülər. Onlar üçün Borçalının azərbaycanlılar
yaşayan rayonlarında yeni qəsəbələr saldılar, pulsuz ev və torpaq sahəsi
verdilər. Özlərini də avtomatla silahlandıraraq azərilərin üstünə
saldılar. Neçə-neçə soydaşımız svanların hücumuna məruz qalaraq öldürüldü.
Qatillər isə cəzasız qalaraq öz əməllərini davam etdirirdilər.
Daha Borçalıda yaşamağın mümkün olmadığını görən yerli əhali kütləvi
şəkildə Azərbaycana və Rusiyaya köç etdilər. Beləliklə qısa müddət ərzində
on minlərlə azərbaycanlı Borçalını tərk etdi. Bu gün tam qətiyyətlə demək
olar ki, Borçalı azərilərini tam şəkildə deportasiyadan ümummillli
liderimiz Heydər Əliyev xilas etdi. O yenidən hakimiyyətə gələndən sonra
Gürcüstan prezidenti E. Şeverdnadze ilə köhnə dostluğundan istifadə edərək
Azərbaycan və Gürcüstan dövlətləri arasında yeni dostluq münasibətləri
yaratdı və bu əlaqələri sivil müstəviyə keçirdi. Lakin
bu gün üçün Borçalı azərbaycanlılarının problemsiz yaşayışı haqqında
danışmaq mümkün deyil. Kənd təsərrüfatının üstünlük təşkil etdiyi bu
bölgədə soydaşlarımızın torpaq və bir çox problemləri mövcuddur. Bu
səbəbdən də bu günümüzdə Borçalı eli kütləvi şəkildə köç edir. |