Açılış səhifəsi et | Seçilmişlərə əlavə et | Axtarış | Haqqımızda   
Ermənilər Sameqrelo avtonomiyasından danışırlar EKSKLUZİV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev ilə müsahibə EKSKLUZİV
Yeniyetmə istedadların milli musiqi sevgisi EKSKLUZİV
Bizdə əhali ancaq seçkilərdə yada düşür EKSKLUZİV

adınız@borchali.net e-mail və msn


Digər bölgələr

Google
Borchali.Net
WWW

Bannerlərimiz

 

Ana səhifə » Yazılar

[14 Iyul 2013] “İrandakı rejim dağılmağa məhkumdur” - MÜSAHİBƏ

Cavad Abbasi: “İşğal olunmuş Qarabağ hər bir güneylinin qanayan yarasıdır”
Müsahibimiz çox maraqlı tarixçəsi ilə yaddaşımıza həkk olundu. O, Güney Azərbaycanın Salmas bölgəsində dünyaya göz açsa da, bu gün Amerikanın paytaxtında - Vaşinqtonda yaşayır. O, İranda yaşadığı illərdə müəllim kimi fəaliyyət göstərib. Lakin milli fəal olduğu üçün işdən çıxarılıb. Tanınmış idmançı, İranda 1994-ci ildə kong-fu idmanı üzrə birincilik qazanan müsahibimiz  Cavad Abbasidir. 

Onunla söhbətə keşməkeşli keçmişindən deyil, elə bu gündən başladıq. Özü də şəxsi həyatından, iş-gücündən deyil, İran İslam Respublikasının bugünkü reallığından danışdıq. 

- Sizcə, İranda yeni seçilən prezidentin İran-Azərbaycan əlaqələrinə hansı təsiri olacaq?

- İranda həqiqi mənada demokratik seçki keçirilmədi.  Sadəcə, dini rəhbər Xamneinin və Şura Nigəhbanın (keşikçilər şurası) təsdiqlədiyi şəxslər arasında bir “seçki oyunu” sərgiləndi və rejimin istədiyi şəxs taxta oturuldu. Durum belə olunca xalqın da seçmə haqqı əlindən alınır, başqa tərəfdən də, İranda prezident hər kəs olur-olsun ölkənin ümumi siyasətini dini rəhbər Xamnei təyin edir və bütün siyasi, iqtisadi, hərbi imkanlar Xaməneinin qrupunun əlindədir. Sözdə yeni seçilən Həsən Ruhani öncədən hazırlanan bir ssenaridir ki, burada məqsəd çökməkdə olan rejimə nicat vermək, ömrünü uzatmaqdır. 

 Dəyişik yollarla rejim ömrünü uzatmağı bacarırsa da, yenə də bu rejimin gələcəyi sovetlər birliyi kimi olacaq və dağılmağa məhkumdur. Bu gün Misirdə olan hadisələr bir daha isbat etdi ki, ideoloji rejimlərin dəyişməsi mümkün deyil. İranda yenilik və referendum gözləyənlər bu olaylardan nəticə çıxarmalıdırlar. 

Quzey Azərbaycan geopolitik bir coğrafiyada yer alan, Avropaya enerji koridoru və qafqazların giriş qapısı sayılan önəmli bir ölkədir.
Məncə, İran rejimi Azərbaycana qarşı siyasətini sürdürəcək. Çünki fars rasizmi yaxşı bilir ki, vətənimizin Quzey hissəsinin bağımsızlığı və inkişafının Güneydəki Milli Azadlıq Hərəkatımızın güclənməsində böyük rolu var. Ona görə bütün quzeyli, güneyli soydaşlarımız və siyasi partiyalar bilməlidir ki, fars faşizminin çirkin oyunlarını pozmağın tək yolu milli dəyərlərimizi, birliyimizi qorumaqdır. Fars rejiminə qarşı ən güclü ideoloji silah, 1918-ci ildə babamız Məhəmməd Əmin Rəsulzadənin cızdığı və üçrəngli bayrağımızda yansıdığı manifestdir. Bu qutsal prinsiplərə söykənərək yüz ilə yaxın əsarətdə olan xalqı ayağa qaldırmalıyıq. Millət öz milli iradəsini ortaya qoysa fars hegemonluğuna son qoyulacaq və onlar toz kimi yox olub gedəcək.

- İranın hazırkı prezidenti Həsən Ruhani prezident seçkilərində qeyri- fars millətlərin demokratik haqlarının təmin ediləcəyi ilə bağlı vədlər vermişdi. Sizcə, o, bu vədlərinə əməl edə biləcəkmi? 

- İran rejimi zaman -zaman seçkilər ərəfəsində xalq daha çox seçkilərdə iştirak etsin deyə, vədlər verir. Amma təcrübə göstərir ki, seçim bitdiyi andan bütün vədlər unudulur. Bunun ən bariz nümunəsi Məhəmməd Xatəmi və yeni seçilən Həsən Ruhaninin seçimlərdə verdiyi vədələrdir. Həsən Ruhani seçimlər zamanı Təbrizdə çıxış edərkən Urmiya gölü və ana dilində təhsil haqqında vədlər verdi. Amma seçildikdən sonra İranın rəsmi televiziya kanalında İranda bir millətin olduğunu dedi və başqa millətləri kiçik mədəniyyət adlandırdı. Başqa tərəfdən də, İran Ana yasasının 15 və 19-cu maddələrində qeyri-fars millətlərin ana dilində təhsil haqları var. Dolayısı ilə qeyri-fars millətlərin milli haqları tanınmalıdır  və ən başlıcası ana dilində təhsil qanunları icra olunmalıdır. Təbliğata gərək yoxdur, daha doğrusu, hökumətin qeyri-fars millətlərin hüquqlarını rəsmi şəkildə tanımaq niyyəti yoxdur. 

İranın bütün torpaqlarında min illərcə hökm sürüb mədəniyyət yaradan türklər olub. Son yüz ildə, farsların əlinə keçən hakimiyyət fars mərkəzli düşüncəyə dayanaraq tək millət, tək bayraq və tək dil siyasəti ilə idarə olunan irqçi rejimə çevrilib. Ona görə əgər qeyri- fars millətlər öz milli haqlarını əldə etsələr fars mərkəzli düşüncə sistemi tamamilə çökəcəkdir.

- Quzey Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında fikirləriniz maraqlıdır...

- Hər bir millətin siyasi istiqlalı xüsusi əhəmiyyət kəsb edir. İstiqlaldan sonra isə ölkənin demokratikləşmə prosesidir. Mən bir güneyli kimi Quzey Azərbaycanımızın 1991-ci ildə öz müstəqilliyini qazanmasından qürur duyuram. Quzey Azərbaycan öz müstəqilliyni ədə edib, demokratikləşdiyi bir zamanda Güney hələ istiqlala doğru addımlar atır. Quzey Azərbaycanda xalq tərəfindən demokratikcəsinə seçilən hər bir prezident sayğı ilə qarşılanmalıdır.

Bizim istəyimiz vətənimizin Quzey hissəsinin daha güclü olması, xalqımızın rifahı və hüzurdur. Hər bir güneylinin qanayan yarası işğal altında olan Qarabağ torpaqlarıdır. Qarabağ azad olunmalıdır. Biz hər zaman Azərbaycan dövlətçiliyinin yanında olmalıyıq . Mənə görə, bu gün hər bir dəyişiklik dinc və demokratik yollarla olmalıdır. Əslində bu gün dünyada keçirilən seçimlər demokratiya sınağıdır.
Hakimiyyətlər gəlib gedər, dəyişər, dəyişməyən və əbədi olan isə xalqdır, vətəndir. Azərbaycan kimi doğal zənginliklərə və qocaman tarixə malik olan bir xalq daha güclü olmağa və rifahda yaşamağa layiqdir. Hər bir vətən övladı, istər iqtidar, istər müxalifətdə olsun, dövlətçiliyin və istiqlaliyyətin qorunmasını şəxsi maraqlarından daha üstün tutmalıdır. Hamımızın ən böyük arzumuz gəlişmiş, demokratik, insan haqlarına sayğılı və qanunların üstün olduğu bir modern Azərbaycanda xoşbəxt yaşamaqdır. Hansı partiyada, siyasi, iqtisadi tənqid yerinə yaltaqlıq, milli mənafe yerinə, şəxsi mənafelər qorunursa, o partiyanın xalqın dəstəyini qazanması imkansızdır.

- Bir güneyli siyasi fəal olaraq Quzey Azərbaycanın gələcəyini necə görürsünüz?  

- Ən başda bu anlayışla yola çıxmalarını istəyirəm ki, 50 milyonluq millətimizin çoxu fars faşizminin asimilyasiyası altındadır. Bu isə türk xalqlarının mədəni soyqırımı deməkdir. Bütöv Azərbaycanın böyük hissəsi olaraq yaxında seçiləcək iqtidardan, eləcə də, bütün quruluşlardan güney hərəkatına dəstək olmalarını istəyirik . Bu əsr əsarətdə olan xalqların qurtuluş əsridir. Bölgə və dünyadakı dəyişikliklər bizi gözləməyəcək, var olan diaspora təşkilatları vasitəsilə güneydə xalqımıza qarşı haqsızlıqları dünya ictimaiyyətinə çatdırmaq, dünya normalarına dayanaraq güneydə aparılan milli mədəni mübarizədə olan qrupları bir araya gətirmək, dünyanın aparıcı gücləri, o cümlədən ABŞ və Avropa ölkələri parlamentlərində gündəmə gətirilməsi böyük önəm daşımaqdadır.

Əgər bu gün Quzey İraqda yaranan kürd mini dövləti Türkiyə, İran və Suriyada yaşayan kürdlərin haqlarını açıq şəkildə müdafiə edə bilirsə, əgər Ermənistan zəif iqtisadiyyatı ilə Suriyada və dünyada yaşayan erməniləri dəstəkləyə bilirsə, onları Qarabağda, işğal altındakı topraqlarda yerləşdirə bilirsə, əgər İran, Tacikistan , Əfqanıstan və Hindistanda fars mədəniyyətini yayırsa, bütün bunlar bizim məsuliyyətimizi artırmalı və düşündürməlidir.

Mən ümid edirəm ki Azərbaycan hökuməti daim dünya azərbaycanlıları ilə bağlı öz milli, tarixi məsuliyyətinin fərqində olacaq. 

- Sizcə, Güney Azərbaycanın milli təşkilat və partiyalarının fəaliyyət istiqamətləri nə qədər üst -üstə düşür? Bunlar vahid bir hədəfi təqib edə  bilirmi?

- Çağdaş dönəmdə Güney Azərbaycan başda olmaqla, İran daxilində yaşayan türklər arasında milli şüur getdikcə güclənib və formalaşmaqdadır. Bu proses millətin bütün təbəqələrini əhatə edir. Quzeydə sovetlər dağıldıqdan sonra Güneydə daha da güclənən Milli Azadlıq Hərəkatı,1979 -cu ildə Ayətullah Şəriət Mədari tərəfindən yaradılmış Xalq Müsəlman Hərəkatı və Quzey Azərbaycanın 1991-ci illərdə böyük bir imperiyadan qoparaq müstəqilliyini qazanması o taylı- bu taylı soydaşlarımızın mübarizə ruhunu daha da gücləndirdi.
Güney hərəkatında çeşidli quruluşlar var. Mənə görə, bu qurumların çoxunun hədəfi və təməl strategiyası Güney Azərbaycanın istiqlaliyyətidir. Bütün partiyaların istəkləri millətimizin milli haqlarının alınması olsa da, nə yazıq ki, birlikdə fəaliyyəti hiss olunmur. İş birliklərini əngəlləyən başlıca səbəblərdən biri şəxsiyyətə pərəstiş, şəxsi və partiya maraqlarını milli mənafedən üstün tutan qüvvələrdir ki, yersiz siyasi rəqabətlərlə enerjilərimizi hədərə verir. 

Güneydə davam etməkdə olan Milli Hərəkat hər bir partiyanın nəzarəti və nüfuzu altında deyil, amma burda da parçalanma, bəzən ayrılmalar baş verir.

İçəridə böyük gücə sahib olan hərəkatımız ən mədəni yollarla fars mərkəzli düşüncə ilə üz -üzə mücadilə etməkdədir. Ölkədən kənarda fəaliyyət göstərən qurumların və fəalların daxildəkilərlə birlikdə ortaq mövqedən çıxış etmələri üçün milli birliyə ehtiyac var.
Hərəkatımız həm İran hakimiyyəti, həm də onun ölkə xaricində yaşayan qüvvələrlə mübarizə aparmaqdadır. Ona görə bu günkü dağınıqlıq məqsədəuyğun deyil. Bütün gücləri milli mənfəətlər və prinsiplər üzərində  bir araya gətirməliyik. Bu barədə bir çox səmimi millətçilərimiz fəaliyyət göstərməkdədir. Dünyada liderlik anlayışı dəyişib. Ona görə el birliyi və əl birliyi ilə hərəkatımızın aktiv kəsimi olan gənclərimizə inanmalıyıq. Hesab edirəm ki, bir çox problemləri aşmağı bacaran və molla rejimi ilə mübarizə edən Milli Azadlıq Hərəkatımız birləşməyi də bacaracaq.

Teleqraf.com



Son yazılar
[14.07.2013] “İrandakı rejim dağılmağa məhkumdur” - MÜSAHİBƏ
[08.09.2012] Qarabağ müharibəsində qəhrəman Gəncə taboru terrorçu erməni “Arabo” taborunu darmadağın etdi
[03.09.2012] Türk birliyi ideyasının gerçəkləşməsi Qarabağ məsələsində Azərbaycana böyük dəstək olacaq
[21.08.2012] Beynəlxalq ictimaiyyət arasında getdikcə “məzlum erməni mifi” dağılmaqdadır
[07.08.2012] İndi heç bir ölkə ermənilərin hiylələrinə asanlıqla düşmür
[18.05.2012] Biz gələcəyik!...
[24.04.2012] Dünyadan uzaqda kök salan şair
[26.02.2012] Amerikadan gələn qonaq
[26.02.2012] Gürcüstan Türklərində Milli Kimlik Sorunu
[12.12.2011] Cəld, tələskən və emosional Azərbaycan yazıçısı
[30.08.2011] Qəlbi Vətən boyda olan şair
[20.07.2011] Zəlimxan Yaqub: “Saz mənim dilimin duası, saz mənim bütün varlığım.”
[25.05.2011] Borçalı Vətəndir, Vətənlə oynamaq olmaz!
[01.05.2011] Türkiyə azərbaycanlılarının I qurultayı xalqımızın əsl diasporunun, güclü lobbisinin yaranmasına təkan verəcək
[26.04.2011] Türkiyəli tarixçilərinin Səfəvi padşahı Şah İsmayil Xətai belə yanaşmalarının elmi əsası varmı?
Ən çox oxunanlar